news Image
2014.05.12
18:04
| A A A
Vaqif Əliyev: "Qədim Naxçıvan şəhəri 2018-ci ildə "İslam Mədəniyyətinin Paytaxtı" kimi böyük bir missiyanı yerinə yetirəcək"
Bu gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr edilmiş sərginin açılışı olub. Movqe.az xəbər verir ki, açılış mərasimində dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbiri mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev açaraq Naxçıvan Muxtar Respublikasının keçdiyi çətin və şərəfli tarixi inkişaf yolu haqqında geniş məlumat verdi. Bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 yanvar 2014-cü il tarixli sərəncamına əsasən 
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd edilir. Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyi Xarici İşlər və Təhsil nazirlikləri, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə yubileyə həsr olunmuş tədbirlər planını hazırlanıbdı. Təşkil olunan sərgi də bu tədbirlərdən biridir.
Naxçıvanın Azərbaycanın ayrılmaz hissəsi olduğunu deyən Vaqif Əliyev muxtar respublikanın yaradılmasının tarixi zərurətdən irəli gəldiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Naxçıvanın hərtərəfli inkişafına, bütün sahələrə o cümlədən muxtar respublika ərazisindəki mədəniyyət incəsənət və turizmə dövlət tərəfindən daim diqqət göstərilir. Muxtar Respublikada əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, mədəni istirahəti üçün hər cür şərait yaradılıb: "Naxçıvan ildən-ilə inkişaf edir, dəyişir. Ölkəmizin dinamik inkişafı imkan yaradır ki, Azərbaycanın bu qədim mədəniyyət mərkəzində sosial infrastruktur layihələri də yüksək səviyyədə həyata keçirilsin. Bugünkü sərgi Naxçıvanın uğurlarını əks etdirmək baxımından əhəmiyyətlidir. Sərgidə elə tarixi sənədlər var ki, ilk dəfə nümayiş olunur". 
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda, eləcə də Naxçıvanda həyata keçirilən mühüm layihələrdən söz açan Vaqif Əliyev bildirdi ki, ulu öndər tərəfindən təməli qoyulan bu işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Qədim Naxçıvan şəhəri 2018-ci ildə "İslam Mədəniyyətinin Paytaxtı" kimi böyük bir missiyanı yerinə yetirəcək.
Naxçıvan Muxtar Respublikasının nümayəndəsi Bəxtiyar Əsgərov çıxış edərək bu tədbirin əhəmiyyətini xüsusi qeyd etdi. O, muxtar respublikada son illərdə həyata keçirilmiş tikinti-quruculuq işlərindən, qazanılmış nailiyyətlərdən, elmi-mədəni, sosial-iqtisadi inkişafdan, Naxçıvanın müdafiə qüdrətindən bəhs etdi. Bəxtiyar Əsgərov tədbirin yüksək səviyyədə təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür etdi. Çıxışlardan sonra sərgiyə baxış keçirildi. Ekspozisiyada Naxçıvan Muxtar Respublikasının tarixindən, görkəmli şəxsiyyətlərindən bəhs edən, rəsmi dövlət tədbirlərini, maddi-mədəniyyət abidələrini, ədəbi mühitini, iqtisadi-sosial inkişafını əks etdirən sənədlər, fotoşəkillər, videoçarxlar nümayiş olunurdu.