Əlaqə Arxiv
news Image
2014.06.27
16:49
| A A A
Akademiyanın yeni Nizamnaməsi Ümumi Yığıncağın müzakirəsinə təqdim olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizamnamə Komissiyası öz işini başa çatdırmışdır. AMEA Rəyasət Heyətinin 18 sentyabr 2013-cü il tarixli qərarı ilə Milli Elmlər Akademiyasında Nizamnamə Komissiyasının yeni tərkibi müəyyən olunmuş və Akademiyanın prezidenti, akademik Akif Əlizadə həmin komissiyanın qarşısında bu elmi qurumun yeni layihəsini hazırlamaq vəzifəsini qoymuşdur.


AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə Nizamnamə Komissiyası il ərzində elmi-tədqiqat institutlarından, tanınmış alimlərdən alınmış təklifləri müzakirə etmişdir. Bundan başqa, dünya Elmlər akademiyalarında gedən proseslər yaradıcı şəkildə öyrənilmiş, yeni Nizamnamənin Akademiyada aparılacaq islahat proseslərinə, inkişaf prinsiplərinə hüquqi təminat verməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir. Eyni zamanda, Rusiya, Polşa, Qazaxıstan, Latviya, Bolqarıstan, Belarus, Özbəkistan, Çexiya, Ukrayna, Qırğızıstan respublikalarının Elmlər akademiyalarının nizamnamələri diqqətlə araşdırılaraq nəzərdən keçirilmişdir.


AMEA-da müstəqillik illərində yaradılmış regional elmi bölmələr və mərkəzlərin fəaliyyətinin, həmçinin son illərdə genişlənməkdə davam edən beynəlxalq əlaqələrin, innovasiya və sahibkarlıq fəaliyyətinin, əmlak və maliyyə məsələlərinin nizamnamə ilə tənzimlənməsilə əlaqədar olan müddəalar haqqında ilk dəfə olaraq Nizamnamədə yeni bölmələr əsasında kompleks müddəalar müəyyən olunmuşdur.


AMEA-nın yeni Nizamnaməsi 9 aprel və 11 iyun 2014-cü il tarixlərində Rəyasət Heyətinin iclaslarında geniş müzakirə edilərək daha da təkmilləşdirilmişdir. Bundan əlavə, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda


hüquqşünas alimlərin iştirakı ilə yeni Nizamnamənin müzakirəsi keçirilmişdir. Akademiyanın Huquqi təminat şöbəsinin təklifləri də nəzərə alınmışdır.


Bütün bunlardan sonra AMEA-nın yekun layihəsi Akademiyanın Ümumi Yığıncağının müzakirəsinə təqdim olunmuşdur.


Təqdim edilən sənəd AMEA-nın müstəqillik dövründə hazırlanmış əsas Nizamnamə layihəsidir. Axırıncı dəfə 2002-ci ildə qəbul olunmuş, 67 maddədən ibarət olan Nizamnamə keçid dövründə fəaliyyəti tənzimləmək üçün nəzərdə tutulan ilkin sənəd idi. AMEA-nın hazırda 16 bölmədən və 176 maddədən ibarət olan yeni Nizamnaməsi isə yeni mərhələdə ölkəmizdə elmi daha da inkişaf etdirməyə, geniş islahatlar keçirməyə təminat verməlidir.


AMEA-nın yeni Nizamnamə layihəsi Akademiyanın Ümumi Yığıncağında müzakirə edilib qəbul olunduqdan sonra təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaqdır.

Sizin Reklam Yeriniz