Əlaqə Arxiv
news Image
2014.06.06
16:55
| A A A
QMİ din xadimlərin geyimlərini təqdim etdi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nəzdində fəaliyyətə başlamış din xadimlərinin təkmilləşdirmə kurslarının ilk mərhələsi başa çatıb

Trend xəbər verib ki, qiymətləndirmə prosesindən sonra bu gün kursun ilk 50 müdaviminin buraxılış mərasimi keçirilib. Mərasimdə din xadimlərinə kursu bitirmələrinə dair müvafiq sertifikat və din xadimləri üçün QMİ tərəfindən hazırlanmış geyim dəstləri təqdim olunub.


Təkmilləşdirmə kurslarına cəlb olunmuş din xadimləri - Azərbaycanın müxtəlif bölgələrini təmsil edən axundlar və imamlar bir aylıq müddət ərzində yüksək səviyyədə təşkil olunmuş mühazirələr dinləyib, müasir informasiya texnologiyaları ilə işləmək vərdişlərini dərinləşdirib, dini bilik səviyyələri ilə yanaşı, ictimai və dünyəvi biliklərini artırmaq imkanına malik olublar.


Din xadimləri bu dövr ərzində din-dövlət münasibətləri, din xadimlərinin nitq mədəniyyəti, Vətən tarixi, mədəniyyəti, dini maarifləndirmədə KİV-in rolu və s. mövzularda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə müşaviri Kamal Abdulla, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin I müavini Səyyad Salahlı, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə və sədrin müavinləri, Bakı İslam Universiteti və Bakı Dövlət Universitetinin tanınmış alimlərinin sanballı mühazirələrini dinləyiblər.


Bundan əlavə, kurslara cəlb olunmuş din xadimləri tədris müddəti ərzində Şəhidlər xiyabanında olub, Mir Mövsüm Ağa ziyarətgahını və Bibiheybət məscidini ziyarət edib, Heydər Əliyev Mərkəzi, Ədəbiyyat Muzeyində və başqa məkanlarda olublar.


Azərbaycan dövlətinin qayğısı və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə ərsəyə gəlmiş təkmilləşdirmə kursları zamanı din xadimlərinin xüsusi ayrılmış məkanda qalmaları üçün bütün şərait yaradılıb, qidalanma, nəqliyyat və s. xərcləri QMİ tərəfindən qarşılanıb.


Din xadimlərinin təkmilləşdirmə kursları mütəmadi olaraq bundan sonra da davam edəcək.


Sizin Reklam Yeriniz