news Image
2014.06.19
14:42
| A A A
Orxan Zeynalovun məhkəməsi iyunun 30-na təyin olunub

Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası bu gün davam etdirilib.


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə məhkəmə baxışının iyunun 30-na təyin olunması barədə qərar qəbul edilib.

 

Qeyd edək ki, məhkəmənin hazırlıq iclası dünən başlayıb. Prosesdə Orxan Zeynalov barəsində seçilən həbs-qətimkan tədbirinin noyabrın 30-dək uzadılması barədə qərar qəbul edildiyi elan olunub.

 

Dünən prosesdə təqsirləndirilən şəxsin yeni təyin olunan azərbaycanlı vəkili Abbasmirzə Abdullayev cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istədiyi bildirilib. Ona görə də proses bu günədək təxirə salınmışdı.

 

Orxan Zeynalov Moskva Şəhər Məhkəməsində keçirilən prosesə əllərində xüsusi təlim görmüş itlər olan nəzarətçilərin müşayiəti ilə gətirilib. Məhkəmə binası ətrafında yüksək təhlükəsizlik tədbirləri görülüb.

 

Rusiya mətbuatı məhkəməyə böyük maraq göstərib.

 

Media nümayəndələrinə ancaq məhkəmə başlanan zaman görüntülər çəkməyə imkan yaradılıb. Proses qapalı keçirilib.

 

Xatırladaq ki, cinayət işinin istintaqını aparan müstəntiqlər Orxan Zeynalovun Yeqor Şerbakovun qətlində iştirakının sübuta yetirildiyi qənaətinə gəliblər. İstintaqın versiyasına əsasən 2013-cü ilin oktyabrın 10-da sərxoş vəziyyətdə olan Orxan Zeynalov əhəmiyyətsiz səbəbi bəhanə edərək 25 yaşlı Moskva sakini Yeqor Şerbakovu bıçaqla qətlə yetirib. İstintaqla müəyyən olunub ki, bıçaq yaralarından başqa Orxan Zeynalov əlləri ilə Y. Şerbakova azı 20 dəfə zərbə endirib.

 

Qeyd edək ki, Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda ötən il oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və "skinhed"lər Qərbi Biryulevo rayonunda yerləşən "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. "Skinhed"lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.

 

Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini söyləyib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs