news Image
2014.05.08
18:24
| A A A
Qafqaz Müsəlmanları İdarəsi süni mayalanmanın əleyhinə bəyanat verdi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin süni mayalanma məsələsinə dair mətbuata verdiyi açıqlama ilə bağlı irad xarakterli bəyanat verib.  QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir: "İslam hüququ (fiqh) və şəriət hökmlərinə görə, kişinin nütfəsinin (spermanın) yalnız onun halal kəbinli arvadının rəhninə tibbi üsulla yerləşdirilməsinə şəriət baxımından icazə verilir. Bu yolla doğulan uşaqlar şəri baxımdan bütün hüquqlara malik olurlar. Qadının yumurtasını ərindən başqa bir donor kişinin nütfəsi ilə birləşdirilərək süni mayalanma yolu ilə qadını hamilə etmək haramdır və bu yolla doğulan uşaqlar haramzadə sayılır, şəriət normalarına görə vərəsəlik hüququndan məhrum olurlar. QMİ olaraq birmənalı şəkildə bunu bəyan edir və nikahdankənar şəxslərin donorluq məsələsinə dair məlumatlar verilərkən QMİ-nin buna guya müsbət rəy verməsi barədə təhrifli fikirlərin yayılmasına etirazımızı bildiririk. Cəmiyyətimizin diqqətinə çatdırırıq ki, dini mərkəz olaraq, bu və digər mühüm məqamlara dair ətraflı fikir və rəylərimizi "Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında" qanun layihəsinin müzakirələri gedərkən Milli Məclisin müvafiq Komitəsinə 2012-ci ilin dekabrında rəsmən  təqdim etmişik. Maraqlananlar həmin məktubun mətni ilə QMİ-nin rəsmi vebsaytında (qafqazislam.com) tanış ola bilərlər. Qeyd edilən açıqlamada göstərilir ki, 10 il uşağı olmayanlara dövlət pulsuz süni mayalanma təklif edəcək. Ümid edirik ki, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirən dövlətimiz büdcə hesabına süni mayalanma həyata keçirilməsi məsələsində də milli mentalitetimizə, İslamın şəri normalarına zidd hər hansı məqamın reallaşmasına yol verməyəcək. Bir daha bəyan edirik ki, süni mayalanmanın nikahdankənar şəxslərin donorluğu ilə həyata keçirilməsi haramdır. Dindarlar adından ümidvar olduğumuzu bildiririk ki, Milli Məclis belə bir qanunu müzakirəyə çıxarmayacaq və qəbul etməyəcək".