news Image
2014.06.13
15:00
| A A A
Daşkəsən rayonunda 15 İyun- Milli Qurtuluş günü münasibətilə möhtəşəm tədbir keçirildi

Daşkəsən rayonunda 15 İyun - Milli Qurtuluş günü silsilə tədbirlərlə qeyd edilmişdir. Daşkəsənlilər bu əlamətdar günə böyük coşqu ilə, ciddi hazırlaşmışdılar. Belə ki, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəni-maarif, səhiyyə müəssisələrində, bir sözlə, bütün yaşayış məntəqələrində toplantılar, dəyirmi masalar keçirilmiş, ümumtəhsil məktəblərindən şagird və müəllim kollektivlərinin rayonun Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunmuşdur. Yaşayış məntəqələrinin hər birində bu əlamətdar gün münasibətilə iməciliklər keçirilmiş, ərazilərin abadlaşdırılması və yaşıllaşdırılması işləri aparılmışdır.


Görülən bütün bu işlərdə Daşkəsən Rayon İcra Hakimiyyəti Aparatının təşəbbüsünə YAP Daşkəsən rayon təşkilatı etibarlı köməkçi olmuşdur.


Yekun olaraq bu gün tədbir iştirakçıları rayonun mərkəzində əbədiyaşar ulu öndər Heydər Əliyevin abidə kompleksini ziyarət etmiş, heykəlin önünə gül-çiçək dəstələri düzmüş, Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.


Sonra tədbir iştirakçıları "Yeni həyat" sarayında 15 İyun - Milli Qurtuluş günü ilə əlaqədar təşkil olunmuş ziyafət məclisinə toplaşmışlar.


Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev ümumrayon toplantısında geniş və dərin məzmunlu nitq söyləmişdir. O, tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edərək demişdir :


- Müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu Ulu öndərimiz Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında doğma Azərbaycanımızın tərəqqisi və yüksəlişi, dövlətçiliyimizin, müstəqilliyimizin daha da möhkəmləndirilməsi, xalqımızın firavan həyatı naminə şərəfli fəaliyyətinizdə sizə böyük müvəffəqiyyətlər diləyirəm!


Məlumdur ki, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin xilaskarlıq missiyası ilə 1993-cü il 15 iyun tarixində böyük gəlişi günü xalqın ən müxtəlif təbəqələrinin arzu və istəkləri nəzərə alınaraq 1997-ci ilin iyunun 27-dən etibarən bayram günü kimi əbədiləşdirilmişdir.


Xalqımız əsrlər boyu müstəqillik uğrunda şərəfli mübarizə aparmışdır. Bu şərəfli mübarizə özünün mükəmməl təntənəsinə məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, idarəçilik və dövlətçilik bacarığı sayəsində çatmışdır.


1991-ci il oktyabr ayının 18-də Azərbaycan özünün dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul etdi. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Lakin bu müstəqilliyi, azadlığı daxili və xarici düşmənlərimiz hər vasitə ilə boğmağa, müstəqil Azərbaycan Respublikasını iflic vəziyyətə salmağa çalışırdılar.


Həmin dövrdə ölkədə siyasi və iqtisadi böhranlar, xaos, özbaşınalıq baş alıb gedirdi. Bu cür gərgin məqamda xalq Naxçıvan Muxtar Respublikasında qısa vaxt ərzində sabitliyi, əmin-amanlığı, dinc yaşayışı təmin edən geniş və hərtərəfli dövlətçilik təcrübəsinə malik olan ümummilli liderə - Heydər Əliyevə üz tutdu. Bu çağırışlara Heydər Əliyev dəfələrlə münasibət bildirərək, mətbuatda bəyanat verib demişdi: "Ölkənin bu ağır dövründə hansısa bir dövlət çevrilişinə cəhdə yol vermək olmaz... Mən xalqı birliyə dəvət edirəm".


Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev çıxışına davam edərək qeyd etdi ki, bir tərəfdən Dağlıq Qarabağ müharibəsi, digər tərəfdən daxildəki özbaşınalıqlar, mövcud siyasi qarşıdurmalar ölkədə müstəqilliyi günbəgün məhvə aparırdı.


Belə bir məqamda Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın təkidli xahiş və tələbindən sonra Bakıya gəldi. Xalqın səsinə səs verdi. Ulu öndər öz çıxışında sonralar belə qeyd edirdi: "Müstəqilliyi elan etmək asan, ancaq onu qorumaq olduqca çətindir. Mən bir vətəndaş kimi də, Prezident kimi də Azərbaycan dövlətinin keşiyində durmuşam, duracağam. Bu yolda hər gün, hər an şəhid olmağa hazıram".


Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. Bu günlərdə Avrasiya İttifaqının Ali Sammitində Ermənistanın aldığı öldürücü zərbə Heydər Əliyev siyasi kursunun sağlamlığını, xalqın maraqlarına hesablandığını bir daha ortaya qoydu. Ümummilli lider Heydər Əliyev siyasi kursunu bu gün Prezident İlham Əliyev layiqincə davam etdirir. Son prezident seçkiləri bu siyasi kursa xalqın güvəndiyini, ona dərindən inamını parlaqlığı ilə göstərdi. Biz daşkəsənlilər bu kursu dəstəkləyənlərin ən öncülləri sırasındayıq.


