Əlaqə Arxiv
news Image
2014.06.13
17:38
| A A A
“Mənim kimi yolunu azmış gənclərə səslənirəm...”- Bəxtiyar
NİDA üzvlüyündən imtina edərək prezident İlham Əliyevə müraciət edən gənc fəal Bəxtiyar Quliyev həbsxanadan daha bir müraciət yayıb. Movqe.az Penitensiar Xidmətin saytına istinadən xəbər verir ki, müraciətdə məhkum B.Quliyev may ayının sonunda verdiyi bəyanatın kütləvi informasiya vasitələrində birmənalı qarşılanmamasına münasibətini bildirərək və öz mövqeyinə bir daha aydınlıq gətirib. 

Müraciəti olduğu kimi təqdim edirik: 

"Son günlər kütləvi informasiya vasitələrində mənim may ayının sonunda verdiyim bəyanat geniş müzakirəyə səbəb oldu. 

  Göstərdiyim kimi, mənim bu bəyanatım bir mənalı qarşılanmadı. Sadəcə olaraq mən bildirmək istəyirəm ki, on beş ay mənim üçün həyatı və dövlətçiliyi dərk etməyimdə yetərli və böyük inam daşıyan çoxları üçün kiçik, mənim üçün isə həbsxanadan əvvəlki həyatımdan da böyük bir zaman kəsiyidir.

Özüm də bilmədən qeyri-ixtiyari düşdüyüm vəziyyətin səbəbini düşündükcə, heç bir vəchlə özümə haqq qazandıra bilmədim. Və birinci haqsızlığın özümə, yaxınlarıma qarşı ən böyük cinayət olduğunu dərk etdim. Kimlərinsə siyasətləri mənim kimi bir çox gənclərin təmiz beyinlərini özlərinin dərk etdiyi yanlış müstəqillik havası ilə doldurub, keçirdikləri mənasız Aksiyalara sürükləməklə, təmiz və saf olan azadlıq eşqini qəlblərdə boğmaqdan başqa bir şey deyil. 

Mən buradan mənim kimi yolunu azmış siyasəti düzgün dərk etməyən bədxah insanların özünəməxsus düşüncələrindən doğan təxribatlara uymuş gənclərə səslənirəm:

Özünüzə, yaxınlarınıza ən önəmlisi gəncliyinizə haqsızlıq etməyin!

Bu gün Azərbaycan adlı bir məmləkətin müstəqil gəncləriyik. O məmləkət ki, tarix boyu basqılara məruz qalmış, təxribatlarla xalqın başını qarışdırıb bu millətin fikirlərini başqa səmtə yönəldən nadan, xəyanətkar, öz mənafelərini düşünən satqın siyasətçilərlə hər zaman mübarizədə olmuşdur. 

Bizim bir gerbimiz, bir dövlətçiliyimiz, bir bayrağımız vardır. Gəlin biz gəncliyimizi yuxarıda göstərdiyim atributlar ətrafında birləşdirək. Özümüz özümüzlə deyil, mənfur, kənardan Azərbaycana xor baxan, dövlətçiliyimizə qarşı təxribat məqsədi ilə əllərini uzadan düşmənlərimizə qarşı mübarizədə fəal olaq. 

Mən Müstəqil Azərbaycanın Müstəqil gənciyəm. Mənim fikirlərimə və düşüncələrimə nə kimsə təzyiq, nə də təsir edə bilməz. Özüm öz qərarlarımı verəcək qədər hər şeyi dərk edirəm. Və hər kəsi fikirlərimə, düşüncələrimə, qərarlarıma sayğı ilə yanaşmağa, hörmətlə qarşılamağa çağırıram". 

İmza: Quliyev Bəxtiyar Səməndər oğlu.


Sizin Reklam Yeriniz