Əlaqə Arxiv
news Image
2014.06.23
18:23
| A A A
Şəkinin turist üzünə həsrət qalan muzeyləri...-FOTOLAR
Sənətkarlar Evindən narazılıq: "Bir sənət əsərinə 10 manat pul qıymırlar, di gəl burdan çıxıb gedib 100 manat yeyib-içməyə hesab ödəyirlər"

Yolboyu demək olar ki, Şəkidə gəzib-dolaşacağımız məkanları müzakirə etdik. Hələ tədbirə gedib çıxmasaq da, indidən tədbiri yola verib Şəkidə "Xan Sarayı"nı xəyalda gəzib dolaşan kim, xanın bağından fotosessiya edib sosial şəbəkədə paylaşmağı xəyal quran kim. Təhsil Nazirliyinin Şəki şəhərində "Fənn kurikulumunun tətbiqi: yeni yanaşmalar və perspektivlər" mövzusunda keçiriləcək konfrans-müşavirəsinə qatılmaq üçün Bakıdan Şəkiyə istiqamət alan jurnalistlərin üzündəncə bu intizarı hiss etmək olurdu. Şəkidə doğulub boya-başa çatdığımdan, dünyaya göz açdığım məkana qovuşmaq üçün elə mən də səbirsizlənirdim. Doğma kəndimizi görə bilməsəm də, ən azından 30-40 kilometrliyindən keçmək özü də təsəlli idi. Təhsil Nazirliyinin yol sovqatından dada-dada budur günorta saat 12-ə Şəkiyə gəlib çatdıq. Məsafə uzun olsa da, yolboyu yeyib-içə, deyib gülə-gülə gəldiyimizdən yorğunluq hiss etmədən ilk işimiz təbii ki, qatıldığımız tədbiri işıqlandırmaq oldu. Tədbirin birinci hissəsini başa vurduqdan sonra  Şəki Rayon Təhsil Şöbəsinin bizim üçün təşkil etdiyi nahar süfrəsindəki ləziz Şəki təamlarından dadmaq üçün yol aldıq Şəkinin məşhur Karvansarayına. Qeyd edim ki,  Şəkidə turistlərin maraq göstərdiyi digər memarlıq abiəsi Yuxarı Karvansaradır. Böyüklüyü və ticarət üçün əlverişliliyi ilə vaxtilə Cənubi Qafqazda məşhur olan Yuxarı Karvansaranın ümumi sahəsi 6 min kv. m-dir. Yuxarı Karvansaraya  Şəki memarlığı üçün səciyyəvi olan kərpic və çay daşının birlikdə işlədilməsi xüsusi kolorit verir. Tikili relyefə uyğun olaraq küçəyə baxan hissədə 14 metr, içəri üzdən isə 8 metr hündürlükdə inşa edilib. 300-dən artıq otağı olan karvansara zirzəmi və iki mərtəbədən ibarətdir. Tacirlər malını zirzəmiyə yığar, birinci mərtəbədə alver edər, ikinci mərtəbədə yaşayırmışlar.  Darvazaların içəri hissəsinin tavanı kərpicdən tağlı günbəzlərdir. Sadə həyəti, tağbəndlərlə örtülü eyni ölçülü hücrələri, həyət eyvanları, hovuz və onları əhatə edən yaşıllıq karvansaranın ümumi kompozisiyasını tamamlayır. Öz gözəlliyini, memarlıq üslubunu qoruyub saxlayan və hazırda mehmanxana kimi istifadə olunan Yuxarı Karvansara Şəkinin zəngin maddi və mənəvi irsə malik bir şəhər olmasının bariz nümunəsidir. Karvansara ilə tanışlıqdan sonra hamılıqla bizim üçün açılmış nahar süfrəsinə əyləşdik. Çolpalı Şəki supundan daddıqdan sonra süfrəyə biri-birindən ləziz təamlar gətirildi. Şəkinin məşhur çığırtmalı plovunu yeyib, yeməkdən sonra işləmək çətin olsa da, yenidən iş başına, konfransın ikinci hissəsinə qatıldıq. Konfrans başa çatdıqdan sonra bizi Şəki gəzintisi gözlədiyirdi. Gəzintiyə Şəki şəhərində 183 yaşı olan qədim məktəb kompleksini ziyarətlə başladıq. Burada mətbuatımızın ağsaqqalı Şirməmməd Hüseynovla görüşüb yol aldıq birbaş Şəki Xan Sarayına.  Şəki Xan Sarayını gəzmək, xanın bağındakı 100 ildən çox yaşı olan ağacların kölgəsində  dincəlmək xoş olsa da, bu istirahət həzzini yaşamağı həmkarlarıma buraxıb Movqe.az-ın oxucularını virtual da olsa Şəkiyə, Şəkinin tarixi əhəmiyyətli məkanlarına aparmaq, Şəki sənətkarlarının sənətkarlıq nümunələri ilə tanış etmək üçün Şəki Sənətkarlar Evinə yollandıq.  


"Sənətkarlar Evi"ndə sənətə laqeyid münasibət 


Elə ilk həmsöhbətimiz olan Aynur xanım söhbətə giley-güzarla başladı: "Elə bilirsiniz bura gələnlərin hamısı alış-veriş edir? Vallah özümüzünkülər bura girib ancaq baxmaqla kifayətlənirlər. Bir sənət əsərinə 10 manat pul qıymırlar. Amma di gəl burdan çıxıb gedirlər 100 manat yeyib-içməyə hesab ödəyirlər. Bizim alıcılarımızın çoxu xarici turistlərdir. Onlar çaylarını, sularını da çiyinlərində gəzdirib pullarını yeyib-içməyə yox, belə eksponatlara xərcləyirlər".

Həmsöhbətimin dediyinə görə, satışda Şəki sənətkarlarının əl işindən ibarət xeyli sənətkarlıq nümunələri olsa da, alverləri elə də yaxşı getmir: "Özünüz görürsünüz ki, burada xırda əl işlərini elə də baha satmırıq. Bircə divar üçün Təkəlduzluq  sənət nümunələri bahadır. Onları da əl işi olduğundan, çətin başa gəldiyindən baha satırıq. Birda təkəlduz sənət nümunələrinin qiyməti  25 manatdan başlayıb 500-1200 manata qədər dəyişir. Əldə tikilən çanta, araqçınları 5-8 manata əldə etmək də olar. Amma çox təəssüf ki, azərbaycanlı turistlər bu sənət nümunələrinə bəzən baxmaqla kifayətlənirlər.   "Sənətkarlar Evi"ə girişi pulsuz eləmişik ki, bəlkə girib baxıb nəsə alalar. Amma çoxu baxmaqla kifayətlənir".


"2 manat verib bu eksponatlara baxmağa maraq göstərmirlər"


Şəki sənətkarlarının əl işlərinin cəmləşdiyi  525-dən çox nadir eksponatın cəmləşdiyi digər  Sənətkarlar Muzeyində də vəziyyət elə də fərqli deyil. Bu muzeydə qədimi sənət nümunələri olsa da, giriş pullu olduğundan,  qapını döyənlərin çoxu elə astanadaca sağollaşmalı olur. Bu barədə bizə məlumat verən muzeyin bələdçisi bildirdi ki, qonaqlarının əksəriyyəti əcnəbilərdir: "İçəridə yüz illərlə yaşı olan eksponatlar var. Amma gələnlər 2 manat verib bu eksponatlara baxmağa maraq göstərmirlər. Yaxşı ki, əcnəbi turistlər var".


Xan Sarayını görməyə gələn turistin şikayəyi...


Şəkiyə gəlib Xan Sarayına baş çəkməmək günahdır deyirlər. Odur ki, çəkiliş aparmaq yasaq olsa da, Şəki xanı Hacı Çələbi xanın nəvəsi Məhəmmədhəsən xanın zamanında tikilən məşhur Xan Sarayına da baş çəkdik. 1789-1790-cu illərdə inşa olunan bu tarixi memarlıq əsəri bu gün də turistləri heyran etməkdədir. Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi fiqurlara bölünmüş, ağac parçaların aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə pəncərə və qapılardan ibarətdir. Şəbəkələrin hər bir kvadrat metri orta hesabla 5000, mürəkkəb yerləri 14000 ağac və şüşə şəbəkədən ibarətdir. Binada mismar və yapışqandan istifadə edilməmiş, ağac və şüşə parçaları bir-birinə geyindirilmişdir. Saray divarın ornamentliyi, piştağların genişliyi, naxışlı şəbəkələr, müxtəlif naxışlar, gəc üzərində oymalar məharətlə işlənib. Binanın daxilində həndəsi naxışlara, nəbatat rəsmlərinə, süjetli və quş rəsmlərinə, döyüş və ov səhnələrinə daha geniş yer verilib. Zövqlə işlənmiş taxçalar, güzgülü buxarılar əsl sənət nümunəsidir. Saraydakı naxışların zənginliyi, rəng çalarları, stalaktit oymal olduqca gözəldir. Otaqların divarları ilə yanaşı tavanı da yaraşıqlı naxışlarla bəzədilib. Xan Sarayı bura gələn hər kəsin heyranlıqla seyr etdiyi tarixi sənətkarlıq nümunəsi olsa da, bu məkana üz tutan  əcnəbilər bizləri bu məşhur məkanımızı təbliğ etmək imkanının məhdudlaşdırıldığından gileylənilər. Xan Sarayının həyətində söhbətləşdiyimiz Norvec vətəndaşı olan Nerijus Balnys deyir ki, Xan Sarayının içərisində çəkiliş aparmaq  qadağandır: "Sizdə bəyənmədiyim xüsusiyyət odur ki, siz bu məkana gələn turistlərin hesabına daha çox turist cəlb etməyi bacarmırsınız. Əslində Xan Sarayı gözəl və maraqlı tarixi sənətkarlıq nümunəsidir. Amma biz burdan sadəcə məlumat alaraq əliboş öz ölkəmizə dönürük. Halbuki, bizə bu sarayın içərisinin məlumat xarakterli, şəkillərlə izahı olan bir broşürünü  və yaxud çəkiliş aparmaq imkanı versəydiniz biz öz ölkəmizdə də bu sarayla bağlı təbliğat aparmış olardıq. Bu Şəkiyə gələn turistlərin də sayını artırardı".   

Şəkidə Xan Sarayından çıxb yol üstü məşhur "Əliəhməd şirniyyat sexi"nə də baş çəkib bu gözəl şəhərin təmiz havasını içimizə çəkib Bakıya yola düzəlirik.  Şəkidən hələ uzun illər yaddaşımızdan silinməyəcək xoş xatirələrlə.


   



































































































































Sizin Reklam Yeriniz