Əlaqə Arxiv
news Image
2012.06.22
12:10
| A A A
“Belə getsə, narkoman məmur övladlarının adlarını açıqlayacağam”
"Narkotik Əfqanıstanda emal olunub İran-Azərbaycan marşrutu ilə yayılır"

"Təəssüflər olsun ki, bir çox hallarda bizim gənclərimiz narkotikdən istifadəyə bir məşğuliyyət kimi baxırlar". APA-nın məlumatına görə, bunu narkomaniyanın fəsadları və onunla mübarizəyə həsr olunmuş "Həyatla oyun" tamaşasının nümayişində baş nazirin müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib.

İmkanlı ailələrin uşaqlarının daha çox narkomanlığa meyl etdiyini deyən Komissiya sədrinin sözlərinə görə, onlar çox vaxt bu xəstəliyə bilmədən düçar olurlar: "Bəzən imkanlı ailələrin uşaqları hər şeylə məşğul olur. Fikirləşirlər ki, narkotikdən istifadə etməyib, görsün, edəndə nə olacaq? Məqsədi narkoman olmaq deyil. Amma bu yolla çevrilirlər. Bu xəstəliyə düçar olanlar da əsasən də imkanlıların uşaqlarıdır. Çünki imkansızların narkotiki almağa vəsaiti yoxdur".

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının da təşkilatçısı olduğu tamaşaya bəzi dövlət məmurlarının dəvət olunmalarına baxmayaraq, qatılmadıqlarını, - deyən Ə. Həsənov onlara sərt mesaj ünvanlayıb: "Dəvət olunan məmurlar gəlməyiblər, özləri bilərlər. Belə etsələr, bir gün başlayacağam onların övladları haqqında danışmağa, onda ayılarlar. Bir dəfə demişdim, mətbuat 6 ay məndən yazdı ki, nə vaxt onların adlarını açıqlayacağam. Belə getsə, açıqlamalı olacağam".

Əli Həsənov  narkotikin Əfqanıstanda emal olunub İran-Azərbaycan marşrutu ilə yayıldığını, nəticədə gənclərin və yeniyetmələrin, xüsusən də imkanlı ailələrdəki uşaqların narkotiklərə meylini təəssüflə qeyd edib. Bildirib ki, narkotik ilə təkcə dövlət qurumları yox, həm də ictimaiyyət, KİV, din xadimləri mübarizə aparmalıdırlar.

Gənclər və idman naziri Azad Rəhimov, onun müavini İntiqam Babayev iştirak ediblər.

Sonra Bakı Uşaq Teatrının ifasında Arzu Soltanın qələmə aldığı və İntiqam Soltanın quruluş verdiyi "Həyatla oyun" tamaşası göstərilib. Səhnə əsəri real həyat hadisələri əsasında hazırlanıb və narkotikə aludəçiliyin fəsadlarını göstərir.

Sizin Reklam Yeriniz