news Image
2014.05.08
14:42
| A A A
Liviya böhranı Azərbaycan neftinə tələbatı artırıb

Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti olan "SOCAR Trading" şirkətinin səmərəli fəaliyyəti "Azeri Light" Azərbaycan neftinin Asiya bölgəsi bazarlarındakı mövqeyini nəzərəçarpacaq dərəcədə möhkəmləndirib.


"APA-Economics"in məlumatına görə, bu barədə "SOCAR Trading" üçün "Wood Mackenzie" beynəlxalq konsaltinq şirkətinin "Azeri Light" neftinin 6 illik qiymət dinamikası ilə əlaqədar hazırladığı hesabatda qeyd olunur.

 

Brent markalı neftə nisbətdə "Azeri Light" neftinin qiymətinin yüksəlməsinə müsbət təsir edən xarici amillər arasında konsaltinq şirkətinin ekspertləri hər şeydən əvvəl o faktı qeyd edirlər ki, xarici neft emalı müəssisələri keyfiyyətli xammala üstünlük veriblər. Çünki bu neftin emalı zamanı orta hesabla çoxlu sayda distillə fraksiyası əldə olunur, ona görə də, bu xam neftə olan tələbat artıb.

 

Bundan əlavə, qiymət artımına təsir edən mühüm xarici faktorlar arasında Liviya böhranı da yer alır, bu böhran nəticəsində dünya üzrə yüngül neftə tələbat artıb. Bundan əlavə, "Wood Mackenzie" şirkətinin mütəxəssisləri "Azeri Light" neftinin qiymətinin artmasına təsir edən daxili amilləri xüsusilə qeyd edirlər. Bu amillərdən ən mühümü kimi, "SOCAR Trading" şirkətinin tədarük prosesini etibarlı şəkildə və birbaşa olaraq vasitəçilərsiz həyata keçirməsi qeyd edilib.

 

"Wood Mackenzie" şirkətinin hesabatında deyilir ki, ümumilikdə, Brent markalı neftin qiymətinə nisbətdə "Azeri Light" neftinin qiymətinin artmasına təsir edən bir sıra faktorlarla yanaşı, həm də "SOCAR Trading" şirkətinin fəaliyyəti də vacib rol oynayıb. Sənəddə qeyd edilir ki, qiymət artımına təsir edən daxili amillərin ("SOCAR Trading" şirkətinin səmərəli fəaliyyəti ilə bağlı olan amillər) payına ümumilikdə 1 barrel üçün əldə edilən 1,75 dollar artımın 1,15 dolları (təxminən 2/3 hissəsi) düşürsə, məhsulun keyfiyyətinin artırılması faktorunun payı cəmisi 0,16 dollardır.

 

"Müvafiq olaraq, gəlirin artmasının əsas səbəbi "SOCAR Trading" tərəfindən neftin etibarlı və birbaşa şəkildə tədarük edilməsidir, eləcə də, Asiya bazarlarına tədarükün çoxaldılması siyasəti bu artıma təsir edib ki, bu da öz növbəsində "Azeri Light" neftinə olan tələbin artmasına gətirib çıxarıb" - hesabatda deyilir.

 

Konsaltinq şirkəti tərəfindən hazırlanan sənəddə həmçinin qiymət yaranmasına təsir edən əsas amillər qeyd olunmaqla, son illər ərzində Brent neft markasının qiymət dinamikası öz əksini tapıb. Nəzərəçarpacaq dəyişikliklər arasında 2008-ci ildən sonra dünya maliyyə böhranının təsiri ilə qiymətlərin bir barrel üçün 130 dollardan 40 dollara qədər kəskin azalmasını qeyd etmək olar. Maliyyə böhranının son illərdə əsaslı şəkildə zəifləməsinə baxmayaraq, neftin qiymətləri 2008-ci ildəki yüksək göstəricini keçə bilməyib və yalnız 2012-ci ildə bir barrel üçün 120 dollardan bir qədər artıq olub. Bundan sonra Brent markasının qiyməti bir barrel üçün 100-110 dollar civarında dəyişib. "Wood Mackenzie" şirkətinin məlumatına əsasən, qiyməti Brent neftinin kotirovkası ilə əlaqədar olan "Azeri Light" neftinin qiymətində də sözügedən dövr ərzində dəyişikliklər müşahidə edilib. Lakin buna baxmayaraq, yuxarıda sadalanan xarici və daxili amillər nəzərə alınmaqla, Brent neft markasının qiymətinə nisbətdə "Azeri Light" neftinin qiymətində orta hesabla bir barrel üçün 1,75 dollar artıma nail olunub.

 

Qeyd edək ki, hesabat "SOCAR Trading" şirkətinin saytında yerləşdirilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs