Əlaqə Arxiv
news Image
2012.04.06
11:39
| A A A
Azərbaycan beynəlxalq təhlükəsizlik sistemində önəmli rol oynayır
“Hazırda Azərbaycan və ABŞ diplomatları BMT TŞ-də dünyada təhlükəsizliyi qorumaq üçün birgə çalışırlar"

Aprelin 5-də ABŞ səfirliyi Birləşmiş Ştatlar və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibəti ilə tədbir keçirib. Azərbaycan tərəfindən yubiley tədbirində xarici işlər nazirinin müavini Hafiz Paşayev iştirak edib. Tədbirə həmçinin iki ölkə arasında münasibətlərin inkişafında xüsusi rolu olan 10 ABŞ senatoru qatılıb.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq çıxış edərək, münasibətlərin 20 il ərzindəki inkişafından danışıb. O qeyd edib ki, Azərbaycan-Amerika əlaqələri təhlükəsizlik, enerji, eləcə də demokratik və iqtisadi islahatlara əsaslanır.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təhlükəsizlik sistemində və terrorizmlə mübarizədə önəmli rol oynayır: "Azərbaycan və Amerika əsgərləri Kosovo, İraq və Əfqanıstanda çiyin-çiyinə xidmət ediblər. Azərbaycan həmçinin Əfqanıstanda NATO əməliyyatlarının dəstəklənməsi üçün önəmli nəqliyyat marşrutudur. Hazırda Azərbaycan və ABŞ diplomatları BMT TŞ-də dünyada təhlükəsizliyi qorumaq üçün birgə çalışırlar".

Azərbaycanın təhlükəsizlik məsələsinə toxunaraq o əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır və ABŞ da bu siyasətə sadiqliyini qorumaqdadır. "ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi danışıqlar yolu ilə uzun müddətli nizamlanmaya nail olmaq üçün tərəflərlə sıx əməkdaşlığı davam etdirir", - Adam Sterlinq deyib.

Sizin Reklam Yeriniz