Əlaqə Arxiv
news Image
2014.05.13
12:11
| A A A
Qərb dünyasının demokratiya anlayışı

Qərb silvilizasiyası özünü demokratiyanın beşiyi hesab etsə də, son 100 illik tarixə nəzər yetirdikdə bu sivilizasiyada demokratiya anlayışının ikili standartlar çərçivəsində formalaşdığı və həyata keçirildiyi haqda hər zaman müxtəlif fikirlər bildirilib və buna tənqidi münasibət bu gün də davam edir. Demokratik rejim və onun mahiyyətini araşdıran politoloqlar da bildirilər ki, Qərb sivilizasiyası Birinci və İkinci Dünya Müharibəsindən sonra dünyanın yenidən qurulmasında əsla demokratik dəyərlərdən istifadə etməyib və onun üçün ən başlıca dəyər güc tətbiqi prinsipi olub. Digər tərəfdən isə Qərb sivilizasiyası daima istənilən məsələdə özünün maraqlarını dünyanın digər dövlətlərinin milli maraqlarından üstün tutub.

Qərbin insan hüquqlarına dəyər verməməsi və hər zaman ikili standartlar prizmasından çıxış etməsinə ən bariz sübut elə Afrika qitəsinin insanları və təbii sərvətlərinin 400 ildən çox bir müddətdə istismar edilərək Qərbə daşınmasıdır. Qeyd etmək lazmdır ki, bu qitədə hələ də aclıq və safalət hökm sürür və dünya miqyasında 1 milyard ac insanın böyük əksəriyyəti bu qitənin payına düşür. Burada Keniyanın ilk dövlət başçısı Como Kenyattanın avropalı missionerlər haqda dediyi bu tarixi ifadəni xatırlatmaq da yerinə düşür: "Avropalılar gələndə bizim əlimizdə torpaqlarımız, onların əlində isə İncil var idi. Bizə gözlərimizi yumub dua etməyi öyrətdilər. Gözümüzü açdıqda isə İncil bizim əlimizdə, torpaqlarımız isə onlarda idi."

Qərbin ikili standartlar siyasətinin digər bir nümunəsi isə Yaxın Şərqin timsalında görünür. Burada artıq təxminən 100 ildir ki, sular durulmur. Müstəmləkəçiliyin ləğv edilməsindən sonra Yaxın Şərq dövlətləri formal olaraq müstəqillik əldə etsələr də, yenə də Qərbin təsir dairəsindən tam olaraq azad ola bilmir, daha doğrusu Qərb dövlətləri buna imkan vermirlər.


Qərbin yeni müstəmləkəçilik siyasəti – Qloballaşma


Bildirmək lazımdır ki, II dünya müharibəsindən dərhal sonra başlayan "Soyuq müharibənin" SSRİ-nin dağılması ilə sona çatmasına qədər Qərb dünyası SSRİ-ni düyada sülhə və təhlükəsizliyə ən başlıca təhdid kimi görmüş və kommunizm təhlükəsini ön plana çıxarmışdı. 1955-ci ildə yaradılmış Varşava Müqaviləsi Təşkilatının süqut etməsindən sonra isə müstəmləkəçiliyin adı və forması dəyişərək qloballaşma kimi siyasi ədəbiyyata daxil oldu. Son 100 ildə Qərb dünyası müxtəlif bölgələrindəki dövlətləri necə istismar edirdisə, bu gün də qloballaşma adı ilə istismara davam edir. Qloballaşma adı altında Qərbin yad dəyərləri və siyasəti dünyanın ən müxtəlif dövlətlərinə nüfuz etdirilir, insan hüquqlarının qorunması adı altında milli dövlətlərə müxtəlif formada təzyiqlər edilir, digər regionlarda yerləşən dövlətlərin neft və qaz ehtiyyatlarının ələ keçirilməsi üçün hər bir təsir mexanizmindən istifadə edilir. Bütün bunlar göstərir ki, geosiyasi və geoiqtisadi maraqlar, dövrümüzdə iqtisadiyyatın təməli kimi qəbul edilən karbohidrogen resursları bu gün Qərb dünyası üçün insan hüquqlarından daha üstün əhəmiyyət kəsb edir. Bu gün doğurdan da Qərb dövlətləri üçün əsas məqsəd, enerji mənbələrinə sahib olmaq, onları nəzarətdə saxlamaq və təhlükəsiz şəkildə neft və qazı nəql etməkdir ki, bu siyasət də ən müxtəlif formada və ad altında aparılır. Bunun nəticəsidir ki, Yaxın Şərqdə son illərdə yaşanan "Ərəb baharı"nın gətirdiyi fəlakət yüz minlərlə insanın ölümünə, on milyonlarla insanın vətənlərini tərk etməsinə səbəb olub.


Qərb dövlətləri demokratiya böhranı yaşayır


Son zamanlarda Qərb dünyasının post-sovet coğrafiyasındakı dövlətlərə yönəlik siyasətində də ikili standartlar daha qabarıq hiss edilir. 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra bu ölkənin Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımasına rəğmən Gürcüstanın "müttəfiq" olaraq gördüyü Qərb dünyası hələ o zaman lazım olan reaksiyanı vermədi. Sadəcə Gürcüstana verdiyi maliyyə yardımlarını artıraraq bu ölkənin etimadını qazanmağa çalışdı. Bu gün onu da bildirmək lazımdır ki, Cənubi Qafqazda sülh və beynəlxalq təhlükəsizlik mühitini ciddi şəkildə təhdid edən, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistana qarşı da heç bir tədbir görülmür. Əksinə bu ölkə ilə münasibətlər inkişaf etdirilir, onun işğalçılıq siyasəti dolayısıyla dəstəklənir.

Son zamanlarda Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərq bölgəsinə yönəlik siyasətinə qarşı Qərb dünyası Ukraynaya lazımi dəstəyi vermir. Rusiyanın dövlət adamlarına, bank və maliyyə təşkilatlarına və transmilli şirkətlərinə sanksiyalar tətbiq edərək, Rusiyanın Ukraynadan əl çəkəcəyinə inanır. Bütün bunlara baxmayaraq Qərb dünyası hələlik Rusiyanın bu siyasəti qarşısında acız görünür.

Açıq aşkar görünür ki, Qərb dünyası 20 ildir Ermənistanın işğalçılıq siyasətini, bir milyondan çox Azərbaycan vətəndaşının qaçqın olduğunu, doğma torpaqlarına geri qayıtmalarının mümkünsüzlüyünü "görmür". Ermənistanın Rusiya və İran ilə iqtisadi, siyasi və təhlükəsizlik sahəsindəki əməkdaşlığını görməməzlikdən gəlir. Qeyd etmək lazımdır ki, Qərb dünyasının iki böyük dövləti ABŞ və Fransa Azərbaycan torpaqlarının Ermənistanın işğal etməsi problemini həll etmək üçün yaradılan Avropa Təhlükəsizlik Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun həmsədr dövlətləridir. Amma təəssüflər olsun ki, bu dövlətlər problemin həll edilməsi üçün kifayət q ədər səy göstərmirlər. Özünü dümokratiyanın beşiyi sayan ABŞ hər il qondarma DQR rejiminə on milyonlarla dollar maliyyə vəsaiti ayırır, erməni lobbisinin dəstəyi ilə ştatalarda yerli qanunvericilik məclislərində qondarma rejimin müstəqilliyi tanınır və Federal hökumət buna heç bir reaksiya vermir. Qondarma rejimin rəsmi nümayəndələri Qərb dövlətlərini ziyarət edir, lobbi fəaliyyəti göstərir, nümayəndəliklər (ABŞ) açırlar. Qərb dünyası BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədən irəli gələn şərtləri yerinə yetirməsi üçün Ermənistana təzyiq və sanksiya tətbiq etmir. Bütün bunlara nəzər salanda və analiz edəndə belə bir məntiqi nəticəyə gəlmək mümkündür ki, Qərb dünyası regionda ədalətli şəkildə siyasət aparmayacağı, demokratiyanın bərqərar olması və inkişaf etməsi üçün ikili standartlardan əl çəkməyəcəyi təqdirdə post-sovet coğrafiyasında onun nüfuzunun azalması ehtimalı olduqca yüksəkdir. Böyük dövlətlər hələ də işğala məruz qalan və işğal edən tərəfi ayrıd etməkdə "çətinlik" çəkir, təcavüzə məruz qalanı deyil, işğalçıya aşkar və ya gizli formada müxtəlif dəstək verir, məsələyə obyektiv yanaşmırlar. Özlərinin mənafelərinin qorunduğu ölkələrdə demokratiyanın mövcud olmaması onları əsla narahat etməsə də, müstəqil, milli dövlətçilik mənafelərini əsas tutan və bu cür siyasət aparan dövlətlərə demokratik dəyərlərin pozulması bəhanəsi ilə müxtəlif təzyiqlər edirlər. Bütün bunlar onu göstərir ki, bu gün Qərb dünyasında ciddi şəkildə demokratiya böhranı yaşanır.

Sizin Reklam Yeriniz