Əlaqə Arxiv
news Image
2014.06.07
15:00
| A A A
Yunan sertakisi tarla ifa olundu
Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə iyunun 6-da Avropanın ən qədim paytaxt şəhəri sayılan Afinanın "Meqaro Muzikis" Mədəniyyət Kompleksində Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri geniş konsert proqramı ilə çıxış edib.

Movqe.az Azərtac-a istinadən xəbər verir ki , Konsertdən öncə afinalıların haqlı olaraq "mədəniyyət məbədi" adlandırdıqları və şəhərin ən böyük musiqi kompleksi olan "Meqaro Muzikis"də əsl bayram ab-havası hökm sürürdü.

Konsertdə Yunanıstanın dövlət və hökumət nümayəndələri, Afinada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və musiqisevərlər iştirak ediblər.

Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev konsertdən əvvəl çıxış edərək, iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə getdikcə gücləndiyini qeyd edib.

Diplomat vurğulayıb ki, tarix, mədəniyyət və adət-ənənələrə olan qarşılıqlı hörmət və marağı nəzərə alaraq, Yunanıstanda Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlərə geniş yer verilir.

Qeyd edilib ki, bu konsert son dörd ildə sayca doqquzuncu mədəniyyət tədbiridir və yunanların Azərbaycan incəsənətinə getdikcə artan marağını nəzərə alaraq, bu silsilədən olan layihələr gələcəkdə də daha geniş formatda davam etdiriləcəkdir.

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən söz açan səfir qurumun Afinadakı tədbirin reallaşdırılması üçün göstərdiyi dəstəyi məmnunluqla qeyd edib.

"Azərbaycan musiqisi mövsümü"nün ilk tədbirinin geniş informasiya dəstəyi ilə gerçəkləşdiyini diqqətə çatdıran diplomat bildirib ki, xüsusi informasiya bazasında yaradılmış www.azerbaijani-culture.gr saytı Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətini, eləcə də Yunanıstanda nəzərdə tutulan silsilə tədbirləri geniş işıqlandırmaq məqsədi daşıyır.

Sonra Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Azərbaycan musiqiçiləri konsert proqramı ilə çıxış ediblər.

Klassik musiqi axşamında Azərbaycanın böyük bəstəkarları-Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Cahangir Cahangirov, Niyazi və Vaqif Mustafazadənin əsərləri ilə yanaşı, Astor Piatsolla, Pablo de Sarasate, Ernesto de Kurtis kimi dünya şöhrətli musiqiçilərin əsərləri də səsləndirilib. Tarzən Şəhriyar İmanovun Azərbaycan muğamları və yunan xalqının ən sevimli "Sertaki" rəqsinin sintezindən ibarət kompozisiyası tamaşaçılar tərəfindən xüsusi rəğbət və gurultulu alqışlarla qarşılanıb.

Konsertdə xanəndələr Arzu Əliyeva, Məftun Səfərli muğamlarımızı, Aygün Zeynalova (sopran) və Azər Rzayev (tenor) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa ediblər. Orkestrin müşayiəti ilə Murad Adıgözəlzadə (fortepiano), Elvin Qəniyev (skripka), Nicat Məsimov (balaban), Elçin Şirinov (fortepiano) və Şəhriyar İmanov (tar) tərəfindən həm milli, həm də xarici musiqi əsərləri yüksək texnika və məharətlə səsləndirilib.

Konsertdən sonra qonaqlara Heydər Əliyev Fondu tərəfindən son illərdə çap olunmuş müxtəlif nəşrlər nümayiş olunub. Qədim və zəngin Azərbaycan mədəniyyətindən bəhs edən nəşrlər sırasında Azərbaycan Milli İncəsənət Muzeyinə, musiqi alətlərinə, əlyazmalara, xalq tətbiqi sənətinin müxtəlif növlərinə həsr olunmuş kitablar, pop, caz, muğam və klassik musiqiyə həsr olunmuş disklər, eləcə də böyük mütəfəkkirlərimiz Nizami Gəncəvi və Məhsəti Gəncəvinin əsərləri yer alıb və onlar tədbir iştirakçılarına təqdim olunub.

Sonda qonaqlara ziyafət verilib.
Sizin Reklam Yeriniz