Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Ramazan ayında dini ayinlərin icrasından istifadə edərək parçalanma yaratmaq istəyənlərə ciddi xəbərdarlıq edib.
APA-nın məlumatına görə, Allahşükür Paşazadə bu gün dindarlarla keçirilən görüşdə bildirib ki, Ramazan ayında sünni və şiələr eyni vaxtda iftar açacaq, sünni və şiə məscidlərində azanlar eyni vaxtda veriləcək, moizələr eyni qaydada oxunacaq.
Şeyx bundan sui-istifadə edib qarışıqlıq yaratmaq istəyənlərə
xəbərdarlıq edərək bildirib ki, hər şey QMİ-nin nəzarətindədir:
"Biz bu məsələləri həm şiə, həm də sünni alimləri ilə
məsləhətləşmişik. Ramazan ayının İslam dinində həssas aylardan
olduğunu nəzərə alaraq, dini ayinlərdən istifadə edib parçalanma
yaradanlara imkan verməməliyik. Hər şey İslamın buyurduğu qaydada
olacaq".