news Image
2014.06.20
22:22
| A A A
"Metroda külək də əsir..."

"Stansiya və platformalarda heç bir istilikdən söhbət gedə bilməz. Hətta külək də əsir". 

Bunu modern.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.


Onun sözlərinə görə, metropolitendə çox gözəl ventiliyasiya sistemi var: "Sadəcə olaraq, metropolitenin quruluşu elə formadadır ki, hazırda orada nəsə etmək mümkün deyil. Buna baxmayaraq, hansı tip vaqonlardan və ventilyasiya variantlarından istifadənin daha əlverişli ola biləcəyini araşdırırıq. Əslində sistem yaxşıdır, sadəcə, bütün keçmiş SSRİ ölkələrində olduğu kimi, bizdə də metropolitenin quruluşu düzgün deyil. Ona görə də yay fəslində belə problemlər yaranır. Biz bütün bunları yeni tikiləcək stansiya və xətlərdə nəzərə alacağıq".


Metropolitenin sözçüsü qatarlararası intervalların artırılması məsələsinə də aydınlıq gətirib:


"Metropoliten iyunun 17-dən yay rejimində işləyir. Əvvəllər qış idi, sərnişinlər də çox olurdu. İndi sərnişinlərin sayı azaldığından qatarların sayını azaltmışıq. Beləliklə, əvvəl xəttə 30 qatar çıxırdısa, indi 24 qatar çıxır. Ona görə də interval 4-6 dəqiqədir. Çünki qışda 700 min sərnişin metrodan istifadə edirdisə, hazırda sərnişinlərin sayı 400-450 min arası dəyişir. Bu da bizə həm xətlərdə, həm də vaqonlarda və digər xidmətlərdə qışa hazırlıq görməyə imkan verir. Bu o demək deyil ki, biz bunu nəyəsə görə edirik. Bu qatarlar sərnişinlərin təhlükəsizliyi baxımından depoya göndərilir, əsaslı və cari təmir olunur. Sərnişinlərin sayı sentyabr ayında artacaq, ona qədər tam hazırlıqlı olmaq istəyirik. Pik saatlarda, yəni səhər saat 08:00-10:00 və axşam saat 19:00-22:00 arasında intervallar əvvəlki qaydada az olur. Amma gündüz saatlarında bəli, interval 4-6 dəqiqə arasında dəyişir ki, bu da yay qrafikinə keçidlə bağlıdır. Burada məqsədli gecikmə yoxdur".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs