Əlaqə Arxiv
news Image
2014.06.21
13:16
| A A A
Qara Qarayevin xatirəsi Moskvada əbədiləşdi (FOTO)
Moskvada böyük Azərbaycan bəstəkarı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalr Artisti Qara Qarayevin xatirə lövhəsinin təntənəli açılışı mərasimi olub.

Movqe.az Azərtac-a istinadən xəbər verir ki , Moskvanın Tryoxprudnı döngəsində bəstəkarın yaşayıb yaratdığı evi bəzəyən xatirə lövhəsinin müəllifləri azərbaycanlı heykəltəraş Hüseyn Haqverdi və arxitektor Pyotr Kozlovdur.

Açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək deyib ki, bu mənim üçün xüsusilə əlamətdar bir gündür. Hər şeydən əvvəl ona görə ki, Qara Qarayev mənim müəllimi olub.

"Bir müəllim kimi mənim musiqi həyatıma yol açmış bu bəstəkarın işıqlı xatirəsi həmişə qəlbimdə yaşayacaqdır. Sovet İttifaqında onun qazanmadığı fəxri ad qalmayıb. Bununla belə Qara Qarayev həmişə çox ciddi və diqqətli bir insan olaraq qalıb. O, bu gün bütün dünyada məşhur olan Azərbaycan bəstəkarlarının bütöv bir nəslini yetişdirib. Xoşbəxtəm ki, müəllimimin yaşadığı evdə onun xatirə lövhəsi məhz mənim səfir işlədiyim bir zamanda açılır".

Səfir qeyd edib ki, bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində Azərbaycan ilə Rusiya arasında əlaqələr möhkəmlənməkdə və genişlənməkdədir.

Moskva Mədəniyyət Departamentinin rəhbəri Sergey Kapkov Moskva meri Sergey Sobyaninin təbrik mətubunu oxuyub. Məktubda deyilir: "Bu gün Moskvada daha bir görkəmli Azərbaycan bəstəkarının adı əbədiləşdirildi. Bizə çox xoşdur ki, xatirə lövhəsi Moskvanın belə bir tarixi yerində açılır, axı Azərbaycan ilə Rusiya arasında çoxəsrlik səmərəli münasibətlər mövcuddur. Moskvadakı Azərbaycan diasporu millətlərarası münasibətlərin və dostluq münasibətlərinin inkişaf etdirilməsində bizim böyük tərəfdaşımızdır".

S.Sobyanin həmçinin qeyd edib ki, artıq 36 ildir, Moskvada Qara Qarayev adına musiqi məktəbi fəaliyyət göstərir.

Rusiya Federasiyası (RF) mədəniyyət nazirinin müavini Nikolay Malakov çıxış edərək xatırladıb ki, bir gün Rusiya Mədəniyyət Nazirliyi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlıq proqramı imzalanıb. O, qeyd edib ki, Qara Qarayevin xatirə lövhəsinin açılışı əlamətdar hadisədir.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev böyük Azərbaycan bəstəkarının xatirə lövhəsinin qoyulmasına göstərdikləri köməyə görə Moskva hökumətinə və RF Mədəniyyət Nazirliyinə Azərbaycan Prezidenti İlham Əliyevin təşəkkürünü çatdırıb. 
"Bir neçə ay bundan əvvəl Bakıda Qara Qarayevin abidəsinin açılışı olub. Bu, Qara Qarayevin yaradıcılığına, qədim vətənimizin mədəniyyətinə olan ehtiramın təzahürüdür". 
Ə.Qarayev humanitar sahədə Azərbaycan ilə Rusiya arasındakı sıx əməkdaşlıqdan danışaraq bildirib ki, son əsrlərdə iki xalqa məxsus mədəni əlaqələr inkişaf etmiş və qarşılıqlı surətdə zənginləşib.

"Çox istərdik ki, Azərbaycanda dahi rus bəstəkarlarının musiqisinin səsləndirildiyi kimi Rusiya səhnələrində də Qara Qarayevin və digər Azərbaycan bəstəkarlarının musiqisi daha tez-tez səsləndirilsin".

RF Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyinin İşləri və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski iştirak edənlərin hamısını ürəkdən təbrik edib.

"Bu, təkcə sarsılmaz dostluğumuz üçün deyil, həm də bütün mədəniyyət aləmi üçün əlamətdar hadisədir".

Mərasimdə SSRİ xalq artistləri dirijor Vladimir Fedoseyev, Boris Akimov və başqaları çıxış ediblər.
Görkəmli bəstəkarın oğlu, Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Fərəc Qarayev atasının xatirəsinə göstərilən diqqətə görə ailəsi adından təşəkkür edib.

Açılış mərasimində Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, Rusiyanın tanınmış siyasi və ictimai xadimləri, mədəniyyət və incəsənət xadimləri, Azərbaycanın RF-dəki səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycanlıları Konqresinin, Rusiya Azərbaycanlı Gənclər Birliyinin nümayəndələri, jurnalistlər iştirak ediblər.





















Sizin Reklam Yeriniz