news Image
2014.05.07
16:22
| A A A
Hərbi məktəblərə keçid balları sirr saxlanılır
Elnur Nağızadə: "Hərbi məktəblərə keçid balları açıqlanmır"

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bir neçə gün öncə bildirib ki, bu ildən etibarən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (AAHM) və Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul zamanı göstəricilərin yüksək olmasına xüsusi diqqət yetiriləcək: "Biz istəyirik bu gün məcburi köçkün gənclər hərbi məktəblərdə təhsil alsınlar. Onların biliyi, bacarığı, dil qabiliyyətləri, cəsarəti və iradəsi olsun. Bu il Hərbi Liseyə və ya Ali Hərbi Məktəbə qəbul olacaq məcburi köçkün uşaqların neçə bal toplamasına baxacağıq. Aşağı bal toplayan şəxslərin ora getməsi vacib deyil. Vacib odur ki, ora yüksək bal toplayanlar getsin. Əgər ora 500 bal toplayan getsə, biz onu qəbul edəcəyik. Bəli, onda bilinər ki, o həqiqətən hərbçi olmaq istəyir. Yoxsa aşağı balla ora girən şəxsdən nə hərbçi olacaq?!"

Movqe.az mövzunu araşdırmaq məqsədilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (AAHM) və Cəmşid Naxçıvanski adına Hərbi Liseyə keçid balının nə qədər olduğuu araşdırıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqə saxlayıb. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Movqe.az-a açıqlamasında bildirib ki, hərbi məktəblərə keçid balları açıqlanmır. Movqe.az-ın apardığı kiçik araşdırma zamanı bəlli  olub ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə ötən il qəbul balı 200 bal olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində isə minimum keçid balı 150-200 arası olub. Bu il isə hərbi məktəblərə minimum keçid balının artırılması gözlənilir.