Əlaqə Arxiv
news Image
2014.06.27
16:07
| A A A
Nuşirəvan Məhərrəmli: "Hətta bəzi məmurlar da dilimizi bilmirlər"

"Azərbaycanın bir sıra mədəniyyət mərkəzlərində, elm sahəsində, hətta dövlət qurumlarının yuxarı mərtəbələrində işləyənlərin çoxu öz ana dillərini tam bilmirlər".

Movqe.az-ın xəbərinə görə,  bunu dilçiliyin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı tədbirdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə, istər ziyalı, istərsə də digər təbəqələrdə dövlət dilinə hörmətlə yanaşmayanlar həddindən artıq çoxdur: "Həmin adamları televiziya kanallarına dəvət edəndə öz fikirlərini tam dəqiq ifadə edə bilmirlər. Bu ciddi faktdır. Bəzən bizə deyirlər ki, televiziyalarda Azərbaycan dilinin məcburi istifadəsi ilə bağlı tədbirlər həyata keçiriləndən sonra bəzi insanlar məcbur olub Azərbaycan dilini öyrəndilər. Digər dilləri bilmək böyük üstünlükdür, amma insan ilk növbədə ana dilini bilməlidir".

N.Məhərrəmli əlavə edib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının "Ana dili" ilə bağlı açıqladığı sonuncu statistika təəssüf doğurur: "Sonuncu buraxılış imtahanında XI sinif şagirdlərindən bir çoxu ana dilindən qiymət ala bilməyib. Şagirdlərin "2" qiyməti alması gələcəkdə ana dilimizin ziyanına ola bilər. Hesab edirəm ki, bu istiqamətdə tədbirlərin görülməsi vacibdir". 

Sizin Reklam Yeriniz