Artıq Azərbaycan Ulu öndərimizin müdrik siyasəti nəticəsində dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli iqtisadi-siyasi əlaqələr qurmuş, müqavilələr imzalamış, Qədim İpək Yolu kimi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri kimi əvəzsiz töhfələrlə xalqımızın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirmişdir. Ölkədə demokratik seçkilərin əsasını qoymuşdu. Bu gün dünya şöhrətli siyasətsi,


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu öndərimiz Heydər Əliyevin inkişaf strategiasını uğurla davam etdirməsi xalqımıza, ölkəmizin müstəqilliyinə yeni-yeni nailiyyətlər bəxş etmişdir. Azərbaycan təkcə regionun deyil, eləcə də dünyanın lider dövlətləri sırasına çıxmışdır.


Bu gün dünya şöhrətli siyasətçi, Heydər Əliyev siyasi kursunun davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev kimi istedadlı və bacarıqlı bir şəxsiyyətin siyasət meydanında olması, onun təcrübə və biliyindən dövlətimizin mənafeyi üçün məharətlə istifadə edilməsi hər bir azərbaycanlıda qürur və iftixar hiss doğurur, vətəndaş olaraq bizim hər birimizdə ölkəmizin gözəl gələcəyinə böyük inam yaradır. İndi Azərbaycan inkişaf tempinə görə dünyada lider dövlətidir.


Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsi üçün qeyri – neft sektorunun inkişafı, iqtisadi kapitalın insan kapitalına çevrilməsi üçün böyük tədbirlər həyata keçirir. Eyni zamanda regionların inkişafı üçün də münbit şərait yaratmış, regionlarda yeni-yeni infrastrukturun yaradılmasına nail olmuşdur. Daşkəsən rayonu da cənab Prezidentin diqqətindən yayınmamışdır. İndi rayonumuzda son üç il ərzində 9 məktəb tikilmiş, 2 uşaq bağçası əsaslı təmir edilmişdir.Şəhərin girəcəyində müasir tipli yeni avtovağzal binası inşa edilmiş, Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında son tamamlama işləri görülməkdədir. Yaxın vaxtlarda 16 məktəbin tikilməsinə və əsaslı təmirinə başlanılacaqdır. Zağalı-Kollu-Çıraqlı yeni yol tikintisinin sürəti günbəgün artmaqdadır. Hazırda rayonumuzda böyük bir tikinti-quruculuq, yenidənqurma işləri gedir. Daşkəsən əsl tikinti meydançasına çevrilmişdir. Bu əzəmətə, bu yüksəlişə, bu fəxarətə min alqışlar olsun. Son aylardan bəri Daşkəsəndə günbəgün yeni infrastrukturlar yaradılır, yollar inşa edilir, sosial obyektlər tikilir. Bir sözlə, elə bir sahə yoxdur ki, o sahədə quruculuq işləri, islahat aparılmasın. Möhtərəm Prezidentimizin qayğısı və rəhbərliyi ilə bizim məqsədimiz yeni Daşkəsən qurmaqdır. Biz daşkəsənlilər bu qayğıya, bu diqqətə böyük minnatdarlıq hissi ilə yanaşırıq. Məhz ötən il Prezident seçkilərində biz ürəyimizin hökmü ilə seçim edərək ən yüksək faizlə cənab ilham Əliyevə səs verdik və onun ətrafında sıx birləşdiyimizi nümayiş etdirdik. Axı biz cənab Prezidentimizi hamıdan daha çox sevirik.


Bu gün əbədiyaşar Ulu öndərimiz Heydər Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində əfsanəvi layihələr həqiqətə çevrilir.


21 il əvvəl taleyi tükdən asılı qalan Azərbaycan Respublikası indi BMT-nin Təhlükəsizlik Şurasına rəhbərlik edir. Dünyanın möhtəşəm idman, musiqi yarışları, məhz bizim ölkəmizdə keçirilir. İndi ölkəmiz bir sıra Avropa dövlətlərinə, qonşu ölkələrə qardaşlıq, dostluq qayğısı göstərir, problemsiz həyat bəxş edir. Cənubu Qafqazın iqtisadiyyatının 85 faizi Azərbaycanın payına düşür.


Cənab Əhəd Abıyev toplantı iştirakçılarına müraciət edərək daha sonra demişdir:


- Əziz daşkəsənlilər, Daşkəsən Heydər Əliyev ideyalarına, onun siyasi kursuna məhəbbətin həmişə mərkəz şəhərlərindən biri olub. Ən ağır günlərdə də daşkəsənlilər ümummilli lideri dəstəkləyiblər. Bunun nəticəsidir ki, biz bu gün böyük uğurlarımıza şahidlik edirik. Təkcə son aylar ərzində Daşkəsəndə aparılan quruculuq işləri, əhalinin sosial rifahının yaxşılaşdırılması xüsusundakı görülən ardıcıl tədbirlər insanı heyrətə gətirir. Siz hamınız bu tikintilərin, yenidənqurmanın, abadlaşdırmanın şahidlərisiniz. Əminliklə bilməliyik ki, bizim bütün uğurlarımız məhz Heydər Əlirza oğlu Əliyevin və onun siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin adı ilə bağlıdır.


Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir. Nə qədər müstəqil Azərbaycan xalqı varsa, Heydər Əliyev də olacaqdır!


Əziz ziyafət iştirakçıları, Sizin hər birinizi müstəqilliyimizi əbədi, daimi, dönməz edən, tariximizdə inkişafa, rifaha, parlaq gələcəyə doğru dönüş yaradan bu gün – 15 İyun – Milli Qurtuluş günü münasibəti ilə bir daha təbrik edirəm!


Ümumrayon tədbiri rayonun tanınmış incəsənət ustalarının musiqi nömrələri ilə davam etdirildi.



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs