news Image
2014.06.18
10:40
| A A A
Əli Həsənov: “Hələ də çətin şəraitdə yaşayan məcburi köçkünlər çoxdur”

İyunun 17-də baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Binəqədi Rayon İcra Hakimiyyətində bu rayonda, eyni zamanda digər rayonlarda məskunlaşan məcburi köçkünlərin nümayəndələri ilə görüşüb.  Dövlət Komitəsinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, qəbulda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, eyni zamanda ərazisi işğal altında olan rayonların İcra Hakimiyyətləri başçılarının müavinləri də iştirak ediblər. Binəqədi rayonunda  doğma yurdlarından didərgin düşən 54 minə yaxın qaçqın və məcburi köçkün yaşayır. Onlar əsasən rayon ərazisindəki ictimai binalarda, yataqxana və uşaq bağçalarında məskunlaşıblar. Görüşdə Ə.Həsənov məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. İndiyədək qaçqın və məcburi köçkünlər üçün Bakıda və ölkəmizin ayrı-ayrı bölgələrində bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə, məhəllə salınıb, 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Lakin hələ də çətin şəraitdə yaşayan məcburi köçkünlər çoxdur. Dövlət Komitəsinin sədri qeyd edib ki, təkcə Bakıda 300 min məcburi köçkün yaşayır və onların da mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, bu problem mərhələli şəkildə həll olunur. Qəbulda ümumilikdə 500 nəfərdən çox məcburi köçkün vətəndaşın müraciəti dinlənilib. Səhər saat 9-dan başlayan görüş axşam saat 17.00-dək davam edib. Görüşün sonunda baş nazirin müavini, hətta qəbula yazılmayan məcburi köçkünləri də qəbul edib, onların da ərizələri baxılmaq və tədbir görülmək üçün qeydiyyata alınıb. Ə.Həsənov onu da bildirib ki, Bakının digər rayonlarında məskunlaşan məcburi köçkünlərlə də davamlı olaraq ayrı-ayrılıqda görüşlər keçirəcək. Qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb, problemlərinin həlli üçün tapşırıqlar verilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs