news Image
2014.06.27
15:50
| A A A
Mediada ədəbi dillin problemləri müzakirə olundu-FOTO

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanın kütləvi informasiya vasitələrinin dili: problemlər və vəzifələr" mövzusunda konfrans keçirilib. Movqe.az-ın məlumatına görə, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Prezident sərəncamından irəli gələn vəzifələrin icrasına həsr olunmuş konfrans Milli Televiziya və Radio Şurasının və Azərbaycan Mətbuat Şurasının (MŞ) birgə təşkilatçılığı ilə təşkil olunub. Konfransda MŞ İdarə Heyətinin üzvləri, MTRŞ rəhbərliyi, kütləvi informasiya vasitələrinin baş redaktorları, dövlət rəsmiləri də iştirak ediblər.Konfransı giriş sözü ilə açaın MŞ sədri Əflatun Amaşov bildirib ki, hər bir xalqın mövcudluğunda onun milli dili mühüm rol oynayır: "Azərbaycan dili rəsmi olaraq ölkəmizin dili və milli həmrəyliyimizin dilidir. Bu dil, eyni zamanda, Azərbaycan məfkurəsinin formalaşmasında mühüm rola malikdir. Təqribən dünyada 5 minə yaxın dil mövcuddur. Faktlar kimi dillər də aradan çıxır. Biz xoşbəxtik ki, bizim öz dilimiz var və Azərbaycan xalqı bu dildə danışır"..

Əflatun Amaşov bildirib ki, müstəqillikdən sonra Azərbaycan dilinin inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib, sənədlər qəbul olunub: "Azərbaycan dilinin mətbuat orqanlarında düzgün işlədilməsinə nəzarət Mətbuat Şurasının daim diqqət mərkəzindədir və hesab edirəm ki, bu cür tədbirlərin keçirilməsi bu sahədə olan problemlərin aradan qalxmasına kömək edəcək".  

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə diqqətə çatdırıb ki, bu cür məsələlərin həlli yollarını axtarıb tapmaq lazımdır: "Ümumiyyətlə, Azərbaycan dili məsələsi, inkişafı, zənginləşməsi çox çətin məsələdir. Hesab edirəm ki, bu sahədə ziyalılara böyük ehtiyac var. Bu gün internet dili beynəlxalq insanlar tərəfindən qəbul olunub. Eyni zamanda, biz milli özünümüdafiə məsələlərinə xüsusi yer verməliyik. Ölkəmiz Azərbaycan dilinin rəsmi dövlət dili kimi işlənməsinə xüsusi önəm verir".

N.Məhərrəmli xatırladıb ki, 2013-cü ilin aprelin 9-da Prezident İlham Əliyev "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" haqqında sərəncam imzaladı: "Həmin sərəncamda da bildirilir ki, bu gün Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılıb. Eyni zamanda, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Hesab edirəm ki, bu sözlər bizim üçün əsas iş olmalıdır. Bir sıra telekanallarla görüşüb mövcud məsələləri müzakirə edirik. Bu sahədə digər problem isə aparıcılara nitq, dillə bağlı treninqlərin keçirilməsi idi. Etiraf edim ki, bu məsələ çox çətin məsələdir. Azərbaycan dili məsələsi hər kəsin vətəndaşlıq məsələsi olmalıdır. Media bu məsələdə daha öndə olmalıdır. Eləcə də vətəndaş cəmiyyətləri, qeyri-hökumət təşkiları və s. bu istiqamətdə öz işlərini qurmalıdır. Təəssüf ki, bu gün aparıcıların əksəriyyəti ədəbi dil normalarından uzaqdırlar. Biz çalışmalıyıq ki, onlar ədəbi dil normalarını inkişaf etdirsinlər. Biz deyə bilmərik ki, Azərbaycan kinolarında və s. xalq danışığı olmasın. Təbii ki, bu da olmalıdır".

Daha sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli, Mətbuat Şurasının layihə üzrə monitorinq qrupunun rəhbəri, "Xalq qəzeti"nin şöbə müdiri İlham Abbasov və digərləri çıxış edərək dil normaları ilə bağlı fikirlərini bölüşüblər.  

Tədbirdə çıxış edən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə  bildirib: "Bu gün biz teleradio, mətbuat məkanında  ədəbi dilin qorunmaında problem və nöqsanları müzakirə edirik. Azərbaycan dilinin qorunması hər birimizdən asılıdır.  Ədəbi dilin qorunmasına nəzarət mexanizmi olmalıdır. Bu,senzura deyil. Üç ildir ki, teleradio məkanında,  mətbuat aləmində ədəbi dilin qorunmaı üçün layihələr  Fondun dəstəyi ilə həyata keçirilir. Həmin layihələr çərçivəsində monitorinqlər aparılır, treninqlər keçirilir. Bu gün burda da həmin monitorinq zamanı aşkarlanan nöqsanlardan danışdılar. Amma mən çox istərdim ki, nöqsanlar konkret qəzet adları çəkilməklə göstərilsin. Fikrimcə, belə olsa hər kəs öz səhvini bilər və təkrarlamaz". 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs