news Image
2014.06.13
11:00
| A A A
Tütün idxalı daxili istehsalı sıradan çıxarır
Vahid Məhərrəmov: «Bu sahəni yenidən inkişaf etdirmək üçün bura investisiya cəlb olunmalıdır» Nizami Qarayev: «Yaxşı olardı ki, bu sahədə dövlət proqramı qəbul olunsun»

Aparılan son araşdırmalar göstərir ki, son 7 il ərzində ölkədə yerli siqaret istehsalı 2 dəfə azalıb. Digər tərəfdən isə idxal elə bu qədər artıb. Bu, onun göstəricisidir ki, yerli istehsal idxala uduzur. Ekspertlər mövcud vəziyyəti şərtləndirən səbəblər haqda Movqe.az-a münasibət bildiriblər. 

Kənd Təsərrüfatı üzrə mütəxəsssis Vahid Məhərrəmov deyib ki,  bu gün Azərbaycanda  tütünçülüyün tədricən sıradan çıxmasına səbəb bu sahəyə maraq göstərilməməsidir: "Əvvəllər bir sıra beynəlxalq qurumlar, xüsusən Avropa Bankı bu sahəyə kredit ayrılmasını hökümət üçün məhdudiyyət qoymuşdu. Biz indi onun nəticəsini yaşayırıq. Bu sahəni yenidən inkişaf etdirmək üçün bura investisiya cəlb olunmalıdır. Xüsusən daxili imkanlar hesabına bunu həyata keçirmək lazımdır.  Eyni zamanda bu sahənin inkişafı üçün çalışmaq lazımdır ki, istehsal olunan tütün məmulatları daxili bazarda tələb olunsun. Tütün elə bir məhsuldur ki, onu birbaşa bazara çıxarıb satmaq mümkün deyil. Bunu yalnız emal müəssisəsi almalıdır. Emal müəssisələri maraqlı olmalıdır ki, tütün istehsalı artsın. Burada çalışan  sahibkarları tütün istehsalına maraqlı etmək lazımdır. Onlar bölgələrdə fermerlərlə görüşməlidir, onlarla müqavilə bağlamalıdır, onların istehsal etdiyi məhsulu qəbul etməlidirlər. Çalışılmalıdır ki, tütün məhsullarının istehsalı genişləndirilsin, məhsuldarlıq artsın. Belə olarsa, bu sahə nisbətən genişlənər. Əks halda idxal artdıqca, ölkəyə ucuz qiymətə məhsullar gətirildikcə, istehsal geri qalacaq. Bu gün biz həmin mənzərəni görürük".  

Ərzaq Təhlükəsizliyi Alyansının əlaqələndiricisi,  kənd təsərrüfatı üzrə ekspert Nizami Qarayev də bu sahədə dövlət dəstəyinin vacibliyini vurğuladı: "Bu gün Azərbaycanda tütünçülüyün inkişafıyla bağlı xüsusi dövlət proqramı yoxdur. Yaxşı olardı, bu sahədə dövlət proqramı qəbul olunsun ki, tütünçülüyün inkişafına dəstək verilsin. Eyni zamanda Sahibkarlara Kömək Milli Fondu yaxşı olar ki, Azərbaycanda tütünçülüyün inkişafına dəstək versin, bu sahəyə maliyyə ayırsın. Gərək yerli tütünçülük üçün xammalın istehsalına dəstək verilsin ki, bu sahədə işlər görülsün". 

Xatırladaq ki, Azərbaycan 1996-cı ildə tütünçülük sahəsində özəlləşdirmə həyata keçirib. Hazırda bu sahə ilə özəl sektor məşğuldur. Bir daha qeyd edək ki, Sovet dönəmində kifayət qədər tütün əkilib tədarük olunurdu. Məlumat üçün bildirək ki, Azərbaycanda ən pik dövrdə illik olaraq 53 min ton tütün istehsal olunurdu. Tütünün yetişdirilməsi, yığılması və qurudulması kimi bütün digər prosedurlar xüsusi ailə təsərrüfatında həyata keçirilirdi. Bu da onu göstərir ki, Sovet dövründə Azərbaycanda tütünçülük bir növ fermer təsərrüfatı idi. Tütün istehsalı yüksək rentabelliyə malik olduğuna görə, sonradan onun istehsalı Şəki-Zaqatala zonasından başqa Lerik-Yardımlı, eyni zamanda ölkənin qərbinə kimi genişləndirildi. Bu gün də tütünçülüyü kənd təsərrüfatı istehsalçıları üçün əlavə gəlir mənbəyi hesab etmək olar. Lakin yerli istehsal hələ istənilən səviyyədə deyil.



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs