Əlaqə Arxiv
news Image
2014.06.08
20:00
| A A A
İnsanabənzər robotlar yaradılır
Yaponiyanın SoftBank korporasiyası 2015-ci ilin əvvəlində emosiyaları ifadə edən və müxtəlif məişət işlərini yerinə yetirən insanabənzər robotu bazara çıxarmağı planlaşdırır. Movqe.az Anspress-ə istinadən xəbər verir ki ,satışına növbəti ilin fevralında başlanılması planlaşdırılan robotun hazırlanması ilə SoftBankın iki il əvvəl pay aldığı Fransanın Aldebaran şirkəti məşğul olub.

Tayvanda hazırlanacaq robot Pepper adlanır. SoftBank nümayəndələrinin sözlərinə görə, Pepper dayə, xəstə baxıcısı və ya adi həmsöhbət funksiyasını yerinə yetirir, eləcə də onu təlimatlandırmaq mümkündür. O, emosiyaları ifadə etməklə yanaşı, insanın emosional vəziyyətini qiymətləndirə bilir. Qiyməti 1900 dollar təşkil edəcək robotun prototipi yaxın vaxtlarda SoftBank ticarət nöqtələrinə çıxarılacaq və orada bütün alıcılar onunla yaxından tanış ola biləcək.

Pepperin xüsusiyyətlərini şərh edən şirkət rəhbəri Masayoşi San deyib ki, bəşəriyyət tarixində biz ilk dəfə ürəyi olan və emosiyaları ifadə edən robot yaratmağa nail olmuşuq.

Pepper yeni bacarıqlara bulud texnologiyaları vasitəsilə öyrədiləcək. Belə ki, yeni məlumat alan robot onu serverə yükləyərək digər robotlara ötürəcək.

Xatırladaq ki, Yaponiyada əhalinin qocalması problemi mövcuddur və daha təkmil robotların hazırlanması işçi qüvvəsi çatışmazlığı probleminin qismən aradan qaldırılması məqsədi daşıyır.
Sizin Reklam Yeriniz