news Image
2014.05.07
18:41
| A A A
Naftalanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd olundu

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Respublikamızın hər yerində olduğu kimi Naftalan şəhərində də geniş qeyd olundu. Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri ilə yanaşı şəhər ictimaiyyəti, eləcə də şəhərə istirahət və müalicəyə gələn qonaqlar da iştirak edirdi. Tədbir iştirakçıları öncə dahi öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, ulu öndərin abidəsinin önünə gül-çiçək dəstələri düzmüşlər. Abidəni ziyarət etdikdən sonra iştirakçılar Heydər Əliyev Mərkəzinə gəlmiş və ümummilli lider Heydər Əliyevin Azərbaycanın həyatında müstəsna rolundan danışıldı. Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov qeyd etmişdir ki, "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkənin həyatında həlledici, dramatik rol oynayıb. Bu gün Azərbaycanın əldə etdiyi uğurlar, qurduğu əsaslı beynəlxalq münasibətlər, məhz onun uzaqgörən siyasətinin bəhrəsidir". Sonda məktəblilər arasında "Nəsillərə nümunə olan həyat yolu" mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qaliblərinə Diplom və Fəxri fərmanlar, eləcə də YAP Naftalan şəhər təşkilatına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim olunub.Daha sonra məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş və tədbir konsert proqramı ilə davam edib.