Yol polisi müraciət etdi
Azərbaycanda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat
hadisələrinin qarşısının alınması, hərəkət iştirakçıları, xüsusilə
də piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədi ilə
Daxili İşlər Nazirliyinin müvafiq əmrinə uyğun olaraq mayın 5-dən
"Piyadalar, diqqətli olun!" şərti adı altında hərəkətin
təhlükəsizliyi həftəliyinə start verilib. Bu barədə Movqe.az-a DİN
Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. keçiriləcək.
Məlumata görə, mayın 11-dək respublika ərazisində xidməti
ərazilərdə piyadaların vurulması ilə nəticələn yol nəqliyyat
hadisələrinin səbəbləri araşdırılaraq konkret profilaktiki
tədbirlərin görülməsi, piyadaların yol hərəkəti qaydalarının
pozmasının qarşısı almaq məqsədi ilə müntəzəm reydlərin keçirilməsi
və bu istiqamətdə KİV-də təbliğatı daha da gücləndirmək, həmçinin
təhsil müəssisələrində və əmək kollektivlərində maarifləndirici
görüşlərin keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi
İdarəsi bütün hərəkət iştirakçılarını, xüsusilə də piyadaları
həftəlik ərzində nümunəvi davranışla çıxış etməyə çağırır. Qeyd
edək ki, statistik məlumatlara əsasən bu ilin 3 ayı ərzində
respublikada piyadaların vurulması ilə bağlı qeydə alınmış
hadisələr ümumilikdə ölkədə baş verən yol-nəqliyyat hadisələrinin
42 faizini, Bakı şəhərində isə 52 faizini təşkil edir. Təhlillər
göstərir ki, əksər hallarda belə hadisələrin baş verməsində
sürücülərlə yanaşı, piyadaların da müəyyən təqsiri var.