Əlaqə Arxiv
news Image
2014.05.11
15:35
| A A A
Donetsk və Luqansk referendum keçirir
Bu gün Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərində özünütəyin haqqında referendum keçirilir. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, səsvermə Kiyev rəhbərliyinin ölkənin şərqində həyata keçirdiyi xüsusi-əməliyyatlar fonunda keçiriləcək. Donetsk və Luqansk vilayətlərində federallaşmanın tərəfdarları referendumu aprel ayında qondarma Donetsk xalq respublikası və Luqansk xalq respublikasının elan edilməsi ilə əlaqədar keçirirlər.

Donetsk vilayətində referenduma çıxarılan sual belə səslənir: "Siz Donetsk xalq respublikasının müstəqilliyi haqqında Aktı dəstəkləyirsinizmi?". "Bəli" və "Xeyr" cavab variantlarının olduğu sual ukrayna və rus dillərində çap edilib. Donetskdə yerli vaxtla saat 8:00-da başlayan səsvermə 1540 seçki məntəqəsində keçiriləcək. 

Luqansk vilayətinin sakinləri isə "Siz Luqansk xalq respublikasının dövlət müstəqilliyinə dair Aktı dəstəkləyirsinizmi?" sualına cavab verməli olacaqlar. Hər iki vilayətdə referendumun ilkin nəticələri mayın 12-si səhər saatlarında elan ediləcək. 

Qeyd edək ki, Ukraynanın şərqində referendum rəsmi Kiyevin narazılığı fonunda keçirilir. Rusiyadan olan müstəqil müşahidəçilər də referendumun gedişatını izləməkdən imtina ediblər.
Sizin Reklam Yeriniz