news Image
2014.05.06
22:07
| A A A
ANAMA su altında mina axtarışını və zərərsizləşdirilməsini həyata keçirən xüsusi qrup yaradır

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) nəzdində su altında mina və partlamamış hərbi sursatların axtarışını və zərərsizləşdirilməsini həyata keçirən xüsusi qrupun yaradılması nəzərdə tutulur.


Bu barədə APA-ya ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov məlumat verib.

 

A. Aslanovun sözlərinə görə, Azərbaycanda su hövzələrində, göl və kanallarda suyun dibində mütəmadi olaraq mina və PHS-lərə rast gəlinir. Bu problem özünü cəbhə xəttindən uzaqda yerləşən ərazilərdə də göstərir: "Məsələn, Lənkəranda vaxtilə tank taborunun ərazisində yerləşən sursat anbarı dənizin səviyyəsinin qalxması nəticəsində su altında qalıb. Həmin ərazidə dənizin dibində uzun illərdi qaldığı üçün korroziya olunmuş və təhlükəli minalar var. İndiki halda onların təmizlənməsi üçün xüsusi qrupun yaradılması və sualtı əməliyyatlar üçün avadanlıqların alınması lazımdır".  

 

ANAMA nümayəndəsi İraq, Küveyt və digər ölkələrin də sualtı minatəmizləmə əməliyyatları ilə maraqlandığını bildirib.

 

Onun sözlərinə görə, ANAMA tərəfindən yaxın perspektivdə sualtı əməliyyat qrupunun yaradılması gündəmdədir.