news Image
2014.06.28
23:00
| A A A
Sərin su alarkən ehtiyatlı olun (VİDEO)
Paytaxtda mənşəyi məlum olmayan sular satılır.

Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, yay fəslinin gəlişi ilə əhalidə sərinləşdirici sulara olan tələbat artır. Problem isə ondadır ki, paytaxt mağazalarında insan sağlamlığına ziyan ola biləcək saxta sərinləşdirici içkilər satışa çıxarılır.

Şəhər sakinləri bu problemin onları getdikcə daha çox narahat etdiyini deyir. Onların sözlərinə görə, suyu alırlar, istifadə edirlər, xoşlarına gəlməyəndə atırlar. Bəziləri isə deyir ki, keyfiyyətinə inanmırıq, bunun üçün də ancaq təbii qazsız su alırıq.

Paytaxtın bir çox topdan və pərakəndə satış dükanlarında apardığımız müşahidələr göstərdi ki, sakinlərin narahatlığı əsassız deyil. Bəzi mağazalarda mənşəyi və mənbəyi bilinməyən sular satılır. Müxtəlif adlar altında plastik qablara doldurulan qazlı və qazsız suları alan bəzi alıcılar isə heç nəyin fərqinə varmır. Satıcılar bu məhsulların təhlükəli olması ilə razılaşır. Amma saxta məhsulların bazardan çıxarılmasına qarşı məşhur firmaların özlərinin də mübarizə apardığı qənaətindədirlər.

Satış müdiri Seymur Əlizadə deyir ki firmaların özləri baxır və müəyyən eləyir. Dükan sahibləri də problem olmasın deyə, yaxın buraxmır.

Reallıq isə odur ki, belə məhsullar satışda var və hətta onların saxlanması zamanı da problemlər müşahidə olunur. Mağazalardakı bəzi sular vaxtında soyuduculara yüklənməyərək günəş şüasının altında qalır. Bu zaman isə sərinləşdirici sular insan orqanizmi üçün əsl təhlükə mənbəyinə çevrilir.

Satıcı Həsən Quliyev bildirib ki, suyu isti də, soyuq da istəyən var, sular gün dəyməsə, keyfiyyətini itirmir".

Azərbaycan Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov bildirir ki, bu gün Azərbaycan bazarında su istehsalına nəzarət çox zəifdir. Ekspertin fikrincə, Bakı şəhərində sərinləşdirici içkilərin və suların çoxu yoxlanılmadan satılır. Bakı şəhərində satılan suların 50-60 faizi, restoranlarda verilən su və şirələrin 90 faizinin mənbəyi məlum deyil. Belə sular, xüsusən Abşeron rayonunda gizli sexlərdə istehsal olunur. Ekspert problemin çıxış yolunu nəzarəti gücləndirməkdə və bu sahədəki qanunsuzluq aşkar edildikdə cərimələrin çoxaldılmasında görür. "Cərimələrin məbləği olduqca aşağıdır. Cərimə 300-400 manatdan 5000 manata qaldırlmalıdır. Bu zaman biz xarab olmuş ərzaq yox, normalara cavab verən ərzaq alacağıq".

Dövlət qurumları isə səslənən ittihamları qəbul etmir.

İqtisadiyyat və Sənaye Nazirliyinin xidmət rəisi Zahid İsayev Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən daima bu problemin nəzarətdə olduğunu bildirib. Onun sözlərinə görə, əvvəlki illərlə müqaisədə saxta məhsulların bazara çıxarılması halları azalıb. "Yay mövsümü başa çatana qədər mütəmadi nəzarət tədbirləri həyata keçiriləcək. Hələlik keçirilən monitorinqlərdə ciddi qanun pozuntuları ilə qarşılaşmamışıq. Sərinləşdirici içkilərdən nümunələr eyni qayda ilə götürülmür. Hər bir içkinin xüsusiyyətinə görə yoxlamalar aparılır".

Bu problem Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən də ciddi yoxlanılır. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının dediyinə görə, problem aşkarlanan müəssisələrin fəaliyyəti birmənalı olaraq dayandırılacaq. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq qüsurlara yol verən müəssisələr barədə cərimələr tətbiq olunacaq.

Sərinləşdirici içkilər qəbul edərkən onların mənşəyinə və keyfiyyətinə fikir verin. Bu, həm sizin özünüz, həm də gələcək nəsillər üçün faydalıdır.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs