news Image
2014.06.30
09:40
| A A A
Zəlzələ bölgəsindən son xəbər

Yeraltı təkanlardan qorxan insanlar gecəni səhərə qədər təşviş içində keçirib

Ötən gün axşam Şimal-Qərb bölgəsində baş verən zəlzələnin gücü Zaqatala rayonunda 6 bal hiss olunub. 


Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, zəlzələ ciddi dağıntılara səbəb olmasa da, əhalini qorxu və təşvişə salıb.


Zəlzələ baş verəndən dərhal sonra rayon sakinlərinin demək olar ki, əksəriyyəti təkanların təkrarlanacağından qorxduqlarından küçələrə axışıb və səhərə kimi küçədə gecələyiblər.


Bəzi evlərdə 2012-ci ildə baş verən zəlzələ nəticəsində yaranan çatlar genişlənərək təhlükəli vəziyyət yaradıb. Buna görə də, sakinlər həmin evlərini tərk edərək həyətlərində palatkalar qurub.


Rayonun Muxax kəndində isə zəlzələ nəticəsində iki evin tavanı uçub. Xoşbəxtlikdən ev sahibləri xəsarət almayıb.

Zaqatala Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, zəlzələ ötən gecə saat 22:26 radələrində Zaqataladan 14 km cənub-qərbdə qeydə alınıb. 12 km dərinlikdə baş verən zəlzələnin episentri Azərbaycan Rusiya sərhədinin Zaqatala ərazisində, dağlıq hissədə qeydə alınıb.


Episentrə yaxın yaşayış məntəqələrində yeraltı təkanlar 6.0 bala qədər hiss olunub. Zaqatala regional Seysmoloji stansiyanın rəisi Kamal Əliyev ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, zəlzələ baş verən ocaq aktiv sayılır.


"Həmin zəlzələ 2012-ci ildə baş verən yeraltı təkanın episentrində qeydə alınıb. Yeraltı təkanın gücü 5 baldan yuxarıdır", - deyə Kamal Əliyev bildirib.


Yeraltı təkanlar Qaxda da qeydə alınıb. Zəlzələ əsasən hündürmətəbəli yaşayış binalarında daha çox hiss olunduğundan, burada yaşayan sakinlərin hamısı öz mənzillərini tərk edərək küçələrə axışıb.


Vəziyyətlə bağlı əraziyə Qax rayon polis şöbəsinin əməkdaşları da gəlib. Onlar sakinlərə evlərinə qalxmalarını tövsiyyə edib. Buna baxmayaraq, təşfiş və həyəcan içində olan sakinlər mənzillərinə qayıtmaqdan imtina edib. Zəlzələ anını dəhşətlə xatırlayan sakinlər təkanların təkrar baş verməsindən daha çox narahat olduqlarını deyir.


Təşvişə düşən bəzi sakinlərin halı pisləşdiyindən, onlara təcili yardım çağırılıb. Təzyiq, həyəcan, stress keçirmə və qorxma ilə əlaqədar narahat olan sakinlərə ilkin yardımlar göstərilib.


Qax və Zaqatala rayon İcra Hakimiyyətindən verilən məlumata görə, zəlzələ nəticəsində dağıntı və təlafat yoxdur. Yalnız episentrə yaxın ərazidə yerləşən Güllük və Gözbarax kəndlərində ötən zəlzələ nəticəsində yaranmış xırda çatların genişlənməsi barədə məlumatlar verilir.


Zəlzələ Şəkidə də hiss olunub. Burada təkanların gücü 3 bal olduğundan yalnız hündür mərtəbəli binlarda yaşayan sakinlər təkanları hiss edib. Burada da dağıntı və tələfat qeydə alınmayıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs