-Alo
-Salam, sizi təbrik edirik.
-Kimdir danışan
-Firmadan narahat edirik
-Buyurun
-Sizin nömrəniz bizim kompyuterdə uduşa düşüb. Bu o deməkdir ki, siz bu gün bizdən dünyanın ən məşhur firmalarının mallarını dəfələrlə ucuz qiymətə ala bilərsiniz. Üzərində də hədiyyə və qızıl kart veririk. Hansıki siz həmin kart vasitəsilə növbəti dəfə bizdən 20 faiz endirimlə istədiyiniz malları ala bilərsiniz. Bu sizin həyatınızın bir şansıdır. Fikirləşib sonra qərar verin. Yoxsa peşiman olacaqsınız.
qəfil zəngin qurbanları
Mənzilində ev telefonu olanlar artıq bu cür zənglərdən təngə gəlib. Özünü firma əməkdaşı kimi təqdim edən şəxslər, nüfuzlu "Bekker", "JML" və sair firmaların mallarını ucuz qiymətə evlərə çatdırmağı təklif edirlər. Bunu müsbət hal kimi qarşılayıb məşhur firmanın malını ucuz qiymətə, üzərində də hədiyyə ilə alacağına sevinib təklifi qəbul edənlər isə çox keçmir ki, aldandıqlarını başa düşürlər. Məlum olur ki, aldığı məişət cihazı işləmir, mətbəx dəstləri isə dükanlarda iki dəfə ucuz qiymətə satılır. İstehlakçı malın saxtalığını anlayanda isə artıq gec olur. Çünki malı alarkən ona nə qəbz verilir, nə də zəmanət talonu. Belə olan halda isə istehlakçıların hüquqlarını heç bir orqan müdafiə edə bilmir. İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDX) tərəfindən aparılan araşdırmalar nəticəsində bu üsulla fəaliyyət göstərən bir neçə təsərrüfat subyekti aşkar olunsa da, həmin firmalar işini bu gün də maneəsiz davam etdirir. Artıq illərdir ki, məsafədən satışı həyata keçirən firmaların fəaliyyətlərini davam etdirirlər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bizimlə söhbətində bildirdi ki, hər gün xeyli sayda insan "məsafədən satış" həyata keçirən firmaların onları aldatdığından şikayətlənir. E. Hüseynovun sözlərinə görə, birliyə belə firmalardan 50-ə yaxın şikayət məktubu daxil olub: "Artıq beş ildən çoxdur ki, ölkədə "məsafədən satış" həyata keçirilir. Bunlara "Prestij", "Razvitie", "Kaspian Kompani S" firmaları daxildir. Adları çəkilən firmalar istehlakçıları aldatmaqla məşğuldurlar. Dünyanın məşhur firmalarının nişanları altında saxta mallar istehlakçılara satılır. Halbuki onların satdığı malların sertifikatı belə yoxdur. Çünki bu firmalar heç bir istehlakçıya dəqiq ünvan vermir. İstehlakçı da məhz bu səbəbdən pozulmuş hüquqlarını bərpa edə bilmir. Digər tərəfdən də bu şəxslər qondarma kommersiya işləri ilə məşğul olaraq, satıdıqları mala görə, istehlakçıya heç bir qəbz təqdim etmirlər. Bu da dövlətə vergi ödəməkdən imtina etmək deməkdir. Amma nədənsə istehlakçıları aldadan belə firmaların fəaliyyətinin qarşısı alınmır. Bu bizi də narahat edən məsələlərdəndir".