news Image
2014.05.11
21:32
| A A A
Rumıniyadan Rusiyaya nota
Rumıniya xarici işlər naziri Rusiya baş nazirinin müavini Dmitri Roqozinin bu ölkəni strateji nüvə bombardmançısı ilə təhdid etməsinə cavab olaraq rəsmi Moskvaya nota verib.

Movqe.az ANS PRESS-ə istinadən, rəsmi Buxarest Roqozinin bu bəyanatına cavab olaraq Rusiyadan izahat istəyir.

Buxarest bildirib ki, hazırkı regional kontekstdə Rusiya baş naziri müavininin strateji bombardmançı təyyarədən istifadə barədə dedikləri çox ağır bəyanatdır.

Notada deyilir ki, Rusiya Ukraynanın suverenliyini pozub və bu ölkədəki ruisyapərəst separatçılar qarışıqlıq yaradırlar. Rumıniya bir daha yada salıb ki, o, Rusiyaya qarşı Avropa sanksiyalarına riayət edir.

Xatırladaq ki, Rusya baş nazirinin müavini Dmitri Roqozinin separatçı Dnestryanı regiona səfəri beynəlxalq qalmaqalla nəticələnib. Tiraspoldan Moskvaya qayıdarkən onun təyyarəsinə Rumıniya hava məkanına daxil olmaq icazəsi verilməyib.

Hiddətlənən Rogozin özünün twitter səhifəsində buna "bombalı" cavab verib. "ABŞ-ın tələbi ilə Rumıniya bizim təyyarənin hava məkanını bağlayıb. Ukrayna hələ də buraxmır. Gələn dəfə Tu-160 ilə uçacağam".

Qeyd edək ki, TU-160 Rusiya hərbi hava qüvvələrinin yüksək sürətli strateji bombardıman təyyarəsidir, Qərbdə ona "Blackjack" deyirlər.

Rogozinin mesajı diplomatik gərginliyə səbəb olub, Rumıniya Moskvadan Rusiya rəsmisinin təhdidlərinin izahatını tələb edib. "Cənab Roqozinin qeydləri Rusiya Federasiyasının Avropa İttiifaqı və NATO-nun üzvü olan Rumıniyaya rəsmi münasibətini əks etdirirmi?" – deyə Rumıniyanın Xarici İşlər Nazirliyinin notasında sual edilir.

Qeyd edək ki, Roqozin Krım işğalına görə Avropa İttifaqı və ABŞ tərəfindən sanksiyalar tətbiq olunan Rusiya rəsmilərindən biridir. Ona görə də mayın 9-da Moldovanın separatçı Dnestryanı ərazisindən Moskvaya uçarkən Rumıniya onun təyyarəsinə öz hava məkanından keçmək icazəsi verməyib.

Ukrayna da həmçinin Rusiyanın hərbi sənayesinə kuratorluq edən Roqozinin təyyarəsini öz hava məkanına buraxmaqdan imtina edib.

Xəbərlərə əsasən, qadağaya baxmayaraq Rogozinin təyyarəsi havaya qalxıb, lakin Ukrayna hərbi qırıcıları tərəfindən Moldovanın paytaxtında yerə enməyə məcbur edilib. Moldova rəsmiləri təyyarənin yükündən Denstryanı sakinlərinin separatçı regionun Rusiyaya birləşməsi haqda imzalarını müsadirə edib.

Roqozin yazır ki, müsadirə olunanlar imzaların ancaq bir qismidir, onların əsas hissəsi Moskvaya çatdırılıb. Roqozin Moldovanı da hədələməyi unutmayıb, bildirib ki, onun bu hərəkətləri Rusiya ilə münasibətlərdə öz əksini tapacaq.

Qərb mətbuatı yazır ki, Avropanın ən yoxsul ölkələrindən biri olan Moldova Avropa İttifaqı ilə sıx bağlara can atır. Avropa İttifaqı ötən aydan öz sərhədlərini moldovalılara açaraq vizasız rejim tətbiq edib.

Rusiya isə keçmiş sovet ölkələrinin Avrointeqrasiya cəhdlərini qısqanclıqla qarşılayır. Ukraynada Avromaydan hərəkatı başlayanda Rusiya rəsmiləri dəfələrlə bəyan edib ki, Avropa inteqrasiyası bu ölkələrin mənafelərinə ziddir.