news Image
2014.05.01
17:50
| A A A
TQDK-dan 4000 abituriyentə imtahan qadağası

"Ötən il Azərbaycanda ali və orta ixtisas məktəblərinə 100 683 nəfər abituriyent sənəd verib. Bu il isə ilkin statistik məlumatlara əsasən, ali və orta ixtisas təhsili müəssisələrində təhsil almaq üçün 97 321 nəfər sənəd verib. Sənəd verənlərin 88 559-u Azərbaycan, 8762-si isə rus bölməsinin məzunudur. Sənəd verən 97 321 nəfərin 35 562 nəfəri I, 23 475 nəfəri II, 26 167 nəfəri III, 12 117 nəfəri isə IV ixtisas qrupuna sənəd verib".

Movqe.az xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verən və ərizəni təsdiq etdirmək hüququ olan təxminən 200 abituriyent ərizəsini təsdiq etdirməyib. M.Abbaszadə əlavə edib ki, bu il Azərbaycanda 4000 nəfərə yaxın abituriyent ali və orta ixtisas məktəblərinə qəbul üçün sənəd versə də, elektron ərizələrini təsdiq edə bilmədiklərindən, qəbul imtahanlarında iştirak edə bilməyəcək: "Həmin abituriyentlərin çoxu əvvəlki illərin məzunlarıdır və əksəriyyəti oğlanlardır. Ali və orta ixtisas məktəbinə sənəd vermək istəyən oğlan abituriyentlər ya həqiqi hərbi xidmətdən hüququ almalı, ya da hərbi xidmət çəkməlidirlər. Biz belə hesab edirik ki, onlar hərbi xidmətə görə sənədlərini təsdiq etdirə bilməyiblər".