Əlaqə Arxiv
news Image
2014.07.03
11:00
| A A A
“Kəlam” yazdı...

"Kəlam" jurnalının növbəti, 67-ci - iyun 2014 -cü il sayı sayı çapdan çıxıb.


"Kəlam"ın təsisçisi və baş redaktoru publisist, ilahiyyatçı, tərcüməçi, 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1996-cı ildən Azərbaycan Jurnalistlər birliyinin üzvü, 1996-cı ildən "Qızıl qələm" mükafatı laureatı Seyidzadə Mirəziz Mirəsgər oğlu idi...


Mən Mirəziz haqqında olan bu məqaləni ona görə keçmiş zamahda danışıram ki, artıq o, həyatda yoxdur."Kəlam"ın bu nömrəsi bütövlüklə onun yaratdığı Mirəziz Seyidzadəyə töhfə olunmuşdur.


Bəli, jurnal yazır ki, Seyidzadə Mirəziz Mirəsgər oğlu 1949-cu il fevral ayının 14-də Masallı rayonu Türkoba kəndində anadan olub. Təhsili: 1958-1968-ci illərdə Səməd Vurğun adına Türkoba kənd orta məktəbini bitirib. 

1968-1974-cü illərdə Buxara Mir-Ərəb Mədrəsəsində təhsil alıb. 1978-1982-ci illərdə Sverdlovsk Xalq Təsərrüfatı İnstitutunda təhsil (qiyabi) alıb. 

1983-1984-cü illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki iki illik xarici dillər kursunun "Ərəb dili" şübəsini əla qiymətlə başa vurub. 

1992-1997-ci illərdə Bakı İslam Universitetini bitirib. 2001-2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı olub. 

Elmi dərəcəsi və elmi adları: 2004-cü ildə (12 sentyabr) "İslamda həccin tarixi-mədəni və sosial-siyasi rolu" adlı (09.00.06 - Din nəzəriyyəsi və tarixi (ilahiyyat) ixtisası üzrə) namizədlik dissertasiyasını müdafiə edib. 

2004-cü ildə (20 oktyabr) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən "İlahiyyat üzrə fəlsəfə doktoru" alimlik dərəcəsi alıb. Əmək fəaliyyəti: 1978-1982-ci illərdə Astara şəhər "Cümə" məscidində axund vəzifəsində çalışıb. 

1984-1988-ci illərdə Masallı şəhər "Cümə" məscidində axund vəzifəsində çalışıb. 1988-1993-cü illərdə Bakı İslam Universitetinin Baş müəllimi olub. 

1994-2011-ci illərdə Qafqaz Müsəlmanları İdarəsinin Təhsil şöbəsinin müdiri və Bakı İslam Universiteti Sumqayıt şöbəsinin rektoru vəzifələrini icra edib. 2002-ci ildə aylıq "Kəlam" elmi-ədəbi, publisistik jurnalını təsis edib. 

2011-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri işləyib. 

Kitabları: 

1. "İmam Əlinin qısa kəlamları" (Tərcümə. 30 səh.) Bakı-1991. 

2. "İslami söhbətlər" (Dərslik, 448 səh.) I hissə. Bakı-1996. 

3. "Allahımı belə tanıdım" (141 səh.) Bakı - 1998. 

4. "İslami söhbətlər". (Dərslik. 524 səh.) II hissə. Bakı - 2002. 

5. "İslami söhbətlər" (Dərslik. 688 səh. Yeni nəşr). Bakı - 2003. 

6. "Bulud ağlamasa". (209 səh.) Bakı - 2006 

7. "Elmin qapısı" (650 səh.) Bakı - 2008 

8. "Divan" (472 səh.) Bakı-2008. 

9. "İslami söhbətlər" (Rus dilində, "İslamskie besedı" 502 səh.) Bakı-2009 

10. "Elmin qapısı" (İngilis dilində, "Door of knowledge", 619 səh.) Bakı-2009 

11. "İmam Əlinin (ə) qısa kəlamları", (Tərcümə və şərhi ilə, 223 səh.) Bakı-2010 

12. "İslam olduğu kimi", (447 səh.) Bakı-2011 

13. "Yaradan axtarışında", (230 səh.) Bakı-2013 


Məqalələri: 

1970-ci ildən başlayaraq mətbuatda tərcümə materialları və elmi məqalələrlə çıxış edib. 200-dən artıq elmi-publisistik məqalənin müəllifidir. 


İctimai fəaliyyəti: 

1998-ci ildən Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqının üzvü olub. "Qızıl Qələm" jurnalist mükafatına layiq görülüb. 2000-ci ildən Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvü olub. 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ədəbi cameədə "Əziz Pünhan" təxəllüsü ilə çıxış edib.

Qafqaz Müsəlmanları İdarəsi yanında Elmi-Dini və Qazilər Şurasının üzvü olub. 1991, 1993, 1996, 1998, 2004 və 2011-ci illərdə bir neçə dəfə Səudiyyə Ərəbistanında Həcc ziyarətində, İraqda Kərbəla ziyarətində və İranda Məşhəd ziyarətində olub. 


Ailəli idi, beş övladı var...


Böyük din alimi Hacı Mirəziz Seyidzadə vəfat etdi.

Azərbaycanın böyük İslam alimi, Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə dünən axşam 1 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Hacı Mirəziz Seyidzadənin cənazəsi bu ilin may ayının 12-də doğulub boya-başa çatdığı Masallı rayonunun Türkoba kəndində dəfn olunub. Dəfn mərasimində tanınmış din xadimləri, alimlər, ziyalılar iştirak edib. 


Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsi fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə mayın 11-də Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. Hacı Mirəziz Seyidzadənin yaxınlarının verdiyi xəbərə görə, mərhum 4 gün insult diaqnozu ilə koma vəziyyətində olub. 

 

Azərbaycan jurnalisti, Ümumrusiya Azərbaycanlıları Ko nqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi,  

region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROV yazır ki,qədirbilən oxucular bu sayda "Alim öldü - aləm öldü...", "Aşkar Pünhan", "Söz mülkünün Mirəzizi...", "Daha bu dünyaya gəlmir yazığım", "Sabahınız xeyir, ey müqəddəs insan", "İşgqzar və savadlı din xadimi", "Görkəmli ilahiyyatçı alim", "Hacı Mirəzizin xatirəsi mənim qəlbimdə əbədi yaşayacaqdır", "Azərbaycanın böyük islam alimi" və başqa məqalələrlə tanış olurlar.



Məşhur ədəbi tənqidçi Vaqif YUSİFLİ "BU DÜNYADAN MİRƏZİZ GETDİ" (səh.32 - 33) adlı yazısında qeyd edir ki, 

 Ölümündən, bu dünyadan o dünyaya əbədi səfərindən üç gün öncə bizim evdə görüşdük. Yeni şeirlər kitabını çapa hazırlayırdı, son tamamlama işləri görülməliydi. Mən o kitaba giriş sözü yazmışdım. O, bəzi şeirlərə düzəlişlər etmişdi, bəzilərini isə kitaba təzə daxil etmişdi və bir dost kimi məndən məsləhət alırdı. Gedəndə "Allah qoysa, görüşərik!" Yeni kitabımın təqdimatını Masallıda, doğulduğum Türkoba kəndində keçirərik" dedi.

O getdi və səhər onun ölüm xəbərini eşitdim və bu görüş heç vaxt baş tutmayacaq, - dedim. Sağlığında insanları bu dünyanın gözəlliklərindən zövq almağa, o dünyada - Axirətdə isə hər kəsin öz əməllərinə görə sayılacağına səsləyirdi.

O, Azərbaycanda tanınmış, mötəbər din xadimlərindən biri idi. Ona Allah adamı, din mübəlliği demək az idi. O, Tanrının bəlkə də bizim aramıza xoş niyyətlə göndərilən, bizləri dinə, imana, haqqa səsləyən elçilərindən biri idi. Bütün Qafqaz müsləmanlarının ruhani başçısı-Şeyx Allahşükür Paşazadənin ən vəfalı dostlarından və sadiq silahdaşlarından idi. Şeyximiz onun ölümündən təəssüfləndiyini yana-yana söylədi, "böyük bir din xadimini itirdik, o, mənim uşaqlıq və tələbəlik illərimin dostu idi", - dedi.

Hacı Mirəziz Seyidzadə Qafqaz Müsəlmanları idarəsinin Elm və Təhsil şöbəsinin müdiri, idarənin nəzdində fəaliyyət göstərən Elmi-dini və Qazilər Şurasının üzvü idi. Həm də Respublika Ağsaqqallar Şurasının üzvüydü. 2002-ci ildən nəşr edilən "Kəlam" jurnalının təsisçisi və baş redaktoruydu. Çoxlu dini mövzuda (xüsusilə Həzrət Əliyə aid) kitabları çapdan çıxmışdı, fəlsəfə elmləri namizədiydi.

"Yeni kitabın təqdimatını Masallıda keçirərik", - dedi.

Masallıya getdi, amma geri dönmədi, Bir daha qayıtmayacaq, təzə kitabının üzünü görməyəcək, doğulduğu Türkoba kəndinin qəbiristanlığı onu qoynuna aldı.

O ŞAİR İDİ. İki şeir kitabı çap olunmuşdu. Şeirlərini Əziz Pünhan imzası ilə çap etdirirdi. Bu haqda yazırdı: "Gənclik çağından qəzəl janrına müraciət etməyimin səbəbi Füzuliyə olan şövqümdən, ehtiramımdan irəli gəldi. Adımı gizli saxlamaq üçün təxəllüsümü "Pünhan" (gizli) yazdım. Sonralar gördüm ki, artıq üzə çıxmaq vaxtıdır, odur ki, adımın bir hissəsini də Pünhan isminə əlavə etdim və "Əziz Pünhan" təxəllüsü ilə tanınmağa başladım".

Tanınmış bir din xadiminin şeir yazmasına, özü də həvəskar yox, professional şair kimi diqqəti cəlb etməsinə bəziləri təəccüblənirdi də. Amma əsl ədəbiyyat aləmi istedadın dəyərini vaxtında duyur və qiymətləndirir. Mirəziz tezliklə yazıçı mühitinin də sevimlisinə çevrildi. Birliyə üzv seçildi, "Natəvan" klubunda hər iki kitabının təqdimat mərasimi keçirildi. Xalq şairi Fikrət Qoca Mirəziz Seyidzadənin sonuncu tədbirində (65 yaşı qeyd olunanda) çıxış etdi, dedi ki, Mirəziz bizim müasir poeziyamızın qəzəl şamını yandıranlardan biridir".

Mirəzizi poeziyaya gətirən öncə qeyd olunduğu kimi dahi Füzuli olub. O, Füzulini sevirdi, onu beytbəbeyt təhlil edirdi, qəzəllərinin çoxunu da əzbər bilirdi. Ərəb və fars dillərini mükəmməl bildiyindən, Quranın hər sətrinə vaqif olduğundan (Səmərqənddə ali ruhani təhsili almışdı) klassik ədəbiyyatı incəliklərinə qədər anlayır, sevir və təbliğ edirdi.

Mirəziz Seyidzadə-Əziz Pünhan poeziyada klassik şeir ənənələrini yaşadan şairlərdən idi. Onun "Divan"ında qəzəllər, rübailər, qitələr, mürəbbelər, müxəmməslər, müsəddəslər, müsəbbelər, müəşşərlər, tərcibənd və tərkibbəndlər, müsəzadlar, həmçinin qoşmalar, hecada yazdığı müxtəlif şeirlər toplanıb.

Qəzəl canrı ərəb, fars və türk dilli ədəbiyyatlarda əsrlər boyu hökmranlıq edib, əsas şeir janrı olub və indi də zəifləmiş də olsa, yoluna davam edir. İlk dəfə qəzəlin harada yarandığı, sonralar tədricən məzmunca, formaca yeniləşməsi, fəlsəfi məzmun kəsb etməsi, ustad qəzəlxanların poeziyamızı bu janrla zənginləşdirməsi barədə ədəbiyyat tarixində kifayət qədər məlumat var. Hacı Mirəzizin qəzəllərində də ənənələrə sadiqlik var. Bu qəzəllər bəzi naşı şairlərin yol verdiyi vəzn qırıqlığına, əruzun texnikasına yad, musiqisindən uzaq notlara rast gəlmirik.


Novruz gecəsi çeşmi-tərim ləli-nab oldu,

Mücdə verənim əvvəli-sübh afitab oldu.


Naz ilə alıb dövrəmi üşşaqi-təranə

Bir yanda dəfi-dairə, bir yan rübab oldu.


Tel-tel dolanıb xanələri "Bəstənigar"ın,

"Dilkəş" ilə "Mahur"u bir özgə səvab oldu.


Onun qəzəllərində belə dünyəvi ruh hakimdir. Din xadimi Hacı Mirəziz burada dünyaya bəsirət gözü ilə baxan, həyatın gözəlliklərindən zövq alan, sevgiyə müqəddəs duyğu kimi nəzər salan bir Aşiqdir və burada heç bir qəribəlik yoxdur. Füzuli də Mövlana idi, Seyid Əzim də ali ruhani təhsil almışdı. Aşiqlik, dünyaya, gözəlliyə vurğunluq, həyata sevgi gözü ilə baxmaq bu haqq aşiqlərini bir araya gətirir.

Mirəzizin qəzəllərində klassik poeziyadan gələn bədii təsvir vasitələri ilə qarşılaşırıq, ancaq o, bunları yeni tərzdə, özünəməxsus şəkildə təqdim edə bilir. Bir qəzəlinə müraciət edək:


Zülfün qara, gözün qara, al üzdə xal qarap,

Bu qarələr içində üzün bənzəyir qara.


Məqsudə yetməyə jan atır aləmi-bəşər,

Tapmazsa dərdə çarə nə etsin günü qara.


Sorum ki, Qeysə, Leyli qara, leyl-şəb qara,

Ərz etdi qarələr günümü etdilər qara.


Siz Leyliyə mənim gözüm ilə baxın dedi,

Nur olmayanda hər yer olur büsbütün qara.


Hər rəng zövq versə əgər bir qiyafədə,

Zövq aqibət gedər bada ol rəng olur qara.


Bəs qarə zülfü sən də Əziz Pünhan, eylə vəsf,

Bu qarə rəngi xal qarada görək qara.



"Qara" sözünün neçə mənasını şeirə gətirən şair doğrudan əlvan bir mənzərə yaradır. Klassik poeziyadan süzülən bu işıq onun neçə şeirində beləcə yanmaqdalır.

Hacı Mirəziz əruz vəznini gözəl bilirdi. Hiss olunurdu ki, o, klassik poeziyaya təkcə heyranlıq mənbəyi kimi baxmır, həm də bu sahədə mütəxəssisdir, bilicidir.

Onun şeirlərində Vətən sevgisi ön plandadır. Azərbaycanın dahi oğullarıyla fəxr edirdi. Ulu öndərimiz Heydər Əliyevi və onun davamçısı-prezidentimiz İlham Əliyevi şeirlərində dönə-dönə vəsf etmişdi.


Vətəndə bir zirvə var

Əbədi adı Heydər.

Odur bu xalqa sərdar

Əvəzsiz ulu öndər.


Bir günü yüz il oldu

Ömrü əsri yaşatdı.

Bölünmüş parçalardan

Azərbaycan yaratdı.


Xalq onun vurğunudur

Unutmaz onu Vətən.

Könüllərdə yaşayır

O yüksəkdir ölümdən.


Bu ölkənin, bu yurdun

Torpağın adı Heydər.

Üçrəngli, ay ulduzlu

Bayrağın adı Heydər.


Müasirləri onun şairlik istedadını yüksək qiymətləndirirdilər. Pofessor Qəzənfər Paşayev yazmışdı: "Onun qəzəllərində təkcə məhəbbət tərənnüm edilmir, əksər qəzəlləri fəlsəfi, dini və ictimai mənalar kəsb edir, bu isə onun bədii kamilliyindən, təfəkkür sahibi olmağından xəbər verir". Görkəmli yazıçı Əlibala Hacızadə isə deyirdi: 

"Şairin əsərlərində tarixi keçmişlə müasir dövrümüz, dünənlə bu gün çox böyük məharətlə bir-birinə qaynayıb qarışmışdır. Şairin dili həm klassik, həm də müasirdir. Əziz Pünhan mənim nəzərimdə hər şeydən öncə lirik bir şairdir. İxtisasıma uyğun olaraq, uzun illər boyu - nə az, nə çox, düz əlli il bütün Azərbaycan və fars klassiklərinin əsərləri, o cümlədən, "Divan"ları ilə yaxından tanış olan bir şərqşünas kimi deyə bilərəm ki, Əziz Pünhanın bu "Divan"ı indiki ədəbiyyatımızda uğurlu hadisə kimi diqqəti cəlb edir.

Hacı Mirəziz indi haqq dünyasındadır. 

"Sevdalı Əziz Pünhanam, aləmdə adım var" - deyirdi.

İzləri, əməlləri yaşayır.

Şeirləri yaşayır.

Övladları, dostları, dini aləm onu həmişə yad edəcək.


Allah rəhmət eləsin!"-

axırda Vaqif YUSİFLİ yazısını belə yekunlaşdırır.



"Kəlam" elmi-ədəbi, publisistik jurnalı bəzi tanınmış şəxslərin, onun fəaliyyətinin ictimaiyyət, xüsusən də elm xadimləri, ziyalılar tərəfindən necə qiymətləndirildiyini Hacı Mirəziz Seyidzadə haqqında müxtəlif vaxtlarda dediklərini də çap etmiıdir. Həmin qeydləri Sizə də təqdim edirik:




Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə:

"Mən generalımı, sərkərdəmi itirdim"


...Mən məktəb illərində onunla dostluq etmişəm. Həmçinin Özbəkistanın Buxara şəhərində də birlikdə dini təhsil almışıq. Hesab edirəm ki, Hacı Mirəziz gözəl din xadimi olmaqla yanaşı, həmçinin yaxşı dost olub...

Mirəziz Seyidzadənin ölümü Qafqaz Müsəlmanları İdarəsi və xüsusən mənim üçün böyük itkidir. İlk öncə deyim ki, mən Mirəziz Seyidzadəni itirməklə elə bil generalımı, marşalımı, sərkərdəmi itirdim. Onun vəfatı QMİ-i üçün çox böyük itkidir. M.Seyidzadə rəhbərlik etdiyim qurumun fətva şöbəsinin müdiri vəzifəsində çalışıb və öz işinə layiqincə yanaşan adam olub. Bir sözlə, Hacı Mirəziz savadlı din xadimi olmağı ilə bərabər, həm də ədəbi fəaliyyəti ilə tanınırdı, gözəl təbliğatçı idi. Mən uşaqlıq dostumu, işçimi, bir sözlə generalımı itirdim...

 

Tənqidçi Vaqif Yusifli:

Bu gün qəzəl canrını yaşadan şairlərdən biri də Hacı Mirəziz Seyidzadədir. Qəzəl yazmaq üçün əruz vəznini bilmək lazımdır. Hacı Mirəziz dini təhsil aldığı üçün bu sahəni gözəl bilir. Qəzəldə söz oynatmaq əsas şərt deyil. Burada forma ilə məzmun sıx birləşməlidir. Hacı Mirəzizin qəzəllərində biz bunları müşahidə edirik. Hacı Mirəziz həm də mötəbər bir din xadimidir. Azərbaycanda dinlə poeziya bir-birindən təjrid edilib. Həqiqətdə isə dinlə poeziya arasında heç bir uçurum yoxdur. Bizim klassiklərimiz öz divanlarını Allahın, Peyğəmbərin, imamların vəsfi ilə başlayıblar.

Böyük şairlərimizdən çoxu seyid olub. Yəni, burda heç bir ayrı-seçkilik yoxdur.

Hacı Mirəziz Seyidzadə böyük bir din xadimi olmaqla yanaşı, həm də böyük ürək sahibidir. Hacı Mirəzizin qəzəldən başqa kitabda yer alan digər şeirləri də maraqlıdır. Mən istərdim ki, onun gələcək kitablarında satirik şeirlərin sayı artsın və xırda deyil daha böyük məsələlərə toxunulsun. "Bulud ağlamasa" kitabından sonra Hacı Mirəziz Seyidzadə Divan ədəbiyyatına müraciət edərək öz "Divan"ını ortaya qoydu. Kitabı əvvəldən axıra kimi oxudum. Ümumiyyətlə, Hacının "Divan"ında əruz vəznli şeirlər öz bədii sambalı və siqləti ilə daha çox diqqəti cəlb edir. Hiss olunur ki, M.Seyidzadə klassik poeziyaya təkcə heyranlıq nəzəri ilə baxmır, həm də bir mütəxəssis bilici kimi yanaşır. Onun qəzəllərində qitələri də, rübailəri də, mürəbbeləri də, müxəmməsləri də, təxmisləri də, bir sözlə klassik üslubda yazdığı bütün şeir nümunələri gözəl və diqqəti çəkəndir. Bir sözlə Hacı Mirəzizin – Əziz Pünhanın həm dini, həm də lirik şeirləri müasir gənjlərimiz üçün qiymətli hədiyyədir. Mən qəlbi eşqlə dolu olan, 60 yaşlı yubilyara ədəbi və ictimai xidmətlərində uğurlar arzulayıram. 70-80-də görüşənədək…


 Akademik Hacı Vasim Məmmədəliyev:

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, Bakı İslam Universiteti Sumqayıt şöbəsinin müdiri, Elmi-Dini Şuranın fəal üzvü Hacı Mirəziz Seyidzadə bu gün Azərbaycan dini dairələrində yaxşı tanınmış, böyük nüfuz sahibi olan insanlardan biridir.

Hacı Mirəziz Seyidzadə təfsir, fiqh, hədis sahəsində geniş biliyə malik olan üsul ilə furunu – yəni nəzəriyyə ilə əməliyyəni bir-biri ilə yaxşı əlaqələndirməyi bacaran, onları yerində tətbiq edə bilən bacarıqlı din xadimidir. 

Onun Baş redaktoru olduğu "Kəlam" Elmi, Ədəbi, İctimai, Publisistik Curnalı bu gün Azərbaycanda nəşr olunan ən nüfuzlu dərgilərdən biridir. Mən özüm bu dərgini çox böyük maraqla mütaliə edir, ondan faydalanıram.

Hacı Mirəzizin qələmindən çıxmış iki cildlik "İslami söhbətlər" kitabı, "Elmin qapısı" monoqrafiyası, dindarlarımız arasında geniş yayılmış, onların böyük rəğbətini qazanmışdır. 

O, bu əsərlərində dinmizin bir çox məsələlərini özünə xas olan şirin təhkiyə üslubu ilə oxucular üçün izah edə bilmişdir. 

Hacı Mirəziz kütləvi informasiya vasitələri, televiziya və el məclislərində dinimizi, onun ehkamını Allahın bu hənif dininin məziyyətlərini çox gözəl şəkildə izah edir.

Allah-Təala Hacının Füzuli demişkən ləbini də şeir şəhdi ilə tər qılmışdır. Bu yaxında tərtib edib ərsəyə gətirdiyi "Divan"ında klassik şer nümunələrinin demək olar ki, əksər formalarından istifadə etməklə dini və dünyəvi mövzuları əhatə edən gözəl şerlər yazmışdır. O, Azərbaycan dilində "Divan" bağlayan azsaylı şairlərdən biridir. 

Bu gün 60 yaşın kürəyini yerə vuran Hacı Mirəziz ömrünün kamillik çağını yaşayır. Mən dostum, gözəl insan Hacı Mirəziz Seyidzadənin anadan olmasının 60 illiyini ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.


 Çox hörmətli Hacı Mirəziz Seyyidzadə!

Mən böyük fəxr hissi ilə sizin 60 illik yubileyinizi ürəkdən təbrik edirəm. Sizin bir tələbəniz, məzununuz olmaq mənim üçün şərəfdir. Siz bizim həm müəllimimiz, həm rektorumuz, həm ağsaqqalımız, həm də hər zaman problemlərimizin həllinə çalışan sadə bir insan olmusunuz.

Hörmətli Hacı Mirəziz!

Şəxsən mənim üçün universitet illəri şirin bir yuxuya bənzəyir, sizin bizə göstərdiyiniz qayğı, böyüklə böyük, kiçiklə kiçik olmağınız, bizim üçün bir həyat dərsi idi. Fürsətdən istifadə edib mən sizi bir daha təbrik edir, can sağlığı, Dinimiz üçün sizə yeni-yeni nailiyyətlər, dünya və Axirətin ən gözəl nemətlərini Uca Allahdan arzulayıram. Allah sizdən əbədən razı olsun. Hörmətlə, Hacı Beyrək ilahiyyatçı, kompüter mühəndisi 


 Akademik Teymur Bünyadov:

Qazi Hacı Mirəziz Seyidzadəni 10 ilə yaxındır ki, tanıyır, dostluq edirik. Qafqaz Müsəlmanları İdarəsinin nəzdində hörmətli Şeyximiz Hacı Allahşükür Paşazadə tərəfindən yaradılmış Elmi-Dini Şuranın üzvüyük. Onun bu mötəbər məclisdə iştirakı və xidməti qiptəyə layiqdir. Dost mehribanım Mirəziz hər şeydən əvvəl gözəl insandır. Mehribanlığı, sadəliyi və səmimiliyi ilə seçilən gözəl alimdir. Hacı Mirəziz qardaşımız gözəl insanlığı, ziyalılığı ilə yanaşı həm də görkəmli din xadimidir. Onun dinimizin saflığı, inkişafı, təbliği sahəsindəki xidmətləri diqqətə layiqdir. Bu sahəyə xidmət edən əsərləri dərin məzmunluğu, qayəsi və siqləti ilə diqqəti çəkir. Onun dini təhsilimizlə bağlı gördüyü işlər xüsusi qeyd edilməlidir.

O, görkəmli alimdir. Onun bu yaxınlarda elmlər doktoru olmasına tam əminik. 

Hacı Mirəziz Seyidzadəni şair təbiətlidir, desəm azdır. O, sözün əsl mənasında şairdir, söz sərrafıdır, qoşandır, misralara düzəndir. Din xadimliyi, alimliyi ilə yanaşı, şairliyi də maraq doğurur. Onun Əziz Pünhan təxəllüsü ilə bu yaxınlarda nəşr edilmiş "Divan"ı başdan-başa eşqdir, sevgidir, məhəbbətdir, Vətən sevənlikdir, el skvənlikdir, hikmət dünyasıdır.

Hacı Mirəziz həm də ictimai xadimdir. Onun televiziya və mətbuat səhifələrində çıxışlarını dinləyəndə, mütaliyə edəndə nə qədər vətənpərvər olduğunu müşahidə edirik. 

Əziz Mirəzizimiz, dost mehribanımız altımışı haqladı, yetmişə boylandı, səksəni, doxsanı keç yüzə çat görüm. Sənə yeni-yeni uğurlar, qələbələr əzizim. Möhkəm can sağlığı, uzun ömür yaşa. Arzuların, diləklərin üzünə gülsün, səadətlə qabaq-qənşər gəlsin.


Hacı Səid Seyidzadə:

Mənim üçün Hacı Mirəziz Seyidzadə bir ata kimi ideal insandır. Mən ona həm övlad, həm də bir yoldaş-sirdaş kimi çox yaxınam. Bir sözlə münasibətlərimiz valideyn-övlad sərhəddi çərçivəsində tamamlanmır. Elə bu səbəbdən də ailədə digər övladlarıla Hacı arasında körpü rolunu oynayıram. Baxmayaraq ki, ailədə anam, məndən böyük qardaşım və bacılarım var. Bu həm də Hacının ailədə heç kimin sözünə dəyər verməməsi, yalnız məni eşitməsi anlamına gəlməməlidir. Sadəcə bizim ailədə çox ciddi nizam-intizam var. Heç bir ailə üzvü xırda məişət problemləri və digər istəkləri ilə bağlı Hacını narahat etmir. Amma Hacı həmişə övladlarının, xüsusən də kiçik yaşlı nəvələrinin təlim-tərbiyəsi, təhsili ilə maraqlanır, onlara məsləhətlərini verir. O, bir ata kimi övladlarının hamısını oxudub, onların ali təhsil almasına şərait yaratdığı üçün nəvələrini də belə görmək istəyir. 

Övladları olaraq onun 60 yaşının tamam olmasından həm sevinir, həm də kədərlənirik. Sevinirik ki, Hacı Mirəziz 60 illik ömür yolunda şərəflə yaşayıb, haqqı-nahaqqa verməyib, ədalət tərəzisində əyri-əskiyə yer olmayıb. Sıxıntıları, qayğıları, əqidəsindən dolayı problemlərindən ailəsinin xəbər tutmasını istəməyib. Kədərlənirik ona görə ki, böyümüzün-atamızın ömür payından bir yaş da əskilir. Amma Allah-Təalaya şükür edib, bunun da bir təqdiri-ilahi olduğunu düşünürük. 

Mən Seyidzadə ailəsi adından Hacı Mirəzizə uzun ömür, can sağlığı, elmi, ədəbi, pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.


Akademik Budaq Budaqov:

Mən Hacı Mirəzizi Azərbaycan xalqının ümid bəslədiyi ziyalılardan biri kimi tanıyıram. Hacı Mirəzizin dində olan sağlam fikirlərin cəmiyyətə obyektiv çatdırılmasında müstəsna xidmətləri var. Onun təsisçiliyi və baş redaktorluğu ilə nəşr olunan "Kəlam" curnalı Azərbaycan ictimaiyyətinin elmi, ədəbi, publisistik nöqteyi-nəzərindən maarifləndirilməsində mühüm rol oynayır. "Kəlam" curnalının Redaksiya Heytəinin üzvü və daimi oxucusu kimi Hacı Mirəzizin fəaliyyətini təqdir edirəm. Bu curnala xüsusi hörmətim var. 

Hacı Mirəziz savadlı bir din xadimi kimi də cəmiyyətə öz töhfəsini verməkdədir. Onun "İslami söhbətlər" və "Elmin qapısı" kitabları çox böyük elmi çəkiyə malikdir.

İslamın böyük şəxsiyyətlərindən olan Həzrət Əli (ə) haqqında iri həcmli monoqrafiya yazmaq Hacı Mirəzizin həm də cəsarətli bir din xadimi olmasından xəbər verir. Mən deyərdim ki, "Elmin qapısı" monoqrafiyası Hacı Mirəzizin ən uğurlu işlərindən biridir.

Hacı Mirəziz həm də şairdir. Onun bu yaxınlarda işıq üzü görən "Divan"ını oxudum. Bu "Divan" onun poetik yaradıcılığının zirvəsidir. Bu kitab geniş oxucu kütləsi üçün çox böyük əhəmiyyətə malikdir. Onun Əziz Pünhan təxəllüsü ilə yazdığı şeirləri söz yığınından ibarət deyil. Bu gün Azərbaycanda qəzəl canrında yazan çox az adam var. Təbii ki, bu sözügedən canrın çətinliyindən irəli gəlir. Amma Hacı Mirəziz bu çətinliyi də ləyaqətlə dəf edə bilib və ortaya samballı bir iş qoyub. Bu həm də Füzuli məktəbinin arxasıyca getmək deməkdir. 

Hacı Mirəzizin fəaliyyət dairəsi bununla kifayətlənmir. O, həm də böyük ictimaiyyətçidir. Yadımdadır, bir neçə il bundan əvvəl qondarma "Talış Muğan Respublikası" məsələsində Hacı Mirəziz öz etirazını kəskin şəkildə bildirən ziyalılarımızdan oldu. Mən o zaman Respublika Ağsaqqallar Şurasının sədri idim, bir çox işlərdər xəbərim var idi. Bütün bunlar mənim şahidliyimlə baş verib. M.Seyidzadə cənub zonasında gərgin iş aparır, təxribata uymaq istəyənləri doğru yola istiqamətləndirirdi. M.Seyidzadə Azərbaycanın digər ziyalıları kimi ümummilli lider Heydər Əliyevin siyasətini təbliğ edir, onu həyata keçirməyə çalışırdı.

Mən Hacı Mirəzizi 60 yaşı münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, Allah-Təala M.Seyidzadə kimi oğulları uzun ömür versin, onlar da xalqın xidmətində dursunlar.


 Akademik Bəkir Nəbiyev:

Şair Əziz Pünhanın "Divanı"nı (2008) böyük məmnuniyyətlə vərəqlədim. Onun əruzun ən mürəkkəb bəhrlərində qələmə aldığı qəzəllərini məmnun-məmnun oxudum. İncə bədii zövq sahibi olduğuna bir daha inandım.

Poeziya Ağanın (Mirəziz Seyidzadə) istedadının təzahür etdiyi yeganə müstəvi deyil. Mən onun elmi fəaliyyətini, ilahiyyat sahəsindəki məqalələrini, özəlliklə də bir neçə il öncə nəşr etdirdiyi "Elmin qapısı" monoqrafiyasını həvəslə mütaliə etmişəm.

Həzrət Əlinin (ə) həyatına və mübarək dinimizin intişarı yolunda heç kəslə müqaisəyə gəlməyən yorulmaz fəaliyyətinə, elm sahəsindəki şücaətlərinə həsr olunmuş monoqrafiyası Hacı Mirəzizin dərin biliklərə yiyələnmiş yorulmaz tədqiqatçı olduğundan xəbər verir.

Elm və poeziya bir cüt qanaddır ki, onların vasitəsilə Qazi Hacı Mirəziz Seyidzadə (Əziz Pünhan) teologiya və poeziya sahəsində inamla irəliləyir, öz yeni uğurları ilə oxucuları sevindirir.

Mən, həyatının müdrik çağına gəlib çatmış 60 yaşlı alim, şair, Elmi-Dini Şuramızın ən mötəbər üzvlərindən biri Hacı Mirəziz Seyidzadəni, ünsiyyətini yüksək məqamda tutduğum dostumu ürəkdən təbrik edir və deyirəm: Möhtərəm Qazi! Dini, elmi, ədəbi ictimaiyyət qarşısında xidmətlərin üçün çox sağ ol, müqabilində Allah özü əcrini versin! Amin!


Akademik Bahadur Tağıyev:

Hacı Mirəzizin uşaqlıq və gənclik illəri mənim gözlərimin qabağında olub. Dünən olduğu kimi bu gün də onda müsbət keyfiyyətlər var. 1993-cü ilin sentyabrında Moskvada "İslam və Elm" mövzusunda keçirilən beynəlxalq konfransda Hacı Mirəzizin yüksək keyfiyyətinə, istedadına və qabiliyyətinə bir daha bələd oldum. Azərbaycanda da belə bir din xadiminin olmasından qürur duydum. Ot kökü üstə bitər. Hacı Mirəziz cənub bölgəsində çox məşhur olan bir ailənin nümayəndəsidir. Onun əmisi cənub bölgəsinin tanınmış axundlarından idi. Adam ona qulaq asanda ləzzət alardı.

Bu gün həmin nəsl şəcərəsinin davamçısı olan Hacı Mirəzizi də nəinki Azərbaycanda bəlkə də İslam aləmində çox yaxşı tanıyırlar. Hacı Mirəziz din xadimi, həm də gözəl şairdir. Onun klassiklərə olan məhəbbəti , xüsusilə də Füzuli vurğunluğu, ən nəhayət onda "Divan" bağlamaq şövqü yaratdı. Uzun illərin məhsulunu axır ki, Hacı Mirəziz – Əziz Pünhan üzə çıxartdı. Həm klassik, həm də müasir şer nümunələri ilə zəngin olan bu "Divan"a heyran olmaya bilmirsən. Amma bir şey məni təəccübləndirir. Dünən qarşımda şagird kimi əyləşən Mirəzizin artıq 60 yaşı var. Bütün bunlara baxmayaraq cavan qəlbli Əziz Pünhanla fəxr edirəm.


Respublikanın Əməkdar jurnalisti Vasif Səmədov:

Seyyid, Qazi Hacı Mirəziz Seyidzadə həyat fəaliyyəti dövründə bir din xadimi, ədəbi-bədii yaradıcılıq, jurnalistik və maarifçilik sahəsində fərqlənən bir şəxsiyyət kimi tanınmışdır. O, elm sahəsində də elmi məqalələri ilə uğur qazanmışdır. Fəlsəfə elmləri namizədi kimi ölkəmizin ictimai-siyasi həyatında da fəaliyyətini davam etdirir. Naşiri və Baş redaktoru olduğu "Kəlam" Elmi, Ədəbi, İctimai, Publisistik Jurnalı geniş oxucu kütləsinin sevimli dərgilərindəndir. Bu jurnalın səhifələrində dərc etdirdiyi məqalələr, elmi, siyasi, bədii yazılar onun bu sahədəki fəaliyyətinin təzahürüdür.

1990-cı ilin Qanlı yanvar hadisələri dövründə cənub bölgəsindəki xoş məramlı səyləri dövlətimiz və dövlətçiliymiz üçün, xüsusilə ondan sonrakı dövrlərdə ümummilli liderimiz Heydər /Əliyev siyasətinin həyata keçirilməsindəki özünəməxsus fəaliyyəti diqqətəlayiqdir. 

Hacı Mirəziz Seyidzadə müstəqil Azərbaycanımızın çiçəklənməsi, dövlətimizin və dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişafı naminə, dini, ictimai-siyasi, elmi, ədəbi-bədii, maarifçilik və jurnalistika fəaliyyətində bu günədək necə məhsuldar işləmişdirsə, gələcək fəaliyyətində də buk imi müqəddəs işlərin zirvəsinə doğru gedən çətin, lakin şərəfli yolda Ən böyük uğurlar arzulayıram. Qoy Ulu Tanrımız Hacı Mirəzizə yar olsun! İnanıram ki, o, Rəbbimiz və dövlətimiz tərəfindən öz layiqli qiymətini alacaqdır.


Aşağıda Hacı Mirəziz SEYİDZADƏNİN (Əziz PÜNHAN) yaradıcılığından iki yarpaq - sərbəst şeirlərini və "Duyğular qanadlananda...." yazısını təqdim edirəm:




Sərbəst şeirlər


Gəl su qovuşan yerə gedək,

Orda sular qovuşur.

Bu dünya su qədər davranmadı bizə,

Torïaq torïağa qovuşdu,

Od oda qovuşdu,

Az çoxuna,

Heç yoxuna,

Əyri düzünə.

Ayaq izinə qovuşdu,

Biz qovuşmadıq,

Gəl su qovuşan yerə gedək

Haralara getmədik ki,

Qovuşmaq üçün.

Bir-iki kəlmə,

Danışmaq üçün,

Dağlara getdik olmadı,

Bağlara getdik olmadı,

Bu gündə qaldıq olmadı

Sabaha getdik olmadı,

Savab qazandıq olmadı,

Günaha getdik olmadı.

Gəl su qovuşan yerə gedək,

Bir damla göz yaşına dönək,

Xəzərə tökülək,

Xəzər qovuşdursun bizi,

Xəzər danışdırsın bizi,

Lənkəran necədi?


* * *


Hiddətləndirir məni gecənin qayğıları.

Həyamı yuyur sənli xəyallar.

Diksinirəm səmanın göz yaşından.

Səmadan üzümə,

Özümdən gözümə,

Gözümdən içimə axır,

Orda bir mən var,

Oda mənə baxır.

Səni arzulayıram.

Arzularım naxış-naxış,

Qarış-qarış,

Sənli günlərə gəlirəm.

Qorxur məndən,

Ölümdən qorxan can da,

Hicran da,

Bu qədər üzülmə yoxluğuma.

Arada bir aç, 

Könlünün qapısın.

Bağrına bas məni.

Gecikdiyimçün.

Aur məni, kəs məni, as məni,

Həmin Əziz Pünhanam,

Son dəfə gəlmişəm,

Səni özüm bilmişəm.


Əvvəl, axır


Daha bu dünyaya gəlmir yazığım,

Yazığım dünyanı bilənə gəlir.

Gəlir gözlərimə yaş kimi xəyal,

Xəyal bu dünyaya gülənə gəlir.


Dağıdan insanmış, yaradan insan,

İnsan öz adına vəfalı olmaz,

Olmaz bu dünyada vəfalı insan,

İnsan olar amma şəfalı olmaz.


Dərdi yenə açıb kimə deyəsən,

Deyəsən dərd özü bağlını sevir.

Sevir bu insanlar sevməli nə var,

Nə var ki, hər kəs öz ağlını sevir.


Utan! Unutmusan məni ey fikir,

Fikir çəkməyim də günahdır mənim,

Mənim son günahın yalnız ümiddir,

Umiddir bu günüm, sabahım mənim.





"Duyğular qanadlananda....


Əsasən deyirlər xəzinə xarabalıqlarda olar. Doğrudur! Amma bəzən xəzinə abad kəndlərdə, abad şəhərlərdə də olur. Onu aşkar etməyi çoxları çəkinir. Nə qədər gizlətsə də bir gün aşkar olur. İnsan ömrü qəribəliklərlə doludur. 

Hərənin bir tale yolu var. Uca Allah hər ocağın öz qismət payını ayırır, ona nur-işıq verir, hərənin işığını ocağının dairəsi qədər verir. Habelə hər kəsə gücü çatdığı qədər yük verir. Sonralar insanlar zaman-zaman daha çox yük götürməyə çalışır. Zəhmət çəkir min növ əzab-əziyyətə qatlaşır. Hər şeyə nail olmaq istəyir. Bütün bunlar yaxşıdır, yaxşı insanlar üçün daha yaxşıdır. Uca Allah Qurani-Kərimdə buyurur: "İnsan çalışmasa-səy etməsə bir şey əldə edə bilməz." Bəli insan çalışmalıdır, öz dünənilə razılaşmamalıdır. Amma bir şey də var ki, nə qədər çalışsa belə ona ayrılan ruzi və qismətdən artıq qazana bilməz. Biz bütün belə misalları həyat məktəbində çox görmüşük. Haqqında söhbət açdığım şəxs məhz belə çalışqan insanlardandır. Bu adam əli iş tutan gündən çalışır. Ali təhsilli mühəndisdir, ailəcanlıdır, işgüzar adamdır. Çalışır ki, ailəsinin ehtiyacını təmin etsin, elinə-obasına, xalqına xidmət etsin. Çalışır ki, həyatda heç kimə möhtac olmasın....

Bütün bunlarla belə həm də həyatda onun öz mövqeyi öz dəsti xətti olmağa çalışır, mənim müsahibim. Heç şübhəsiz həm özünün səyi, həm də Tanrının qisməti onun ocağının közünü də vermiş, işığını da. Belə bir deyim var: Allah hər kəsin qəlbinə görə verər. Hələ İsrafilə daha çox verib. Ona elm, ədəb, mərifət, şərəf, fəzilət və üstəlik şairlik də verib. Qəlbinə ilham verib ki, ictimai həyatda eləyə bilmədiyini sözlə ifadə etsin. Yerdə yeridiyi kimi, söz qanadında da uça bilsin. Bəli, bu taleyin qisməti idi. Həm yeridi, həm də qanadlanıb uça bildi. Poeziya qanadlarında qanadlandı, tələbə İsrafil, mühəndis İsrafil, müdir İsrafil, ata İsrafil, ən nəhayət şair İsrafil. Kim bilir sabah hansı İsrafil....

"Duyğular qanadında" şerlər kitabı İsrafil Hüseynovun oxucularla ilk görüşüdür. Kitabda toplanan şerlərin böyük əksəriyyəti şairin gənclik illərinin məhsuludur. Şerlərin dili rəvan və səlisdir. Misralar olduqca ürəyə yatımlıdır. Hiss olunur ki, söz xatirinə yazmayıb. Nə yazıbsa qəlbindəki duyğuları misralara gətirib, öz düşüncələrini obrazlı şəkildə deməyi ustalıqla bacara bilib. Uzun müddət şairlik iddiasında olmayan İsrafil qardaşım sözün əsl mənasında şairdir. 

Gəlin onun qəlbinin səsini dinləyək:


Köküm bu torpaqdan, özüm bu eldən

Təbim güc alıbdı dəli sellərdən

Yazmasam mən əgər baş verənlərdən

Kövrək duyğularım inciyər məndən....


Doğrudur şair qardaşım, nə etmisənsə hamısı Allahın dəftərində yazılıb, onu görəcəksən. Amma yazmasaydın, özün-özündən inciyəcəkdin. Sən yazmaya bilməzdin. Həyat səni qınayardı, tale səni danlayardı, həmişə narahat olardın, özün də özünü danlayardın...

Deyirlər ki şair öz taleyini, öz qəlbinin duyğularını yaşaya-yaşaya vərəqlərə köçürür. Hələ belə də deyirlər ki, şair öz yazdığı şerlərə oxşayır.

Onun Vətən haqqında yazdığı şer və poemalar Vətən sevgisinin təzahürüdür.

Diqqət edək:


On yeddi ildir ki, dərd içindəyəm,

Yaşadım bu dövrü, deyə bilmərəm.

Danışıq apardıq, sülhə güvəndik,

Mən sülh deyə-deyə ölə bilmərəm... 


İsrafil Hüseynov milli-mənəvi köklərə saf əqidəyə bağlı olan bir vətəndaşdır. Onun həyata mütərəqqi baxışı, insanlara qarşı özünəməxsus yanaşma tərzi əksər şerlərində özünü biruzə verir. "Tarixi düz yazın, Tanrı xətrinə!" şerinə nəzər salaq:


Dəqiq tarixi var, baş verənlərin,

Əgər düz yazmasan sən səbəblərin,

Qarışar işləri gənc nəsillərin,

Tarixi düz yazın, Tanrı xətrinə... 


İsrafil üçün Azərbaycanın hər qarış torpağı əzizdir, müqəddəsdir. O, şerlərində bu müqəddəsliyi qorumağı Vətən qeyrətli oğulların ciyinlərində düşən bir yük bir namus, bir qeyrət borcu kimi görür və onu eynilə misraya gətirir. Eyni zamanda o, el-obasını, xalqını sevən bir oğul kimi gəncləri, vətən oğullarını birləşməyə, Vətəni azğın düşmənlərdən qorumağa səsləyir. "Mən döyüşə getməliyəm ay ana!" şeri özü də silaha sarılaraq bir vətənpərvər şair kimi öndə getməklə yanaşı vətən təəssübkeşlərini də səfərbər olmağa çağırır.

Şerin bir bəndinə nəzər salaq:


Sorğu sual vaxtı deyil, gəl tələs!

Kənddə qocalardan qalmayıb heç kəs.

Gəl səndə get, sözlərimə qulaq as,

Mən döyüşə getməliyəm ay ana!


İsrafil Hüseynov bir ziyalı vətəndaş kimi - bir şair kimi Qarabağ dərdini hər zaman şerlərində ön plana çəkir. Toyda, şənliklərdə belə bu kədəri unutmur. "Qədəmlərin mübarək" 2001-ci il şerində hətta Novruz bayramında, tonqal ətrafında belə Qarabağ dərdini xüsusi vurğulayır.


Hər təzə il axşamında sevinir bütün ellər,

Bu bayramın sevincindən vəcdə gəlir ürəklər.

Nəğmə deyir, şadlıq edir, qoca-cavan nəsillər,

Xoş gəlmisən ay təzə il, qədəmlərin mübarək!...


...Verdi sənə qaçqınımla-köçkünümü o ilim,

Tapdalanmış haqqın umur bu zavallı millətim.

Aç dünyanın kor gözünü, qoy çin olsun niyyətim,

Xoş gəlmisən ay təzə il, qədəmlərin mübarək!...


Təbiət gözəlliyinin təsviri İsrafil şerlərinin adaxlısı, təzə gəlinin xınalı əlləri, bəzənib-keçinməsi qədər gözəllik mücəssəməsi kimi oxucunu sevinc okeanına qərq edir. Bir anda eşqin şirin əlçatmaz əngəlliklərindən xəyallara dalırsan, qanad çaldıqca daha yüksəklərə çatmağa can atırsan, sonrada aramla, qanad çalmadan fəzada dövrə vurursan, sonsuzluğa-kəhkəşanlara tərəf yol alıb gedirsən. Bəlkə də bu mənim fantaziyamdır, özümdə şair təbiətli olduğum üçün söz sehrinə düşürəm, amma nə deyirsinizsə deyin, İsrafil şerləri məni vəcdə gətirir. Onun "Viləş su bəndi" şerinə diqqət edək.


O hündür guşəyə meylini saldın,

Xeyir-duanı da dağlardan aldın.

Nə gözəl bir yerdə bənd olub qaldın,

Aydınlıq rəmzi tək, Viləş su bəndi... 


Və ya başqa bir bəndinə nəzər salaq:


...Gecələr ulduzlar əks olur səndə,

Ayın işığında çırağısan bəndə.

Seyrəngah sahilin insan gözündə,

Rəssam əsəridir, Viləş su bəndi...


İsrafil Hüseynovun təbiət vurğunluğu, vurğun olduğu Xəzərdən də yan keçməyib. Saatlarla Xəzərin kənarında qayaların üstündə oturar, onun qıvrılan ağ saçlarını heyranlıqla oxşayar, sanki ləpələrlə pıçıldaşar, söhbət edər, şair İsrafil.


İlhamım sənlə coşur,

Sevincdən aşıb-daşır.

Sakit ləpələrinlə,

Ürək də pıçıldaşır.


Və ya:


Qəm məni haqlayanda,

Üz tutmuşam mən sənə.

Coşub-daşan çağın da,

Rahatlıq verib mənə.


Vətənimin aynası,

Dəryalar sultanısan.

Doğma Azərbaycandan,

Dünyaya nur saçırsan...


İsrafil Hüseynov mühəndisdir, özü də sözün əsl mənasında gözəl mütəxəssisdir. Bunu onun inşa etdiyi hündür mərtəbəli binaları dil açıb söyləyir. Onun üçün fərqi yoxdur, kərpic olsun mişar daşı olsun və ya çay daşı olsun, bütün bunlardan elə bir memarlıq abidəsi yaradar ki, tamaşa etməkdən doymazsan. Bəli, bu onun qəlbən bağlandığı sənətidir, o bundan zövq alır. Amma onun sözlə qəlb evini tikmək, dağılmaqda olan əsl həyat evini bərpa etmək məharəti tam başqa bir məharətdir. Biz bu xisləti incə qəlbli şairdə - İsrafil Hüseynovda açıq-aydın görürük. Onun "Yarımçıq şikəstə" hekayəsindəki bir neçə bənd şeri onun kimliyini ayinə kimi əks etdirir.

Xəstə və kimsəsiz bir qızın ona göndərdiyi şerə diqqət edək:


Əvvəl vurulmuşdum səsinə sənin,

Danışdıq, vuruldum özünə sənin.

Söhbətin dərmandır tənha xəstəyə,

Atamı hiss etdim dilində sənin.


Qəlbimdə bir ümid çırağı yandı,

Gözlərim önündə atam dayandı.

Aləm gözlərimdə nura boyandı

Səsin qulağıma gələndə sənin...


İsrafilin tanımadığı xəstə və kimsəsiz bir qızın mehrini öz davranış əxlaqı ilə düzməsi - bərpa etməsi hətta o yerə gəlib çatır ki, onun səsini atasının nəvazişli səsinə bənzədərək həyata yenidən qayıdışına səbəb olur. Bu bir daha İsrafilin saf və incə qəlbli bir şair olmasından xəbər verir. Şair onun yaralı qəlbini ovunduraraq yazır:


Şairə xanıma alqış deyirəm,

Şeri, qəzəli məndə sevirəm.

Sənin hisslərinə hörmət edirəm,

Sanıram təmizdir ürəyin sənin...


Və ya :


...Hiss etdim qəlbində bir dünya yatır,

Hansı ki, mənimçün o laləzardır.

Hər kəsin taleyi qisməti vardır,

Məni yaman üzdü taleyin sənin...


Hekayənin sonunu ümid dolu sözləri ilə tənha və xəstə bir kimsəsiz qıza yaşamaq üçün qol-qanad verən şair İsrafil bu yarımçıq şikəstəni belə bitirir:


Özünü sən sayma dar bir qəfəsdə,

Sənin ki, içində sarayın vardır.

Səndəki xəzinə olmaz hər kəsdə,

Onu sənə verən bir yaradandır.

Ümidsiz yaşama ay qız amandır!


İsrafil Hüseynovun poeziyası özünəməxsus bir şəkildə axıcıdır. Î həyatda çəkdiyi ağrı-acıları birbaşa sətirlərə köçürməyi, misralara düzməyi bacarır. Onun "Getdi" rədifli şerinə nəzər salanda sanki həyat tarixçəsini birbaşa oxucuya üzbəüz dayanıb söyləyir, oxucu ilə söhbət edir.


Tale həyatımı bir saat kimi,

Gənclik ömrü qədər az qurdu getdi.

Çox gəzdi arxamca məqsədə yetsin,

Axırda qapımı bərk vurdu getdi...


Və ya:


...Həyatda bağ saldım, ağaclar əkdim, 

Neçə bağçalarda canı əritdim.

Hər bir pöhrəsinə mən həyat verdim,

Vədəsiz xəzandan qırıldı getdi...


Yenə də həmin şerdə:


...Eşqin pillələrin çox qalxdım endim,

Hicran əl çəkmədi, məndə səbir etdim

Haçan vüsal gəldi azca sevindim,

Onda da qapımda göründü getdi... 


Eynilə "Qayıtdım" şerində şair həyat tarixçəsini varaqlayaraq səhifə-səhifə oxucuya çatdırmaq istəyir. Sanki öz oxucularına tövsiyə edərək həyatda səhv etməməyi, çətinliklərə sinə gərməyi tapşırır. O yazır:


...Eşqin dəryasında qəvvas tək üzdüm,

Hicran üzdü məni, öldün qayıtdım.

Məcnunu səhrada, Fərhadı dağda,

Yusifi zindanda gördüm qayıtdım. 


Bir yar sevdim, kaman əbru-qaşları,

Səpdim qədəminə çox daş-qaşları.

Hər an oxşadığım qara saçları,

Bu dəfə xəyalən hördüm qayıtdım... 


Şair şerin məqtə bəndində özünün hamıdan - bütün aşiqlərdən güclü və mərd olduğunu bununla da aşiqlərin sonda məhrum yox, qalib ayrılmağını göstərərək yazır:


...Çox aşiqlər dağa, səhraya qaçdı,

Fərhad dağı, Məcnun səhra dolaşdı.

Hərə bir tərəfdə qeyb oldu, batdı,

Mənsə o dəryadan nərdim, qayıtdım.


İsrafil Hüseynov ailəcanlı bir şairdir. Onun şerlərində valideynə məhəbbət, ailəyə qayğı, dostlarına canfədalıq etməsi açıq aşkar özünü göstərir. Atasına yazdığı "Qismətin belə imiş, Tanrı yar olsun, ey ata!" mətləli qəzəli dediklərimizin bariz nümunəsidir. 

Bir neçə beytə nəzər salaq:


Qismətin beylə imiş, Tanrı yar olsun, ey ata!

Cənnəti-Məva sənə xoşgüvar olsun, ey ata!... 


...Ən çətin anında da itirmədin imanını, 

Çün "Ələst"dən əmr imiş, imandar olsun, ey ata!..


Hörmətinlə bir daha saldın İsini müşkülə,

El üçün biz neyləyək, əslikar olsun, ey ata! 

 

İsrafil qeyd etdiyim kimi ata-anasını həddindən artıq çox istəyən, bəlkə də səhv etməsəm Allah-Təala buyuran dərəcədə sevən övladlardandır. Onun anası Kərbəlayi Zərxanım xanıma həsr etdiyi "Varmı səndən əziz dünyada, ana?" şeri ana sevgisinin həqiqi və əsil məhəbbətin təzahürüdür. Şair bu şerilə gənc nəslə sanki dərs verərək valideynə ehtiram etməyi - Allah-Təalanın əmrinə itaət etməyi tapşırır.

O yazır:


Doqquz ay bəslədin bizi qanınla,

Gətirdin dünyaya arzularınla.

Əsdin üstümüzdə sən öz canınla,

Bizi yaşatmaqçün həyatda ana!

Varmı səndən əziz dünyada ana?!...


Və ya:


...Dözdün əzablara övlad yolunda,

Uşaq tək ağladın biz ağlayanda.

Dilsiz körpə ikən biz zarıyanda,

Loğman da olmusan o anda ana!

Varmı səndən əziz dünyada ana?!...


Yuxarıda qeyd etdiyim kimi İsrafil ailəcanlı sağlam düşüncəli bir atadır. Onun nəvəsinə həsr etdiyi "Nəvəm" şeiri o qədər şirin və dolğun yazılıb ki, heç bir şərhə ehtiyac duymursan. Şeri oxuduqca Baba olmağı arzulayır özünü o məqamda hiss edirsən.

Diqqət edək:


Bir saflıq yayılıb körpə gözünə,

Doğmalıq səpilib bəyaz üzünə,

Dönüb mızıltılar şirin sözünə,

Dad verir şerimə, sözümə nəvəm.

Yamanca bənzəyir özümə nəvəm...


Və ya: 


O gün ki, doğuldun, gəldin cahana,

Oğlum ata oldu, gəlinim ana,

İsrafil yayılsın səsin hər yana,

Eşidim iz salıb izimə nəvəm.

Yamanca bənzəyir özümə nəvəm...


İsrafil Hüseynov filosof memardır desəm yanılmaram. Onun şair olması təsadüfi deyil. O sözün əsl mənasında duyğular qanadlı aləmlər seyrəngahında düşünən bir filosof şairdir. Onun yazdığı "İsrafil surilə bitən dünyadır" şeri əgər təhlil və ya şərh edilsə necə iri həcmli əsərə çevrilər...


Diqqət edin:


...Faniliyi bəllidir hər insana,

Atılırıq yenə onun qoynuna,

Salır bizi öz qaydasız oynuna,

Fəndə salan, fəndi pünhan dünyadır...


Yenə orada:


...İsgəndərə qalmayıbdır bu dünya,

Biz kimik ki, bizdən canı almaya?

Heç bilinmir haradan axır haraya.

Öz sirrini o gizlədən dünyadır.


Bu dünyadan qərinələr ötübdür,

Kimsə deməz əvvəlini görübdür.

Bu tarlada nə bitibsə solubdur.

Dəyirmantək can üyüdən dünyadır...


Bəli, İsrafil Hüseynov şerinin fəlsəfi tərəfi mənim düşüncələrimi yordu, sanki deməyə sözüm, mülahizələrim tükəndi, qalanını sizin öhdənizə buraxıram əziz şer sevərlər. İnşallah "Duyğular qanadında" kitabını oxuyarsınız, sizdə öz sözünüzü deyərsiniz. Vəssalam.




Qeyd edək ki,  2002-ci ilin avqust ayından etibarən nəşr olunan "Kəlam" jurnalının Qafqaz Müsəlmanları İdarəsi fətva şöbəsinin müdiri, "Kəlam"ın təsisçisi və baş redaktoru publisist, ilahiyyatçı, tərcüməçi, 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1996-cı ildən Azərbaycan Jurnalistlər birliyinin üzvü, 1996-cı ildən "Qızıl qələm" mükafatı laureatı Hacı Mirəziz Seyidzadəyə həsr olunmuş xüsusi sayı Bakıdakı və yerlərdəki mətbuat yayımı köşklərində1000 ədəd tiraıla, 72 səhifədə, təbaşirli kağızda yayımlanır. 

Sizin Reklam Yeriniz