Əlaqə Arxiv
news Image
2014.05.10
14:41
| A A A
Leyla və Arif Yunusların məxfi dosyesi - (Fotofaktlar)
Son vaxtlar mətbuatda ardı-ardına Azərbaycanda Hüquq Müdafiəçisi kimi tanınan şəxslərin məxfi məlumatları yer alır. Mediada yayımlanan həmin materiallarda sözügedən şəxslərin ermənilərlə iş birliyi, bağlantıları, faktlarla öz əksini tapmaqla yanaşı, xalqa və dövlətçiliyə xəyanətkar mövqeləri açıq şəkildə sərgilənir.  Movqe.az virtualaz.org saytında yerləşdirilən həmin məlumatları təqdim edir:

Leyla və Arif Yunusların məxfi dosyesi - (Fotofaktlar)

Eynulla Fətullayev

I hissə

Azərbaycanda indiyə qədər misli görünməmiş casusluq qalmaqalı qızışır. Bu qalmaqalda əksər tanınmış ictimai xadimlərin, hətta siyasətçilərin də adı keçir.

Lakin heç bir şübhə yoxdur ki, yeni "erməni məsələsi"ndə adı hallanan başlıca fiqur həm Azərbaycanda, həm də xaricdə yaxşı tanınan ər-arvad Yunuslardır.

Bu məsələ mənim üçün həmişə anlaşılmaz qalıb: Xalq Cəbhəsinin (bugünkü müxalifət liderləri məhz onun şinelindən çıxıblar) milli-demokratik hakimiyyətinin formalaşdığı illərdə erməni mənşəli adamların yeni hökumətin ən ali və strateji postlarına qədər gedib çıxması necə baş verdi, erməni mənşəli məmurları bu hakimiyyətin yuxarı eşelonuna kim buraxdı?

Bir azərbaycanlının 1992-ci ildə Levon Ter-Petrosyan administrasiyasında informasiya şöbəsinin müdiri postu tutmasını bəlkə kimsə özlüyündə təsəvvür edə bilər? Belə şey mümkündürmü?

Dövlətlərin milli təhlükəsizliyi barədəki nəzəriyyələrə azdan-çoxdan bələd olan istənilən sağlam düşüncəli adamın bu suala reaksiyası belə olar: "Mümkün deyil! Cəfəngiyyatdır!"

Özü də nəzərə almaq lazımdır ki, istənilən müharibənin ən qızğın çağında belə, yəni milli mənsubiyyətə görə seçim etmək cəhdinin nasizmə, faşizmə və ya milli ayrı-seçkiliyə qətiyyən dəxli yoxdur. Burada söhbət hər şeydən əvvəl önləyici tədbirlərdən, daha sadə dillə desək, istənilən dövlət orqanizminin öz immun sistemini qorumaq məqsədilə atdığı profilaktik addımlardan gedir.

Amma təəssüf ki, bizdə başqa hadisələr baş verirdi. Genişmiqyaslı erməni-azərbaycanlı müharibəsi (bu millətlərarası hərbi münaqişənin əsas təşəbbüskarlarından biri olan Robert Köçəryanın səmimi etirafına görə, həmin müharibə ermənilərin azərbaycanlılara milli zəmindəki nifrətindən doğmuşdu) zamanı faktiki olaraq erməni millətindən olan şəxslər - Arif Yunus, Ramiz Yunus və Leyla Yunus millətçi qüvvələrin hakimiyyətində həlledici əhəmiyyətə malik dövlət postlarına sahiblənmişdilər. Bu, absurd deyildimi? Təzad deyildimi? Bu, milli satqınlıq formasındakı paranoya idi...

Gəlin birbaşa əlahəzrət faktlara keçib onlara nəzər salaq.

Arif Yunus: "tam məxfi" qrifli

Arif Yunusun atası 1931-ci ildə anadan olmuş, İsmayıllı rayon sakini Seyfulla Əbdüləhəd oğlu Yunusovdur. Atasını erkən itirən Seyfulla erməni ailəsində böyüyüb boya-başa çatıb və orada tərbiyə alıb. Bu da onun gələcəkdə özünə ömür-gün yoldaşı seçməyinə, kiminlə ailə qurmağına həlledici dərəcədə təsir edib.

Seyfulla Yunusov 1952-ci il, martın 24-də Arşaluys Arsenovna Barseqyan adlı erməni qadınla evlənib.

Beləliklə, Arif Yunusun anası Arşaluys Arsenovna Barseqyan adlı ermənidir. Dağlıq Qarabağın Martuni rayonunun sakini olan bu qadın sonralar Bakının Nərimanov rayonunda, Daş karxanası küçəsi, 772 saylı evdə yaşamışdı.

Buyurun, bu da Arşaluys Barseqyanın fotosu:

Bu isə onun nikah haqqındakı şəhadətnaməsi:

Arif Yunusun yaxın qohumları bu günə qədər də Ermənistanda, Dağlıq Qarabağda və Rusiyada yaşayırlar. Onlar orada Qarabağ savaşı zamanı - 1991-1993-cü illərdə məskunlaşıblar.

Məsələn, Arif Yunusun doğma dayısı Suren Barseqyan ömrünün sonuna qədər erməni işğalındakı Şuşada yaşayıb. Suren Barseqyanın övladları, yəni cənab Arif Yunusun dayısı oğlanları Arsen, Erik, Armen və dayısı qızı, habelə "Surik dayı"nın arvadı Kamella isə hələ də Şuşada yaşayırlar.

Arif Yunusun iki xalası - Nadya Gevorkyan və Siran Barseqyan (əri Qrişa ilə birlikdə) isə bu yaxınlara qədər Rusiyanın Krasnodar diyarında yaşayıblar.

Və... Və ermənilərlə belə yaxın və möhkəm qan qohumluğu bağlarına malik olan (bu qohumluqda Arif Yunusu qınamağa əsas yoxdur, o, bu məsələdə günah sahibi deyil, sadəcə taleyi belə gətirib) bu adam Ermənistanla və dünya erməniləri ilə münaqişəyə cəlb olunmuş bir ölkədə ictimai fəaliyyətə başlayır.

Atası erməni ailəsində böyüyən, anası isə xalis erməni olan bir adam bu müharibədə hansı mövqeyi tuta bilərdi? Bu sual hamı üçün ritorik xarakter daşıyır. Amma bəs mahiyyət nədir?

Mahiyyət odur ki, damarlarında təmiz erməni qanı axan bu adam Əbülfəz Elçibəyin prezidentliyi dövründə, yəni azərbaycanlıların Qarabağ savaşında erməni gülləsindən öldüyü, ermənilərin azərbaycanlı soyqırımı ilə məşğul olduğu, bütöv şəhər və kəndləri dağıdıb viran qoyduğu bir vaxtda Azərbaycan prezidentinin administrasiyasında çox vacib və həlledici bir post tutur! Arif Yunus Azərbaycan prezidentinin administrasiyasında analitik informasiya idarəsinin rəisi təyin edilir!

Arif Yunusun bu postdakı fəaliyyətinin mahiyyəti hələ də sirr pərdəsi altında gizli qalmaqdadır. Yalnız bu məlumdur ki, A.Yunus 1988-ci ildən etibarən həm Ermənistanın o vaxtkı siyasi rəhbərliyinin təmsilçiləri, həm də yenicə formalaşan ümumerməni cəbhəsindən olan adamlarla çoxsaylı görüşlər keçirmişdi. A.Yunus onlarla adətən üçüncü ölkələrin ərazisində görüşürdü. Özü də hətta Azərbaycan Prezident Aparatının baş analitiki və informatoru qismində...

* * *

Düşünmək üçün əlavə məlumat

Azərbaycanın o zamankı rəhbərliyi 1991-ci ildə Dağlıq Qarabağın şimalında "Həlqə" kod adlı yaxşı bir hərbi əməliyyat həyata keçirdi. Azərbaycan hüquq-mühafizə orqanları bu taktiki gediş nəticəsində erməni separatçılarını işğal etdikləri bu ərazilərdən qısa müddətdə vurub çıxarmağa və əraziləri erməni silahlı banditlərindən və gizli ekstremist təşkilatların nümayəndələrindən təmizləməyə nail oldular.

Bu əməliyyat həyata keçiriləndən dərhal sonra Azərbaycan müxalifətinin liberal-demokrat qanadı, o cümlədən Leyla Yunus, Arif Yunus, Hikmət Hacızadə Azərbaycana qarşı misli görünməmiş bir təbliğat-təşviqat kampaniyasına başladı. Bu adamlar haray-həşir salmışdılar ki, Azərbaycan guya Qarabağın şimalındakı yerli ermənilərin buradan deportasiya olunması üçün məqsədyönlü etnik təmizləmə siyasəti yürüdür.

Bu adamlar Baltikyanı ölkələrin birində keçirilmiş mətbuat konfransında postsovet məkanının liberal dairələrinin diqqətini "ermənilərin məskunlaşdığı ərazilərdəki etnik təmizləmə"yə cəlb etmək üçün əllərindən gələni elədilər.

Siz bunun nə demək olduğunu təsəvvür edirsinizmi? Zamanın saraltdığı qəzetləri vərəqləyin. Hər şeyi özünüz görəcəksiniz. Həm də söhbət axı çox yaxın tarixdən gedir!

Çaykənd xüsusi əməliyyatının demək olar ki, elə səhərisi gün Arif Yunus erməni xüsusi xidmət orqanlarının məxfi əməkdaşı Laura Baqdasaryana (bu qadın "Hayastani Anrapetutyun" qəzetinin beynəlxalq icmalçısı adı altında maskalanıb fəaliyyət göstərirdi) "Azərbaycan və sovet qoşunlarının Çaykənddəki vəhşiliklərini sübut edən informasiya" göndərmişdi.

Bəli, bəli, bu, həmin o Laura Baqdasaryan idi ki, ər-arvad Yunuslar az sonra onunla birlikdə "xalq diplomatiyası" layihəsini işə salacaqdı. Söhbət həmin Baqdasaryanın özündən gedir. L.Baqdasaryan isə Yunuslar cütlüyü kimi etibarlı mənbəsinə istinadən "Hayastani Anrapetutyun" qəzetində "dinc erməniləri qırıb-çatan azərbaycanlı faşistləri ifşa etməyə" başladı...

Gizli qüvvələr hələ uzaq 1991-ci ildə "beşinci kolon"u hərəkətə gətirmişdi. Bu kolon isə erməni təbliğatı ilə eyni ələ oynayırdı! Bu qüvvələr birləşdilər və Azərbaycan KQB-sinin xüsusi bölmələrinin və SSRİ-nin xüsusi qoşun birləşmələrinin erməni silahlı bandalarını təmizləmək üçün irəliləməsinin qarşısını birgə səylərlə almağa hər halda nail oldular!!!

* * *

Bu adamların - sonradan Azərbaycanın yeni hakimiyyətində strateji postlar tutmuş Yunuslar ailəsi üzvlərinin xəyanət və satqınlığının miqyasını təsəvvür etmək çətin deyil. "Beşinci kolon"un bu gizli agentlərinin Elçibəy hakimiyyəti dövründəki konkret əməlləri haqda birmənalı mühakimə yürütmək bir qədər çətindir. Amma Arif Yunusun sonrakı fəaliyyəti hər şeyi bütün çılpaqlığı ilə ortaya qoyur.

Arif Yunus 2000-ci ilin oktyabrında dırnaqarası "Dağlıq Qarabağ Respublikası"nın Helsinki Vətəndaş Assambleyasının fəallarından biri Janna Alekseyeva-Krikorova ilə tərəfdaşlığa başlayır. Onlar Bakıda "xalq diplomatiyası" formatı çərçivəsində keçirilən konfransda tanış olmuşdular. Bircə onu əlavə etmək lazımdır ki, Janna Krikorova Qarabağ müharibəsi zamanı hərbi qulluqçu olub, erməni "özünümüdafiə dəstələri"ndə feldşer kimi xidmət edib. Müharibə bitəndən sonra isə o, "DQR" "prezidenti"nin mətbuat xidmətinə rəhbərlik etmişdi.

Arif Yunusla "pasifist və sülhpərvər" J.Krikorova arasında çox maraqlı elektron yazışmalar başlayır. Arif Yunus bu yazışmalar zamanı ona ürəyini tam açır, Qarabağ haqda "inci kimi" sözlər işlədir, "azərbaycanlıların primitivliyi və heç də uzaqgörən olmaması" barədə etiraflar edir. A.Yunusla J.Krikorovanın yazışmasına hələ sonra qayıdarıq.

Hələliksə biz A.Yunusun digər tərəfdaşları barədəki informasiyaları böyük məmnuniyyətlə oxucuların ixtiyarına və mühakiməsinə veririk. Həmin tərəfdaşlar arasında Ermənistan parlamentinin keçmiş əməkdaşı Aleksandr İsgəndəryan, Ermənistan xüsusi xidmət orqanlarının sabiq rəhbəri, Yunuslar ailəsinin əziz-girami dostu David Şahnazaryan, Migen Xaçaturyan, "Daşnaksütyun" partiyasının Qarabağ qanadının fəalları, o cümlədən David İşxanyan və digərləri vardı. Bir sözlə, Arif Yunus Ermənistanda və Dağlıq Qarabağda keçirilən "sülhyaradıcı" konfrans və seminarların həmişə əziz qonağı və iştirakçısı olub.

Ramiz Yunusov: "tam məxfi" qrifli

Arif Yunusun özündən kiçik üç qardaşı var. Onlardan ən çox tanınmışı hazırda ABŞ-da yaşayan Ramiz Yunusovdur. Digər iki qardaşından biri - 1956-cı il təvəllüdlü Yunusov (Barseqyan) Vaqif Seyfulla oğlu Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun keçmiş əməkdaşıdır. Vaqif Yunusov İrina Pavlovna ilə evlidir. Vaqifin iki qızı var - Səbinə (1989-cu il təvəllüdlü) və İradə (1994-cü il təvəllüdlü).

Digər qardaş - Yunusov (Barseqyan) Raqif Seyfulla oğlu 1962-ci ildə anadan olub və Bakıda yaşayır.

Arifdən fərqli olaraq sonradan amerikalıya çevrilmiş Ramiz Yunusov AXC hakimiyyəti dövrünün ən korrupsiyalaşmış məmurlarından biri olub. Hiyləgər, daha açıq desək, məkrli davranıb və sənədləri saxtalaşdırma yolu ilə öz erməni köklərindən azad olub. Onun pasport məlumatlarında anası Barseqyan Arşulyus Arsenovna qələmin yüngülvari hərəkəti ilə Dağıstan sakini, milliyyətcə osetin Asiyat Əsgər qızına çevrilib.

Hələ sovet dövründən Ramiz Yunusov özünə həyatda yol aça bilib. Xırda möhtəkirliklə məşğul olaraq və o vaxt Bakının milis şöbələrində "xarici sabun və şampun" sataraq bacardığı kimi qazanıb.

Yunusov-Barseqyan Ramiz 03.11.1959-cu ildə Bakıda anadan olub. Natalya Borisovna Sibarina ilə evlidir. Onların birgə nikahından iki oğulları - Ruslan (1983-cü il) və Fərman (1991-ci il) dünyaya gəlib.

Ramiz Barseqyan-Yunusov öz karyerasına Dövlət Mineral Ehtiyatlar və Geologiya Komitəsində başlayıb, sonra Yəməndə xidməti ezamiyyətdə olub. Ramiz Yunusov Yəmənə neft mütəxəssisi kimi ezam olunub və SSRİ Geologiya Nazirliyinin xətti ilə işləyib.

Həmin dövrdəki fəaliyyəti ərzində R.Yunusov Qabrielyan adlı birisinin himayəsi altında olub. Əsasən "azərbaycanlıların Sumqayıtdakı vəhşilliklərindən" hiddətlənən və bu millətə nifrətini açıq büruzə verən ermənilərlə ünsiyyətdə olub.

Ayaz Mütəllibovun hakimiyyətinin devrilməsi və Xalq Cəbhəsinin hakimiyyətə gəlişindən sonra Yunusov-Barseqyan Nazirlər Kabinetinin işlər müdiri vəzifəsini tutub. Sonra öz yaxın dostunun - Milli Məclisin sədri İsa Qəmbərin təşəbbüsü ilə ilk baxışdan diqqəti cəlb etməyən vəzifəyə - parlamentin işlər idarəsinin rəhbərliyinə təyin olunub.

Diqqətli teletamaşaçılar yəqin ki, parlamentin salonunda o vaxtlar tez-tez gözə dəyən mafioz görkəmli (nədənsə o, parlamentin iclaslarında günəş eynəyi taxaraq otururdu), arıq sifətli, bahalı kostyumlar və brend ayaqqabılar geyən adamı xatırlayarlar.

Ramiz Barseqyan-Yunusovun özünə inamlı, ağayana davranışı ona cəbhəçilərin hakimiyyət iyerarxiyasında yüksək status verirdi. Boz kardinal İsa Qəmbərə ən çox yaxın olan adam kimi o, korrupsiya piramidasını və qeyri-leqal maliyyə axınlarını idarə edirdi, parlamentin spikerinin şəxsi göstərişlərini yerinə yetirirdi. Nə Yunusovdan əvvəl, nə ondan sonra parlamentin işlər idarəsinin rəhbəri heç vaxt bu cür geniş səlahiyyətlərə və yüksək statusa malik olmayıb.

Beləliklə, Yunusovlar ailəsi 1992-ci ildə iki strateji postu ələ keçirməyə nail olur. Özü də həm icraedici, həm də qanunverici hakimiyyətdə. Və bununla da hakimiyyətin ən informasiyalı mərkəzlərinə birbaşa çıxış əldə edə bilirlər.

Barseqyanlardan biri ölkənin ən ali qurumunun informasiya-analitik təminatı ilə məşğul olub, digəri isə qanunverici orqanın faktiki olaraq boz kardinalına çevrilib.

Göründüyü kimi, Barseqyanlar-Yunusovlar təkcə erməni xüsusi xidmət orqanları ilə deyil, eyni zamanda Rusiya məxfi xidmətləri ilə də sıx əməkdaşlıq edirdilər. Təkcə bir mühüm faktı qeyd edək. 1998-ci ildə Ramiz Yunusov Moskvada Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) nümayəndələri ilə bir neçə görüş keçirib. Rusiya xüsusi xidmət orqanlarının rəhbərliyi ilə R.Yunusov arasında əlaqəni Rusiyanın Ədliyyə Nazirliyinin o vaxtkı aparıcı əməkdaşlarından biri, Azərbaycanda yaxşı tanınan rusiyameylli siyasi xadim İlqar Qasımov yaratmışdı.

Arif, Ramiz və Leyla Yunuslar Moskvada general Qasımova tez-tez qonaq olurdular. Hansı ki, o, 2000-ci illərin ortalarında bu ailənin "sülhməramlı hüquq müdafiə fəaliyyətinə" iri məbləğdə vəsait ayırıb. Bu ailə hətta Misirə istirahətə də Moskvadan keçməklə gedirdi.

2004-cü ildə Azərbaycanda rusiyameylli təşkilat yaratmaq üçün uğursuz səy göstərən İ.Qasımovun bir çox jurnalistlərlə əlaqəsini də Arif Yunus yaratmışdı. Mümkündür ki, buna görə onlar özlərini Moskvada bu qədər sərbəst və imtiyazlı hiss edirdilər.

Düşünmək üçün əlavə məlumat

2002-ci ilin aprelində Arif Yunusun adına "Mostbank-Azərbaycan"da hesab açılıb. Az sonra Leyla Yunusun da adına hesab açılıb. 2012-ci ildə Arif Yunusun hesabına Moskvadakı erməni mənbələrindən o vaxt üçün az olmayan məbləğdə - 11 min 930 min dollar pul köçürülüb. Bu pulların bir hissəsi Karen Ohanyan adlı birisinin hesabından köçürülmüşdü.

Qəribə təsadüfdən məhz həmin dövrdə Leyla və Arif Yunuslar Azərbaycanda "Piyadalar əleyhinə minalara qarşı kampaniya" başladıblar. Bu kampaniya elə vaxtda aparılırdı ki, Ermənistan parlamentindəki gülləborandan və Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına olan ümidlərin həm Azərbaycanda, həm də Ermənistanda ölməsindən sonra Qarabağda hərbi əməliyyatların başlanmasına aparan yeni millətçi və revanşist hisslər baş qaldırmışdı.

Ancaq Yunuslar tərəfindən təsis olunan "Piyadalar əleyhinə minaların qadağan olunması kampaniyası" - Azərbaycanda rəsmi qeydiyyata alınmayan QHT hərbi dövr üçün tamamilə mənasız və ağılsız olan bir aksiya başlayır. Proqramın koordinatoru, yeri gəlmişkən, Fizuli rayonunda anadan olan Səfixanov Hafiz Mərkəz oğlu 2002-ci ilin noyabrında 12 əcnəbi ilə birlikdə cəbhə zonasına yollanır. Özü də hakimiyyətin icazəsi olmadan! Müvafiq yoxlamadan keçmədən! 12 əcnəbi vətəndaşın və mütəxəssisin adlarını açıqlamadan birbaşa Qarabağa soxulmaq!

Kampaniya çərçivəsində bu qrup düşmənlə neytral zonada piyadalar əleyhinə minaların təmizlənməsinə çağırıb. Bəs necə, deməli, Azərbaycanda belə hal da ola bilərmiş! Bəs "repressiv rejimin qurbanlarının" bütün dünyaya car çəkdiyi totalitar-stalinist dövlətin amansız əli hardadır? Axı Stalin dövründə bu cür satqınlığa görə Yunus cütlüyü heç Kolımaya qədər də gedib çata bilməzdi!

Arif və Leyla Yunusların məxfi dosyesi. Şuşanın qəbirqazanları - (II hissə)

Eynulla Fətullayev

Məqalənin birinci hissəsi ilə bu keçid vasitəsilə tanış olmaq olar

Leyla Yunus: "tam məxfi" qrifli

"Onlar bu Elçibəylə necə öpüşürlər?! Onlar sifəti qadın cinsiyyət üzvünə bənzəyən bu adamı necə tərifləyib göylərə qaldırırlar?!" - sosial-demokrat Leyla Yunus Xalq Cəbhəsinin lideri haqda belə deyirdi. Özü də bütün sosial-demokratların qarşısında...

Leyla Yunus 1976-cı ildə SSRİ KQB-sinin sədri Vitali Sergeyeviç Krasilnikova müraciət edərək etiraf və tövbələr edən, daha sonra da yalvarıb aman diləyən gələcək prezidentə əlcək atırdı.

Liberal Leyla Yunus "çərxi-fələyin gərdişindən hakimiyyətin ən yüksək zirvəsinə dırmaşan təsadüfi adam" barədəki sevimli sözlərini bütün sosial-demokratların gözü qarşısında dönə-dönə təkrarlayırdı. Həmin təsadüfi adam isə Yunuslar-Barseqyanlar klanının timsalındakı "beşinci erməni kolon"unun Cəbhə hakimiyyəti dəhlizlərindəki mövqelərini möhkəmləndirməkdə idi.

Bəli, bəli, millətçi Elçibəyə hətta dərin və kor nifrət hissi bəsləməsi belə bu sosdem xanıma öz yoldaşlarından və ictimai demokratiyadan yenidən uzaqlaşmasına və bir vaxtlar - demokratiya uğrunda yalançı mübarizə illərində - üzünə əlcək atdığı adamın "bozqurdçu" hakimiyyətinin kabinetlərinə soxulmasına mane ola bilmədi. Marksizmi rədd edib (marksizmdən öz milli məqsədlərinə çatmaq üçün istifadə etmək daşnakların çoxdankı taktikasıdır) "boz qurd"a sarılıb ona and içən bu militar "demokrat" əyninə hərbi forma geyindi ki, azərbaycanlıların isti ocağına yeni müharibə haqda hər gün təzə xəbərlər çatdırsın.

Bəli, söhbət 1991-ci ildə keçirilmiş "Həlqə" xüsusi əməliyyatı zamanı yaxasını-başını cıran, bütün dünyanın Azərbaycan xüsusi təyinatlılarının Çaykənd və Qarabağdakı "dinc ermənilər" üzərinə müzəffər hücumunu dayandırmağa çağıran həmin o pasifist qadından gedir.

...Zəmanə dəyişmişdi. O dövrün siyasi dəbi hərbi radikallıq tələb edirdi. Sülhsevər Yunusun əvvəlki rolu yeni siyasi şəraitdə heç yerinə düşmürdü. Yunus bu şəraitdə pasifist olaraq qalsaydı, siyasi səhnədə heç kim onu başa düşməz və rədd edərdi.

Beləliklə, erməni Arşalyus Barseqyanın Azərbaycan Müdafiə Nazirliyinin analitik informasiya xidmətinə rəhbərlik edən gəlini (bilmirsən buna güləsən, yoxsa ağlayasan!) Şuşanın "təntənəli" təslimi ərəfəsində - 1992-ci il, mayın 4-də özünə yeni rol biçir. Leyla Yunus özünü Yuri Borisoviç Levitanın rolunda sınayıb nifrət etdiyi Azərbaycan dilinin qol-qabırğasını sındıra-sındıra bütün ölkəyə qaynar cəbhə xəbərlərini çatdırmağa çalışır.

Bu səhnə isə gənc bir qadının Qarabağ meşələrində azərbaycanlı əsgərləri öldürən pulemyot atəşlərinin səsi altında tək-tənha gəzişməsinin fonunda çox sarsaq və mənasız görünürdü...

Yanları açıq qırmızı don geyinmiş 36 yaşlı gənc qadının canlı teleyayımda peyda olmasını göstərən məşhur kadrlar çoxunun yadında qalmış olar. O, Azərbaycan qoşunlarının Mardakertdə necə yerləşməsini hərbi xəritədə göstərirdi. Bu nə idi: qeyri-peşəkarlıq, yoxsa xəyanət? Axı Barseqyanın gəlininin bu addımından cəmi bir neçə saat sonra Azərbaycan hərbi birləşmələrinin mövqeləri güclü atəşə tutuldu, xeyli itki oldu.

Siz Azərbaycan TV-sinin arxivindəki bu videokadrlara baxın. Dəhşətə gələcəksiniz. Barseqyanın alabəzək hərbi forma geymiş, saçlarını da yanına tökmüş gəlini - müzəffər Azərbaycan ordusunu təcəssüm etdirən bu gənc qadın Qarabağ meşələrində ağacların arası ilə dolaşa-dolaşa gəzir və ermənilər üzərində tezliklə qələbə çalmaqdan dəm vururdu.

Polkovnik Yunusun ağaclar arasında nazlana-nazlana, özünü göstərə-göstərə gəzdiyi həmin günlərdə isə Azərbaycan hərbi birləşmələrinin xəyanətindən yararlanan düşmənlər minalanmış əraziləri Şuşa üzərinə hücum ərəfəsində minalardan təmizləyib bu şəhərə aparan yolu açır, Azərbaycanın yaşayış məntəqələrini bir-birinin ardınca ələ keçirir, bununla da müdafiəsiz qalmış Şuşa qalasına addım-addım yaxınlaşırdılar.

L.Yunus sonralar olduğu kimi həmin günlərdə də ağzını açıb Azərbaycan ordusu komandirlərinin xəyanətkarlığı, qədim Şuşanın qapılarını ermənilərin üzünə açması barədə bir kəlmə danışmadı. Əksinə, Yunusun hüquq müdafiəçisi kimi bütün sonrakı fəaliyyəti yalnız və yalnız Şuşaya aparan cığır və yolları minalardan təmizləmiş şəxslərin adlarını Azərbaycan cəmiyyətindən gizlətməyə həsr olundu.

L.Yunus Şuşanın komendantını kor-koranə müdafiə edirdi. Onun komandir Elbrus Orucova sevgisinin həddi-hüdudu yox idi. L.Yunus Baş Qərargah rəisi postuna oturdulmuş Rusiya agenti Şahin Musayevin cinayətləri haqda kəlmə də kəsməyərək susurdu...

Şuşa təslim olub süqut etdi. Bilirsiniz nə vaxt? L.Yunus Müdafiə Nazirliyi analitik informasiya xidmətinin rəhbəri olandan düz 5 gün sonra!

L.Yunus bu postu tutan kimi də polkovnik hərbi rütbəsi aldı. Əlbəttə, yeni dövlət başçısı İsa Qəmbərin arxasında dağ kimi dayanmış Ramiz Yunusun xahişi ilə...

Şuşanın döyüşsüz təslim edildiyi günlərdə militarist-polkovnik L.Yunusun "şəxsi döyüşçüləri" Bakının mərkəzində, MUM-la üzbəüzdəki mənzilləri bir-birinin ardınca ələ keçirməyə başlamışdılar. Bununla da icra, qanunverici, hətta hərbi-siyasi hakimiyyət qollarında strateji postları ələ keçirən korrupsioner Yunuslar-Barseqyanlar klanının nümayəndələri üçün daha geniş hüdudlar, daha geniş fəaliyyət məkanları açılırdı. 1918-ci ildə olduğu kimi. Ermənilər onda da Bakının mərkəzini, erməni kilsəsinin həndəvərini belə ələ keçirmişdi.

Hər şey necə də tanışdır. İllah da bütün bu həqiqətlər özünü hakimiyyətə pərçimləyə bilən, əvvəllər nifrət etdiyi Elçibəyə, habelə müstəqil Azərbaycanın yeni siyasi məkanına soxulmuş əsas geosiyasi oyunçuların lobbiçilərinə kürsü, vəzifə naminə sədaqət andı içən indiki hüquq müdafiəçisi Yunusun öz dilindən səslənəndə...

Yunus artıq yeni rolda idi. Müdafiə Nazirliyinin polkovniki Qarabağdakı erməni əhalisinin tamamilə, son nəfərinə qədər məhv edilməsini tələb edirdi. Aydın məsələ idi ki, yalnız dildə, quru sözdə... O, ermənilərin deportasiyasında israr edirdi. Və əlləri əsə-əsə Azərbaycan ordusunun Ağdərədə (Mardakert) hücuma keçdiyini efirdən elan etməyə başlayırdı.

Az sonra isə artıq istefadakı polkovnik Yunus elə həmin titrək səsi ilə "dost erməni xalqı" ilə barışığın vacibliyi haqda danışmağa başlayacaqdı. Lakin bu, hələ çox sonralar - Müdafiə Nazirliyinin əliavtomatlıları polkovnik Yunusun mənzilinin sahəsini xeyli genişləndirəndən illərdən sonra olacaqdı.

L.Yunus müdafiə nazirinin hamının tanıdığı müavini Vahid Musayevin bilavasitə nəzarəti altında idi. Söhbət Rusiya hərbi kəşfiyyatına - Baş Kəşfiyyat İdarəsinə (QRU) birbaşa bağlı olan general V.Musayevdən gedir. L.Yunusu nazirliyə məhz o, işə götürmüş, bu sosdem xanımı analitik informasiya xidmətinə rəhbər təyin etməzdən əvvəl onunla uzun-uzadı söhbət etmişdi. Şuşanın ermənilərə qansız-qadasız və satqıncasına təslim edilməsi xəbərinin Azərbaycan xalqına necə çatdırılmasının, buna necə izah verməyin yolunu Yunusun qulağına məhz Musayev pıçıldamışdı. Yunus da bacardığı kimi izah eləmişdi...

Qobustan türməsindəki qiyamın təşəbbüskarı olan general V.Musayevi digər Musayevlə - Baş Qərargah rəisi Şahin Musayevlə qarışdırmayın. Bu Musayevin - Şahinin də rus hərbi kəşfiyyatı ilə sıx əlaqəsi faş oldu və o, ittiham edildi. Ş.Musayev Moskvaya qaçdı. Sonra o, Abxaziyada peyda oldu və separatçı respublikanın Baş Qərargahına rəhbərlik etməyə, Rusiyanın Tiflisə qarşı hərbi əməliyyatlarını planlaşdırmağa və həyata keçirməyə başladı.

L.Yunus Ş.Musayevi həmişə cəsur və sadiq azərbaycanlı döyüşçü kimi xarakterizə və yad edib, onun dövlətə xəyanətdə ittiham olunmasına qarşı çıxıb. Bu ittihamların "siyasi xarakter daşıdığı"nı yorulmadan təkrarlayıb...

L.Yunus Müdafiə Nazirliyindəki işinə məhz bu generalların patronajlığı altında başladı. 1993-cü ilin yanvarında baş hərbi analitik və informator kimi L.Yunusun taleyi tükdən asılı idi. Çünki alabəzək hərbi səhra geyimindəki bu militarist qadının əsas himayədarı vətənə xəyanət və bir sıra Azərbaycan şəhər və kəndlərinin ermənilərə təslim etmək ittihamlarından xilas olmaq üçün Rusiyaya qaçmışdı. L.Yunus yaranmış bu qeyri-müəyyən vəziyyətdən yaxa qurtarmaq, daha doğrusu, şəraitdən sui-istifadə etmək, Müdafiə Nazirliyi rəhbərliyinin dəyişməsindən (Elçibəy o zamankı nazir Rəhim Qazıyevi istefaya göndərmişdi) maksimum yararlanmaq üçün hərəkətə keçdi. L.Yunus hələ AXC-nin yarandığı vaxtlardan yaxşı tanıdığı o zamankı xarici işlər naziri, sadəlövh fizik Tofiq Qasımovun köməyi ilə XİN rəhbərliyində yüksək vəzifə almağa çalışırdı. Sərəncam demək olar ki, hazır idi. T.Qasımov bu azərbaycanlı "Levitan"ı xarici işlər nazirinin müavini təyin etmək təklifini Elçibəyin masası üzərinə qoymuşdu.

Yeni dövr başlayırdı. Azərbaycanın döyüş meydanındakı məğlubiyyətini sənədləşdirib rəsmiləşdirməkdən ötrü hərbçidən sülhsevər diplomata çevrilmək lazım idi. Döyüş meydanında məsələ həll olunmuşdu, qalırdı siyasət. Yeni dövr L.Yunusun qarşısında tamamilə yeni vəzifələr qoymuşdu. Yunus iybilən adamdır, küləyin haradan əsdiyini yaxşı bilir. Amma prezident Elçibəy L.Yunusun xarici işlər nazirinin müavini olmasını nəzərdə tutan sərəncamı imzalamaqdan gözlənilmədən imtina etdi.

L.Yunus oyundankənar vəziyyətə düşdü. O, Elçibəy hakimiyyəti zamanı özünün yeni, sülhyaradıcılıq missiyasını həyata keçirmək üçün şans əldə etməyə heç cürə nail ola bilmədi. Görünür, prezident özündənrazı sosdemin təhqiramiz çıxışını ona axıra qədər bağışlamamışdı.

Qarabağdakı müharibə isə davam edirdi. Azərbaycanın özünümüdafiə dəstələri (o zaman nizami ordu yaratmaq hələ də mümkün olmamışdı) rus-erməni ekspedisiya korpusu ilə qeyri-bərabər döyüşləri davam etdirir, Qarabağ torpaqlarının hər qarışı uğrunda mübarizə aparırdı.

Amma L.Yunus bütün bu qanlı döyüşləri görmürdü. Çünki onun qarşısında artıq tamamilə başqa vəzifə vardı. Müharibə söhbətlərini unutmaq lazım idi. Axı qarşıdan yeni biznes layihəsi gəlirdi. Bu layihəni ələ keçirməyə isə təkcə Leyla Yunus yox, Yunuslar ailəsinin Heydər Əliyevin gəlişi ilə hakimiyyət dəhlizlərindən qovulmuş bütün üzvləri can atırdı.

Yunuslar ailəsinin üzvləri Prezident Aparatı, Milli Məclis və Müdafiə Nazirliyindəki işlərini itirəndən dərhal sonra - 1994-cü ilin əvvəllərində hərbçi Leyla Yunus maliyyə mənbələri kifayət qədər şübhəli olan ABŞ Sülh Fondunun dəstəyi ilə özünə təşkilat yaratdı. Təşkilat "Azərbaycanın Sülh və Demokratiya İnstitutu" adlanırdı. L.Yunus tezliklə öz xəttini də açıqladı: işğal edilmiş Qarabağın gələcək statusunun necəliyindən asılı olmayaraq Ermənistanla və erməni xalqı ilə barışıq.

Əsas məsələ o idi ki, bu "dünyaya sülh" layihəsi yeni siyasi dividentlər və maddi qazanc vəd edirdi...

Yunusun öz ölkəsində yerləşən təşkilatının ofisi bir çox Qərb ölkələrinin xüsusi xidmət orqanları rezidentlərinin oylağına çevrilmişdi. Burada daha kimlər yox idi ki?! Almaniya səfirliyinin əməkdaşı Jasper Vik, amerikalılar Nikolas və Put Danilofflar, ABŞ səfirliyinin əməkdaşı Devid Kreyk, Vaşinqtondan gələn emissar Maykl Oks, ispaniyalı Luis Qarsiya...

L.Yunusun institutunun ofisi Rusiya və Qərb xüsusi xidmət orqanları əməkdaşlarının faktiki olaraq görüş yerinə çevrilmişdi. Xarici kəşfiyyat orqanlarının bütün rezidentləri burada müəyyən məbləğ ödəyərək Azərbaycandakı daxili siyasi vəziyyətə və Qarabağ cəbhəsində baş verənlərə dair müntəzəm informasiyalar, analitik material və arayışlar alırdılar.

N.Daniloff isə L.Yunusla xüsusi münasibətlər qurmuşdu. Bəli, yanılmadınız. Söhbət UPİ agentliyinin və "U.S. News & World Report" jurnalının Vaşinqton, London, Paris və Moskvadakı müxbirindən gedir. Məlum olduğu kimi, Daniloff 1986-cı il, sentyabrın 2-də SSRİ KQB-si tərəfindən həbs olunaraq casusluqda ittiham olunmuşdu. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) bu ştatdankənar əməkdaşı yalnız ABŞ hökumətinin məsələyə ən yüksək səviyyədə müdaxiləsindən sonra azad olunaraq Moskvadan deportasiya edilmişdi. N.Daniloff bir neçə ildən sonra Bakıda peyda oldu. Yunuslar-Barseqyanlar ailəsinin rezidentlərin görüş yerinə çevrilən mənzilində...

Daniloff həmin təlatümlü 90-cı illərdə sözün hərfi mənasında Yunusun mənzilində məskunlaşmışdı. O, burada problemli Azərbaycandakı vəziyyətə dair bütün məlumatları ilkin mənbədən, necə deyərlər, birinci əldən alıb öz ölkəsinə göndərirdi.

Bütövlükdə isə L.Yunus xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa çox meylli idi. Türk xüsusi xidmət orqanlarının əməkdaşı, Azərbaycanda diplomatik fəaliyyət adı ilə maskalanan Üfüq Suarın, rusiyalı Mariya Salyenin, həmçinin Qarabağ separatçılarını açıq şəkildə dəstəkləyən ermənipərəst ictimai fəal Qalina Starovoytovanın əsas informasiya qaynaqları məhz Arif və Leyla Yunuslar idi. Özü də ərlə arvad xaricilərə ikisi də eyni vaxtda, paralel şəkildə işləyirdilər! Q.Starovoytova 1990-cı illərdəki çıxışlarında "Azərbaycandan olan dostları Ariflə Leyla"nın məlumat və fikirlərinə dəfələrlə istinad etmişdi.

Təsadüfi deyildi ki, L.Yunus müxalifətçi Vəhdət Partiyasının liderlərindən biri kimi 1997-ci ilin aprelində "Rusiyanın demokratik seçimi" ümumrusiya hərəkatı ilə (ona Yeqor Qaydar başçılıq edirdi) saziş bağlayandan sonra Azərbaycandakı milli azlıqların, ilk növbədə isə Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi öhdəliyini öz üzərinə götürmüşdü.

1995-ci ildə isə L.Yunus qəflətən Londona getdi - guya elmi tədqiqatlar aparmaq və doktorluq dissertasiyası yazmaq üçün... Yeri gəlmişkən, hərb tarixi üzrə ixtisaslaşan L.Yunus sonuncu dəfə Rusiyanın Həştərxan şəhərində tədqiqat aparıb. Bəs o, Britaniya arxivlərində nə axtarırdı? Ritorik sualdır.

Bütün bu illər ərzində L.Yunusun Debora adlı bir amerikalı qadınla da sıx əlaqələri olub. Həmin bu naməlum Debora Qarabağdakı aktiv döyüş əməliyyatlarının gedişi zamanı 14 dəfə (!) Ermənistan və Qarabağa gəlmişdi...

Azərbaycanda faktiki olaraq açıq-aşkar, maskalanmamış erməni agentləri rolunda çıxış edən adamların motiv və məqsədlərini başa düşmək çox çətindir. Arif Yunusun Qarabağa - "Dağlıq Qarabağ Respublikası" "prezident"inin sabiq mətbuat katibi Janna Krikorovaya elektron poçtla göndərdiyi məktuba nə ad qoymaq, onu necə izah etmək olar?!

Üslubuna da toxunmadığımız həmin məktubda deyilir:

"Mən indi regional əməkdaşlığımıza dair layihə üzərində işləyirəm. Məncə, yanvarın axırına hər şey hazır olacaq. Sonra görüşəndə, ya da e-mail vasitəsilə müzakirə edərik.

Təəssüf ki, hər şey yolunda deyil. Sadəcə olaraq sən özün Moskvada baş verənlərdən və bizim nümayəndə heyətinin hərəkətlərindən yəqin başa düşdün. Bu barədə Gevorka yazmaq istəmədim və istəmirəm. Amma Moskvadakı o qalmaqal sənin yadındadır. Onda Eldar və başqaları ərizə yazaraq bütün günahları təşkilatçıların, xüsusilə də Gevorkun üstünə yıxdılar. Sən elə bilirsən hər şey bununla da qurtardı? Yox. Onlar qayıdandan sonra Moskvadakı görüşlə bağlı mətbuat konfransı keçirdilər, öz ərizələrində nələrin olması haqda hər şeyi danışdılar. Bu zaman bütün günahları Gevorkun üstünə yıxdılar. Guya bu ermənilər bizim "şanlı Azərbaycan"ın nümayəndələri ilə görüşlərdə özlərini başqa cür apara bilmirlər.

Ümid Mirzəyev daha çox canfəşanlıq edirdi. Mənim Eldarla, Vüsalla və bu Ümidlə hansı münasibətlərdə olduğumu yəqin özün də başa düşərsən. İndi isə daha bir müştərək layihə, üstəlik qarabağlılarla birgə. Məncə, bilirsən ki, burada mənim haqqımda danışacaqlar, amma bu, lirikadır. Sadəcə olaraq kiminlə, nə ilə toqquşduğumuzu bilmək lazımdır. Layihə çox mürəkkəbdir və Gevorkun bunu bilməsi lazımdır.

Sən yazırsan ki, fevralda görüş olacaq. Nə vaxt və harada? Mən öz iş qrafikimi planlaşdırmalıyam. Sağlıqla qal. Arif Yunus".

Arif Yunus Qarabağa və Ermənistana təkcə məktublar yazmırdı, həm də Qarabağ, Ermənistan və Rusiyadakı erməni qohumlarından çoxlu məktublar da alırdı...


 
Sizin Reklam Yeriniz