Əlaqə Arxiv
news Image
2014.06.24
14:43
| A A A
I-X siniflər üzrə şagirdlərin məktəblərə qəbulu qaydaları açıqlanıb

Azərbaycanda şagirdlərin məktəblərə qəbulu qaydaları açıqlanıb. Təhsil Nazirliyindən Movqe.az-a verilən xəbərə görə, təhsil nazirinin əmri ilə təsdiq olunan "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları"na əsasən məktəblərə şagirdlərin kütləvi qəbulu I və X siniflər üzrə aparılır. 

Şagirdlərin I sinfə qəbulu məktəb direktorunun əmri ilə təşkil olunmuş komissiya tərəfindən həyata keçirilir. Komissiya müvafiq dərs ilinin ikinci yarımilindən etibarən fəaliyyətə başlayır. Ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 (altı) yaşı tamam olan uşaqlar qəbul edilirlər. Ümumtəhsil məktəbinin direktoru yerli icra hakimiyyətinin nümayəndələri ilə birgə ərazi üzrə məktəb yaşına çatmış bütün uşaqların təhsilə cəlb olunması ilə bağlı zəruri tədbirləri həyata keçirir. Məktəbin I sinfinə, ilk növbədə, məktəbin bilavasitə xidməti ərazisində yaşayan uşaqlar qəbul olunurlar. Üzrlü səbəb olduğu halda (xəstəliklə bağlı müalicə, fövqəladə hadisə, xidməti ezamiyyə ilə əlaqədar valideynlərin (digər qanuni nümayəndələrin) başqa yerdə olması), dərs məşğələlərinin başlandığı tarixdən 1 ay müddətində uşağın I sinfə qəbuluna icazə verilir. Həmin müddətdən sonra I sinfə uşaq qəbulu aparılmır. Uşağın I sinfə qəbulu barədə valideynin ərizəsi müvafiq dərs ilinin ikinci yarımilindən etibarən növbəti dərs ili başlananadək məktəbdə qeydiyyata alınır. Uşağın məktəbə hazırlıq mərhələsindən keçməməsi onun I sinfə qəbuluna təsir etmir. Məktəbə hazırlıq mərhələsini keçmiş uşaqların sayı imkan verdiyi halda, onlar ayrı sinifdə komplektləşdirilirlər. I sinfə qəbul olunmuş, lakin uzun surən xəstəlik və digər üzrlü səbəblərdən məktəbə gəlmədiyi üçün biliyi qiymətləndirilməmiş şagirdin təkrar I sinifdə oxumasına yol verilir. I sinfi bitirmiş şagirdin təkrar I sinifdə oxuması yolverilməzdir. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Təhsil Nazirliyinin müəyyən etdiyi müvafiq qaydalara uyğun aparılır. Məktəbin X sinfinə qəbul şagirdin ərizəsi və ümumi orta təhsil haqqında şəhadətnaməsi əsasında həyata keçirilir. Digər məktəbdən gələn şagirdin X sinfə qəbulu zamanı onun əvvəl oxuduğu məktəbdə öyrəndiyi xarici dil mütləq nəzərə alınır. Şagird digər xarici dil tədris olunan məktəbin X sinfinə bu ərazidə əvvəl öyrəndiyi xarici dil tədris edilən başqa bir tam orta məktəb olmadığı halda qəbul edilir. Ümumi orta təhsil səviyyəsini bitirdikdən sonra ilk peşə və ya orta ixtisas təhsili müəssisəsinə sənəd verib daxil ola bilməyən şagirdlərin X sinfə qəbulu yalnız sentyabr ayı ərzində aparılır. Məcburi köçkün olmayan şagirdlərin məcburi köçkün məktəblərinə qəbuluna yalnız həmin ərazidə yerli məktəb olmadığı halda, Təhsil Nazirliyinin icazəsi ilə yol verilir. Xüsusi tədris proqramları tətbiq edilən məktəb, gimnaziya və liseylərə, özəl məktəblərə uşaqların qəbulu həmin təhsil müəssisələrinin nizamnamələrinə uyğun aparılır.

Sizin Reklam Yeriniz