news Image
2014.07.03
10:06
| A A A
Yararsız ərzaq satışı davam edir
Abbas Əliyev: «Kifayət qədər işlər görülür və nəticəsi olaraq ildən-ilə qanun pozuntusuna yol verən ticarət obyektlərinin sayı azalır» Eldar Qocayev: «Bu cür məhsullardan ciddi fəsadlar baş verərsə, satışa görə məsuliyyət daşıyan şəxs birbaşa cinayət məsuliyyətinə cəlb olunmalıdır»

Bu il ərzində Azərbaycanda mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 21,7 ton müxtəlif növ ərzaq mallarının satışdan çıxarılaraq məhv edilib. Dövriyyədən çıxarılan yararsız ərzağın həcmi göründüyü kimi az deyil. Ümumiyyətlə isə, satışda yararsız ərzağın oloması məsələsi uzun müddətdir ki, gündəmdədir və görülən tədbirlər bu problemin hələ tam həllini tapmağı gətirib çıxarmadığını göstərir. Bu mənada mübarizə üsulunun daha da kəskinləşdirilməsinə bir ehtiyac yaranmaqdadır. 

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Movqe.az-a nazirlik tərəfindən bu hallara qarşı görülən tədbirlərdən danışıb. Abbas Əliyev əslində bu mənfi göstəricilərin ildən-ilə azaldığını bildirir: "Nəzarət tədbirləri ildən-ilə gücləndirilir. Aparılan təhlillər göstərir ki, həm qanun pozuntusuna yol verən ticarət obyektlərinin sayı azalır, həm də hər bir qanun pozuntusuna yol vermiş ticarət obyektinə düşən istehlaka yararsız, vaxtı ötmüş, keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməyən malların miqdarı da azalır. Bundan başqa, şübhəsiz ki, istehlakçıların hüquqlarının qorunmasında ən vacib amillərdən biri onların öz hüquqlarını daha dolğun şəkildə bilməsi və öz hüquqlarının fəal müdafiəçisi olmasıdır. Bu baxımdan İqtisadiyyat  və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mütəmadi olaraq həm paytaxt Bakıda, həm regionlarda maarifləndirici tədbirlər həyata keçirir ki, istehlakçıların öz hüquqlarını qoruması sahəsində həm bilikləri artsın, həm də fəallığı yüksəlsin. Bizim yaydığımız məlumatlardan da şahidi olmaq olar ki, bu cür tədbirlər mütəmadi xarakterlidir. Bundan başqa, istehlakçılara, həm də sahibkarlara hüquq və vəzifələri ilə bağlı müxtəlif yaddaş kitabçaları,  braşuralar hazırlanılaraq paylanılır ki, onların bu sahədə iqtisadi bilikləri artsın".

Abbas Əliyev dövlət xidmıtinin hır zaman vətəndaşların müraciətlərinə baxmağa hazır olduğunu bildirdi: "Eyni zamanda nazirliyin müvafiq 195-2 telefon mərkəzi daimi fəaliyyətdədir. Dövlət xidmətinin 598-15-01, 498-14-04 nömrəli telefonları da daima istehlakçıların xidmətindədir. İstehlakçılar bura  bazarda qarşılaşdıqları hər hansı məsələ ilə bağlı müraciət edə bilərlər. Dövlət xidməti hər zaman operativ şəkildə həmin müraciətləri  araşdırmağa, qanunvericiliyə uyğun tədbirlər görməyə hazırdır". 

O bildirib  ki, ictimai qınaq yaratmaq üçün monitorinqlərin nəticələri də dəqiqliklə açıqlanır: "Bundan başqa, biz hər bir keçirilən monitorinqin nəticəsi konkret qanun pozuntusuna  yol vermiş ticarət obyektinin ünvanı göstərilməklə, eləcə də hansı qanun pozuntusuna yol verildiyi bildirilməklə, mütəmadi olaraq yayırıq ki, ictimai qınaq yaransın. Bundan başqa, həftədə bir dəfə dövlət televiziyası ilə dövlət xidmətinin birgə verilişi yayımlanır. Biz orda həm qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektlərinin, ticarət obyektlərinin adını açıqlayırıq, onların yol verdiyi qanun pozuntusunu göstəririk, həm də maarifləndirmə işləri aparırıq. Məsələn, indi yay mövsümünün başlaması ilə əlaqədar olaraq sərinləşdirci içkilərə və dondurmaya tələbat artır. Bu baxımdan bu sahəyə nəzarəti xüsusilə gücləndirmişik. Artıq 6 min litrdən artıq sərinləşdirici içki istehlaka yararsız olmaq baxımından satışdan çıxarılıb. Bu məlumatlar da mütəmadi olaraq ictimai qınağın yaradılması məqsədilə həm nazirliyin internet səhifəsində, həm də dövlət xidmətində yerləşdirilir. Yəni, kifayət qədər işlər görülür və nəticəsi olaraq ildən-ilə qanun pozuntusuna yol verən ticarət obyektlərinin sayı azalır. Əhəmiyyətli dərəcədə fərq var. Tərəfimizdən hər bir qanun pozuntusuna yol vermiş ticarət obyekti haqqında İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq olunur.  Bununla bərabər, belə qanun pozuntusuna yol vermiş ticarət obyektləri ilə bağlı maliyyə sanksiyasından tutmuş, süni qiymət artımı vasitəsilə əldə olunmuş gəlirin büdcəyə götürülməsinə qədər qanunvericilikdə nəzərdə tutulmuş müxtəlif tədbirlər həyata keçirilir. Və bu da öz nəticəsini artıq verir".  

Hələlki isə real vziyyət göstərir ki, görülən tədbirlərə baxmayaraq, satışda yararsız ərzaq satışına rast gəlinir. Bu fonda təkliflər də səslənir ki, obyektində keyfiyyətsiz, vaxtı ötmüş məhsulların satışına icazə verən şəxslərin cinayət məsuliyyətinə cəlb olunsun.  

Hüquqşünas Eldar Qocayev deyir ki, əgər mağazadakı keyfiyyətsiz məhsul orqanizm üçün ciddi fəsad verərsə, onun staışına yol verən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar:  "Burda standarta uyğun olmayan və ya istifadə müddəti bitmiş məhsuldan söhbət gedir. Amma heç kim kənardan qidanın keyfiyyətsiz olmasını müəyyənləşdirə bilməz. Bunun müəyyənləşdirilməsi üçün müvafiq laboratoriyalarda ekspertizadan keçirildikdən sonra qidanın keyfiyyətsizliyi, həmin qida üçün nəzərdə tutulmuş standartlara uyğun olmadığı aşkarlansa, bunun üçün müvafiq qərarlar verilir. Belə halların yaşanması istehlakçı hüquqlarının pozulması faktıdır və bunun üçün İnzibati Xətalar Məcəlləsində qanunla müvafiq cərimələr nəzərdə tutulur. Amma bu cür məhsullardan ciddi fəsadlar baş verərsə, istehlakçı bundan zəhərlənərsə, allergiya baş verərsə və ən pis halda insan ölərsə, əlbəttə ki, satışa görə məsuliyyət daşıyan şəxs  birbaşa cinayət məsuliyyətinə cəlb olunmalıdır".  



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs