news Image
2014.06.23
10:22
| A A A
Bu kitab da qalacaqdır...

Ömrünü  nakam  başa  vurmuş,  cəmi  50  yaş  həyat  sürmüş  həkim-şair  haqqında  düşüncələr.

 

    ...Hər  dəfə  masallılar,  Masallı  haqqında   yazılan  kitablardan  söz  düşəndə  Masallı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab RAFİL İSRAFİL OĞLU HÜSEYNOV    deyir  ki,  nəsillər  dəyişəcək,  zaman  da  keçəçək,  amma,  yazılan  bu  kitablar  əbədi  yaddaşlarda  qalacaqdır,  kitabxanaların  rəflərini  bəzəyəcəkdir.  Elə  etməliyik  ki,    hər  çap  olunan  bu  kitablar  məktəblərə,  məktəblilərə  çatdırılsın,  oxusunlar,  öyrənsinlər.  Bu  da   olur   bir  tarix.   Tarix  də  heç  nəyi  yaddan  çıxarmır,  yeni  gələn  nəsillərə  qalır.  


Haqqında  danışacağım  bu  kitab da  yaddaşlarada  qalacaq.   Bu  Tahir  Qurbanın  Bakının  "Adiloğlu"  nəşriyyatında,  qalın  qabıqda VƏ 104  səihfədə  çap  olunub  oxuculara  çatdırılmış KİTABIDIR.  Əl  boyda  olan  bu yeni   kitabın  adı  "Yaddaşımda  bitən  ağac"  adlanır.  Kitab  qara  rəngdədir.  Yağışlı  yolun  üstündə  şehli  tək  yarpaq  şəklidə  verilmişdir.  Bu  romantik  duyğular  təbii  ki,  kitab  haqqında  hər  şeydən  xəbər  verir.  Kitabın  içərisində  isə  nakam  şair  ömrünün  əbədiləşdirilmiş  anları  bir  neçə  praqmentdə  verilmişdir-  3 tək  şəkili,  2  əsgərlik  şəkili,  1  tələbələrlə  şəkili,  4 şəkli  isə  atası,  anası,  qardaşları  ilə  şəkili  və  nəhayət  1  bir  şəkili  övladıyla  təbaşirli  kağızda  əks  olunmuşdur.  Tahir  Masallı  rayonunda  Qızılavar  kəndindəki  o  vaxtı  kı  M.F.  Axundov  adına   sovxozun  rəhbəri  Xalıq  Qurbanovun  övladı  idi.  Bu  ailədə  şeirə,  sənətə,  mədəniyyətə,  şəxsiyyətlərə,  tanınmış  insanlara  böyük  qiymət  verilirdi.  Və  təbii  ki,  bu  qiymət  ailədə  övladlarının  duyğularında  öz  yerlərini  tapırdı...  Bir  sözlə,  Tahir  direktor  oğlu  idi...  Lap  atasına da  şeir  yazmışdı:

 


 

 

                            

 

Bir  aylı  gecədən  çıxıb  gəlmişəm,

Saçımda,  gözümdə  qalıb  işığı.

Bir  aylı  küçədən  keçib  gəlmişəm,

İndi  də  gedirəm  küçə  aşağı,

Baş  alıb  gedirəm  gecə  aşağı.

 

 

Bir  aylı  gecədən,  de,  mənə  nə  var?!

Bir  nağıl  istədim,  indi  yox  o  da...

Aylı  gecələrdə  körpə  balalar

Ağ  atlı  oğlanlar  görür  yuxuda.

 

 

Kiminsə  səsində  donur  gülüşü,

Dünya  dağlarının  güney  yeri  ağ...

Yanan  ocaqların  odu  gümüşü,

Sönmüş  ocaqların  kösövləri  ağ.

 

 

Ulduzlar  döyünür  pəncərələrdə,  

Baxışım,  baxışım  üşüyür  bir  az.

Aylı  gecələrdə,  ağ  gecələrdə

Dünya  ağ  yalana  oxşayır  bir  az.

 

 

Elə  bil  bu  gecə  aydan  düşmüşəm,

Ay  ata,  elə  bil  göydən  düşmüşəm...

Sinəmdə  döyünən  aylı  ürəklə

Vuruşa-vuruşa  heydən  düşmüşəm.

 

 

Ot   olub  qayada  bitə  bilmirəm,

Apara  bilmirəm  dünyanı  burdan,

Burda  da  saxlayıb  gedə  bilmirəm,

Günəşin  işığı  düşüb  barıdan.

 

 

Bu  aylı  gecədə  bir  ağ  bulud  var,

Yağışı  sevincə,  dərdə  yağası

Dəyməmiş  alçatək  turş  bir  ümid  var,  

Bir  də

     bir  hamilə gəlin  yuxusu.

 

 

Dünya  mürgüləyə  bilir  birtəhər.

Dünyanı  yolundan  saxlamaq  olmur...

Köhnə  qəzetlərə  oxşayır  şəhər - 

...Köhnə  qəzetləri  oxumaq  olmur.

 

 

Ovcuma  sığınıb  qızınır  dəniz

Zülmətlə  işığın  qarışığında...

Dayanıb  durmuşuq  gün  günorta  biz - 

Dünya-  gün  işığında,

Ürəyim -  ay  işığında... ("Atam  üçün",  səh.  20-23).

 

 

Azərbaycan  Milli  Məclisinin  deputatı,  Xalq  şairi  Sabir  Rüstəmxanlı  "Ürəyimizdəki  Tahir"də  (səh.87-94)  söyləyir  ki,

ötən  əsrin  altımışcı  illərində  Bakının  ədəbi  mühitinin  hərəkətverici  qüvvələrindən,  ədəbiyyatla  maraqlanan  gənclərin  həyatına  rəng  qatan,  onların  əsas  tanışlıq  və  mübahisə  meydanlarından  biri  şəhərin  böyük  kitabxanalarının  nəznindəki  şeir,  ədəbiyyat  məclisləri  idi.  Azərbaycan  Dövlət  Universitetinin,  Sabir  və  Lenin  adına  kitabxanaların  mclislərinə  toplananların  çoxu  bir-birlərini  yaxşı  tanıyırdılar,  əksəriyyəti  tələbə  gənclərdi,  aralarında  tək-tək  yaşlı  həvəskarlar,  yaxud  zavodda,  fabrikdə  işləyən,  lakin  ədəbi  biliklərinə  görə  tələbələrdən  geri  qalmayan   adamlar  da  vardı:  Qaçay  Köçərli,  Aslan  Qəhrəmanov,  Tofiq  Abdin,  Əli  Həsənov,  indi  Şirvan  şəhərində  yaşayan  Tofiq  Hüseyn,  Mövlud  Süleymanlı,  Müzəffər  Şükür,  Ağasəfa,  Ramiz  Rövşən,  Seyran  Səxavət,  Eldar  Baxış,  Nüsrət  Kəsəmənli,  Rüzgar  Əfəndiyev...  Seyrək  gələnlərin  adlarını   unutmuşam,  məni  bağışlayarlar.

      

Bu  dəstədə  arıq,  ucaboylu,  üzündən  nəciblik  tökülən.  yaraşıqlı  bir  oğlan  da  vardı  Masallı  rayonunun  Qızılavar  kəndindən  olan  Tahir  Qurbanov  Tibb  Universitetinbdə  oxuyurdu.

     

Tahir  son  dərəcə  səmimi,  lakin  çox  danışmağı,  öz  duyğularını  hər  dəqiqə  açıb   ortaya  tökməyi  xoşlamayan,  ciddi,  təvazükar,  şəxsiyyətini  qoruyan,  oturub-duruşuyla  elə  ilk  görüşdəcə ətrafındakıların  diqqətini  cəlb  edən  bir  gəncdi  və  dərnəyə  ilk  gəlişindən  biz  onunla  dostlaşmışdıq.  Tahiri  mənə  sevdirən  xarakterindəki  sadaladığım  cəhətlərlə  yanaşı,  yüksək  ədəbi  zövqü  idi.  Tibb  Universitetində  oxusa  da  ədəbi  prosesləri    diqqətlə  izləyirdi,  dünya  ədəbiyyatının  seçmə  nümunələrini  oxumuşdu  və  yeni  meydana  çıxan  əsərlər  barədə  mülahizələriylə  həmişə  başqalaraından  seçilirdi.

     

Nazim  Hikmət,  Lorka,  Robert  Frost,  Voznesenski,  Yevtuşenko,  Əli  Kərim,  Xəlil  Rza,  Məmməd  Araz...  uzaq  və  yaxın  səslər...  Bizim  mühitimizdə  çoxu  artıq  dünyaca  tanınan,  bəziləri  hələ  ilk  kitablarıyla  təqdim  olunan  bu  kimi  adlara  həssasdı,  öz  yazılarımla  yanaşı  onları  da  müzakirə  edərdik  və  mübahisələr  saatlarla  uzanardı.

   

Tahirin  şeirə  öz  münasibəti  vardı,  mövqeyini  və  fikrinin  düzgünlüyünü  sübut   etmək  üçün  lazım  gəlsə     saatlarla  mübahisə edərdi.

    

Haqsızlığa  və  ədalətsizliyə dözümsüzdü.  Belə  vaxtlarda  dalaşqan  və  küsəyən  olurdu.

     

Tahirin  qeyri -  adi  düşüncə  tərzi  vardı.  Bir  neçə  şeirini  dinləmək  yetərli  idi  ki,  onun  anadan  şair  doğulduğuna  inanasan. Sözçülüyü  xoşlamırdı.  Bütün  şeirləri orjinal,  poetik  hörgülərdi.  Nəyə  müraciət  edirdisə,  yeni  hansı  mövzunu  qələmə  alırdısa,  orda  heç  kimin  görmədiyi  mənaları,  cizgi  və  rəngləri  tapmağa  və  ifadə  etməyə  çalışırdı.  Müharibə,  dünyanı  hədələyən  atom  erası  və  akoloji  fəlakətlərdən  tutmuş.  deyək  ki,  o  vaxt  cənub  zonasında  qaraağacların  kütləvi  qurumasına  qədər...  Tahir  bu  mövzuların  hər   birində  bənzərsiz  söz  deməyi  bacarırdı.  Mən  onun  gələcəyini  sevilən.  ədəbiyyatımızda  yer  tutan  bir  istedad  kimi  görürdüm.

      


Təəssüf  ki,  az  yazırdı,  həkimlik  vaxtını  çox  aparırdı,  yaxud  yazdıqlarını  üzə  çığartmağı  xoşlamırdı.  Sonralar  mən  "Ədəbiyyat  və  incəsənət"   qəzetində,  "Yazıçı"  nəşriyyatında  işləyəndə  çoxlarının  kitablarının,  şeir,  nəsr  nümunələrinin  çapına,  nəşrinə  kömək  etmişdim.  Amma  Tahiri  yola  gərtirmək  çətindi.

    

1970-1971-ci  illərdə  kirayə  yaşadığım  evləri  dəyişdirə-dəyişdirə  gəlib,  Hərbi   Hospitalla  Şıtılxanın  arasına,  Perevanlı  adlanan  küçələrindən  birinə  çıxmışdım.  Tahirlə  qonşuyduk.  Axşamlar  evlərinə  gedərkən,  yaxud  istirahət  günləri  yolüstü  mənə  baş  çəkərdi...

    

Yaxşı  havalarda  həyətdəki  albalı  ağacının  altında  şahmat  oynayardıq,  həvəskardı  və  yaxşı  oynayırdı.

     

Mən  də  tez-tez  onlara  gedirdim.  Balaca  evininm   açıq  eyvanı  və  damında  qardaşlarının  -  Şairin,  Mahirin,  qaynı  Kamranın  da  qatıldığı  məclislərimiz  uzanardı.

      

Tahirlə  dostluğumuz  ailəvi  yaxınlığa  çevrilmişdi.  Bir  neçə  dəfə  Qızılavardakı  evlərinə  də  dəvət  etmişdi  və  qaraağacların  dövrələdiyi  evin  qonaqpərvər  ruhu  ürəyimdə  unudulmaz  xatirəyə  çevrilmişdi.  Atası  masallının  ağsaqqallarındandı,  ağır,  sanballı  kişiydi,  ancaq  oğullarının  dostları  gələndə  kənarda  daynamaz,  geniş  dünya  görüşü  və  təcrübəsi  ilə  söhbətlərimizə,  mübahisələrimizə  yol  verərdi.  Mən  Tahirin  xüsusi   bir  istedad  sahibi  olduğunu  deyəndə,  fərəhini  gizlətməzdi.

      

Tahir   gəncliyində  Tibb  Universitetinin  həndbol  komandasının  üzvü  idi,  idmançı  idi,  sağlamdı,  ancaq  fikir  çəkən,  hər   şeyi   ürəyinə  salan  idi.   Bəlkə  buna  görə  də  saçları  tez  ağarmışdı.

      

Bəlkə  qəfil  ölümü  də  həssaslığından,  haqsızlıqlara  dözə  bilmədiyindən,  yaşadığımız  dünyanın  poetik  gözlə  gördüyü  dünyadan  çox  fərqli  olmasının  üzüntüsündən  oldu.

       

Tahir  böyük  mənəvi  dünyasının  qatlarını  açmadan.  sirrini  ürəyində  gizləyərək,  cəmiyyəti  daha  saf,  insanlığı  daha  kamil,  xalqımızı  daha  yetkin  görmək,  sözümüzü  daha  namuslu  görmək  arzusuyla  yaşadı  və  getdi...

amma  dostlarının  ürəyindən  getmədi.

    

Azərbaycan jurnalisti, Ümumrusiya Azərbaycanlıları Ko nqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi,  

region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROV bu günkü məktubunda bildirir ki,   Qurbanov Tahir   Xalıq  oğlu  12  aprel  1947-ci  ildə  Masallı  rayonunun  Qızılavar  kəndində  qulluqçu  ailəsində  anadan  olub.  1965-ci  ildə  ATU-nun  (indiki  Tibb  Universiteti)  Pediatriya  fakültəsinə  daxil  olmuş  və  1971-ci  ildə  institutu  bitirərək,  göndərişlə  2  il  ərzində  Rusiya  Federasiyası  Kaluqa  vilayətinin  Yuxnov  şəhərində  hərbi  hissədə  hərbi  həkim  işləmişdir.  Hərbi  xidməti  başa  vurduqdan  sonra  1973-cü  ildə  Uroloji  Klinikanın  RİT  şöbəsində  əmək  fəaliyyətinə  başlamış,  1977-ci  ildən  isə  Azərbaycan  Dövlət  Həkimlərin  Təkmilləşdirməsi  İnstitutunun  döş  qəfəsi  cərrahlığı  klinikasına  RİT  şöbəsinin  müdiri  təyin  olunmuşdur.  1981-ci  ildə  isə  Respubilka  Klinik  Xəstəxanasının  RİT  şöbəsinin  müdiri  təyin  edilmiş,  sonradan  isə  3  saylı  Şəhər  Klinik  Xəstəxanasının  eyni  profilli  şöbəsinin  müdiri  vəzifəsinə  göndərilmişdir.

     

1991-ci  ildə    Qarabağ  müharibəsi  zamanı  könüllü  olaraq,  azərbaycan  Respubilkası  Komissarlığına  müraciət  etmiş,  əvvəl  hərbi  hosbitalın  RİT  şöbəsində  klinik  ordinator,  sonradan  şöbə  müdiri  vəzifəsinə  təyin  edilmişdir.

      

İşlədiyi  bütün  tibb  müəssisələrində  özünü  yüksək  ixtisaslı,  gözəl  təşkilatçı  mütəxəssis  kimi  göstərmiş,  dəfələrlə  döyüş  bölgələrində  olmuş,  ağır  müharibə  şəraitində  dəfələrlə  cərrahiyə  masası  arxasında  öz  şərəfli  vəzifəsini  yerinə  yetirmişdir.

      

Onun  fəaliyyəti  Səhiyyə  Nazirliyi  və  işlədiyi  müəssisələrin  rəhbərlikləri  tərəfindən  dəfələrlə  yüksək  diymətləndirilmişdir.  Tahir  Qurbanov   ayrı-ayrı  illərdə  müxtəlif  diplom  və  təşəkkürnamələrlə  təltif  olunmuşdur.

     


1997-ci   ildə   xəstəliyi  ilə  əlaqədar  olaraq  hərbi  xidmət  mayoru  rütbəsində  təqaüdə  çıxsa  da  öz  fəaliyyətini  ömrünün  axrına  kimi  hərbi  hosbitalda  davam   etdirmişdir.

    

 


 "...Səssiz  gəlib,  səssiz  getsən  də  Sözün  qaldı   Tahir.  Söz  ki  əbədidir!

  

  "Ta  əzəldən  söz  varıydı.

Sözü  Allah,  Allahı  söz  yaratdı"

                        İncil.

 

 

Bu  balaca,  əl  içi  boyda  kitabla  yenidən  doğuldun  Tahir,  daha  bir  də  ölməyəcəksən!..  " (Kitabı  toplayanı  və  tərtib  edəni  Zakir  Fəxri).

                                                                   


 

     

 

                                          

 

Qalıb  hardasa  o  umu-küsü,

neçə  alov  əllər  sönüb  havada.

Arxamca  atılan  o  bir  ovuc  su,

Sınıq  şüşə  kimi  donub  havada.

 

 

Demişəm  yollara  tökə  qar,  yağış,

bir  böyük  sevincin  izinə  düşəm.

Yuvası  dağılan  bala  qaranquş,

yuxumu  dənləyib,  qaçıb  demişəm.

 

 

Başlayıb  gözümün  nağılı  yenə,

Anam  yuxusuna  atıb  səsimi.

Südlü  laylaları  alıb  əlinə,

körpələr  yelləyib  ağ  dəsmal  kimi.

 

 

O  soyuq  gecənin  kipriklərinə,

Qayalar,  bulaqlar  axıb  üstümə.

Nağıl - ağacları  silkələmişəm,

alma  çiçəkləri  yağıb  üstümə.

 

 

Sürüşüb  sinəmdən  düşüb  bu  ürək,

Bürünüb  yolların  soyuq  qarına.

Mənim  ürəyimi  buğda  dənitək

Çəkib  qarışqalar  yuvalarına.

 

 

Hər  mənzil  başında  susmuşuq  bir  an,

Hər  səhər  çayların  dönüb  axarı.

Durub  ocaqların  buz  yuxusundan,

Kövsövlər  yürüyüb  üfüqə  sarı.

 

 

 

Bir  külək  oxşayıb  gülü,  çiçəyi,

Ötüb  yamacları,  qalxıb  yalları.

Bizim  küçəmizin  dəli  küləyi

qırmızı  işıqda  keçib  yolları.

 

 

Çılpaq  bir  meşəyə  dönübdür  sükut,

Ulduzlar,  böcəklər  gözü  yumulu.

Eh,  mənim  əllərim  qar  kimi  sakit,

eh,  mənim  gözlərim  şehtək  yuxulu...   ("YOL", səh.52-54).

 

 

 "Yaddaşımda  bitən  ağac"KİTABININ redaktoru Saday  Budaqlıdır.



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs