Əlaqə Arxiv
news Image
2014.06.12
13:41
| A A A
Mikayıl Cabbarov: “Orta məktəb dərsliklərinin hazırlanmasında köklü dəyişiklərə ehtiyac duyulur”

"Orta məktəb dərsliklərinin hazırlanmasında köklü dəyişiklərə ehtiyac duyulur".

Movqe.az-ın  xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilinin nəticələrinə həsr olunan hesabat mətbuat konfransında çıxışı zamanı deyib. Nazir qeyd edib ki, qanunvericiliyə əsasən dərsliklərin müəllifi konkret dərsliyin yaranmasında maraq göstərən müəlliflər arasından seçilir: "Məsələn, 7-ci siniflər üçün "İngilis dili" dərsliyi hazırlanmalıdır. Müəllif iddiasında olan hər kəs öz dərsliyini Təhsil Nazirliyinə təqdim edə bilər. Əgər 3 müəllif qrupu müxtəlif dərsliyi təqdim edirsə, biz onlardan birini seçmək məcburiyyətindəyik. Hətta onlardan heç biri bizim tələb və gözləntilərimizə cavab vermirsə, biz 3 dərslikdən birini seçməliyik. Seçmədiyimiz təqdirdə sentyabrın 15-də 7-ci sinfin "İngilis dili" dərsliyi olmayacaq. Bu sahədə sistemli optimallaşdırma və təkmilləşdirmə olmalıdır. Dərsliyin yuxarı həddi keyfiyyəti yalnız tender prosesində iştirak göstərən müəlliflərlə məhdudlaşmamalıdır".

Nazir qeyd edib ki, bir sıra fənlər üzrə nazirliyə cəmi 1 və ya 2 təklif təqdim olunur: "Ona görə də hər zaman dərslik müəlliflərinin sayı və keyfiyyətinə yönəlmiş işlərdən danışırıq. Bundan əlavə, dövlət tərəfindən dərsliyin hazırlanması üçün "istehsalat prosesi"ndə rolunu artırmaq barədə fikirləşirik. Yaxın müddətdə, yeni tədris ili başlamazdan öncə bu istiqamətlərdə növbəti illər üçün qəbul edəcəyimiz qərarlar barədə ictimaiyyətə məlumat veriləcək".

M.Cabbarov əlavə edib ki, bu tədris ilində dərsliklərin hazırlanması prosesində bir sıra dəyişikliklər baş verib. Nazir bunun nəticələrinin növbəti tədris ilində müsbət mənada hiss olunacağını deyib: "Bir sözlə, dərslik hazırlanması prosesi, mövcud sistemin şəffaflığı istiqamətində sistemli tədbirlər görülür. Təcrübədə ilk dəfə olaraq dərsliklərin qiymətləndirilməsinə Təhsil Nazirliyində yaradılan Dərsliklərin Qiymətləndirilməsi Şurası, ekspertlərlə yanaşı ixtisaslaşmış ali təhsil mütəxəssisləri, TQDK ekspertləri cəlb edilib. Əgər əvvəllər dərslik hazırlanıb, çap olunandan sonra qiymətləndirilməsi baş verirdisə, bu il ilk dəfə olaraq prosesin ardıcıllığı təkmilləşdirilib. Belə ki, təqdim olunan dərsliyin seçimi üçün müvafiq rəylər öncədən nəzərə alınır".


Sizin Reklam Yeriniz