DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb
2014-ci ilin iyunun 1-i tarixinə olan statistikaya
əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə
Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin
sayı 4.6 faiz artıb. DSMF-nin İctimaiyyətlə
əlaqələr sektorundan Movqe.az-a verilən xəbərə görə,
hesabat dövründə əlavə olaraq 792 nəfər
əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə 2014-cü il iyunun 1-i
tarixinə olan statistikaya əsasən, fərdi uçot sistemindəki
əcnəbilərin sayı 17 893 nəfərə yüksəlib. Dövlət sosial sığorta
sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89.7 faizini
kişilər, 10.3 faizini isə qadınlar təşkil edir. Ümumilikdə 102
ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say
göstəricisi Тürkiyə vətəndaşları (10283 nəfər) üzrə müşahidə
olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına
görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 1950 nəfərə,
üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə
947 nəfərə çatıb. Sonrakı yerlərdə İran İslam Respublikası (577),
Hindistan (436), Çin Xalq Respublikası (421), Böyük Britaniya və
Şimali İrlandiya Krallığı (273), Özbəkistan (210) Banqladeş Xalq
Respublikası (194), Ukrayna (165), Pakistan İslam Respublikası
(163), Almaniya Federativ Respublikası (161), Filippin Rspublikası
(136), Bosniya və Herseqovina (131), Qazaxıstan Respublikası (128),
Türkmənistan Respublikası (127), İtaliya Respublikası (120), ABŞ
(118) və s. ölkələr qərarlaşıb. 2006-cı il yanvarın 1-dən
Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi
dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən
əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması
prosesi həyata keçirilməkdədir.