Əlaqə Arxiv
news Image
2014.05.04
00:13
| A A A
Bakıda Dünya Kuboku start götürdü (FOTO)
Bu gün saat 16:00-da Bakıda, Dövlət Bayrağı Meydanı yaxınlığında İdman Dırmanması üzrə Dünya Kuboku yarışının açılış mərasimi keçirilib. 

Movqe.az xəbər verir ki, yarışın açılışında Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) prezidenti Hüseyn Bağırov Azərbaycanda idman dırmanması üzrə keçirilən bu beynəlxalq tədbir münasibətilə bütün iştirakçıları təbrik edib və yarışa qatılanlara uğurlar arzulayıb. O qeyd edib ki, Azərbaycanda İdman Dırmanması üzrə Dünya Kuboku yarışının növbəti dəfə Bakıda keçirilməsi ölkəmizin idman şöhrətindən xəbər verir və ölkə idmanı tarixində önəmli hadisədir.

Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) nümayəndəsi Qremi Alderson isə çıxışında Azərbaycanda bu beynəlxalq yarışın keçirilməsi üçün yaradılan şəraitdən razı qaldığını və yarışa hazırlıq səviyyəsinin beynəlxalq standartlara tam cavab verdiyini deyərək, Azərbaycanın Gənclər və İdman Nazirliyinə və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasına minnətdarlığını bildirib. Qonaq həmçinin gələcəkdə bu idman növünün Azərbaycan gəncləri arasında daha da populyar olacağına inandığını vurğulayıb.

Açılış mərasimindən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və mərasim bədii hissə ilə davam etdirlib. Daha sonra tədbir qadın atletlərin boulderinq idman növü üzrə təsnifat yarışı ilə davam edib.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı yaxınlığında açıq havada quraşdırılmış dırmanma divarlarında baş tutan yarış növbəti gün kişi və qadın atletlərin çətinlik və sürət üzrə yarımfinal və final mərhələləri ilə davam edəcək.

Xatırladaq ki, dünyanın 22 ölkəsindən (Amerika Birləşmiş Ştatları, Kanada, Rusiya, Yaponiya, Çin, Avstraliya, Almaniya, İtaliya, Norveç, İspaniya, İngiltərə, Niderland, Avstriya, Polşa, Çexiya, Türkiyə, İran, Gürcüstan və s.) 150-yə yaxın idmançının iştirak etdiyi beynəlxalq yarışda ölkəmizi FAİREX-dən olan 6 oğlan və 4 qız olmaqla 10 idmançı təmsil edir.











Sizin Reklam Yeriniz