news Image
2014.07.14
15:01
| A A A
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 45 illiyi Suraxanı rayonunda qeyd edilib

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 45 illiyi münasibəti ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.


Tədbir Yeni Suraxanı qəsəbəsində "14 iyul" küçəsində Ulu Öndərin siyasi hakimiyyətə gəldiyi günü tərənnüm etdirən Xatirə kompleksinə baxış keçirməklə başlamışdır. Rayon ictimaiyyətinin nümayəndələrinin hər il 14 iyul tarixində Xatirə kompleksini ziyarət etməsi bir ənənə halını almışdır. Xatırladaq ki, Xatirə kompleksi 2008-ci ildə Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvlərinin təşəbbüsü ilə Rayon İcra Hakimiyyəti tərəfindən yardılmışdır.


Sonra tədbir iştirakçıları Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuş, "Gözəl şəhər: Bakı Riqalıların gözü ilə" adlı foto sərgiyə baxmışlar.


Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 45 illiyi münasibəti ilə konfrans öz işinə başlamışdır. Konfransı giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova qeyd etmişdir ki, 14 iyul xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunmuşdur. 14 iyul 1969-cu il Ulu Öndərin Azərbaycanda siyasi olimpə yüksəldiyi gündür.


Sevinc Hüseynova xüsusi vurğulamışdır ki, 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasına, 1993-cü ilin iyunundan 2003-cü il oktyabrınadək Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmiş Ulu Öndər istər Sovetlər Birliyi, istərsə də Mustəqil Azərbaycan Respublikası dövründə Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət etmişdir.


Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründən başlayır. 1969-cu ildə Heydər Əliyevin dövlətə rəhbərliyinin ilk günlərindən respublikada böyük bir inkişafın başlandığı göz önündə idi. Ulu Öndər Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirdi. Fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq oldu. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin etdi.


Konfransda məruzə ilə çıxış edən Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Aydın Musayev qeyd etdi ki, 14 iyul 1969-cu ildə siyasi hakimiyyətə gələn Heydər Əliyevin həyata geçirdiyi məqsədyönlü tədbirlər nəticəsində qısa zaman kəsiyində Azərbaycan aqrar ölkədən gündən-günə inkişaf edən sənaye ölkəsinə çevrildi. Belə ki, 1980-ci ildə sənaye məhsulu istehsalının həcmi 1970-ci ilə nisbətən 2,9 dəfəyə qədər artdı. Maşınqayırma sənayesində istehsalın həcmi 5,3 dəfə, kimya və neft-kimya sənayesində 3 dəfədən çox, yeyinti sənayesində isə 4 dəfədən çox artmışdı. Sənayenin struktur quruluşunda maşınqayırma kompleksinin xüsusi çəkisi 1960-cı ildəki 5,1 faizdən 1982-ci ildə 16,4 faizə, kimya və neft-kimya, meşə sənayesi kompleksi müvafiq olaraq 4,1 faizdən 8,7 faizə, tikinti materialları sənaye kompleksi 2,7 faizdən 3,2 faizə, yeyinti sənayesi kompleksi 2 dəfədən çox artdı.


Sənaye ilə yanaşı ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən kənd təsərrüfatı da inkişaf etdirilirdi. Əkinçiliyin ayrı-ayrı sahələri - pambıqçılıq, taxılçılıq, üzümçülük, tütünçülük, bağçılıq, bostan və tərəvəz, eləcə də heyvandarlıq məhsullarının istehsalı 1982-ci ildə 1969-cu illə müqayisədə 2,5 dəfədən çox artmışdı. Ulu Öndər Heydər Əliyev ölkədə elmin və təhsilin yüksəlməsinə, yeni ali məktəblərin və ali məktəblərdə yeni ixtisasların açılmasına, Azərbaycan gəncinin mükəmməl bilik və ixtisas alaraq


cəmiyyətin fəal üzvünə çevrilməsinə hər cür şərait yaratdı. Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.


Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qeyd etdi ki, Heydər Əliyevin həyat tarixçəsini, dövlət başçısı kimi fəaliyyət dövrünü vərəqləsək, Azərbaycan xalqına misilsiz xidmətlərinin parlaq nümunələri gözlərimiz önündə canlanar.


Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxış edərək vurğuladı ki, Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışarkən rejimin antitürk siyasətinin mahiyyətini daha yaxından müşahidə edən xalqın böyük oğlu Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikanın həyatında ictimai-siyasi və iqtisadi dönüşün, onun müstəqilliyə hesablanan yolunun başlanğıcını qoymuşdur. Ümimmili Liderin o dövrdə həyata keçirdiyi geniş quruculuq işləri strateji xarakter daşımış, Azərbaycanın bugünkü müstəqilliyinə xidmət etmişdir.


Bakı Dövlət Universitetinin tələbəsi Sevda Kərimli, 114 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Famil Şirəliyev öz çıxışlarında qeyd etdilər ki, bu gün ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında çox düşünülmüş və məqsədyönlü gənclər siyasəti uğurla aparılır. Bu siyasətin təməlində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin tövsiyələri dayanır. Görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri çox böyük işlərə imza atırlar, cəmiyyətdə çox mühüm rol oynayırlar. Gənclərimizin sorağı Beynəlxalq konfranslardan, dövlət və hökümət qurumlarından, ölkələrarası debatlardan, intellektual bilik yaraşlarından gəlir. Bu gün möhtərəm Prezidentin rəhbərliyi ilə təhsil ocaqlarında yüksək standartlara uyğun maddi-texniki baza yaradılır, müasir tədris prossesinin tətbiq edilməsi sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Gənclərlə bağlı müxtəlif layihələr, proqramlar icra edilir. "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı qəbul edilmişdir.


Konfransın işini yekunlaşdıran rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova qeyd etdi ki, həqiqətən də Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev uzaqgörən siyasətçi olaraq Azərbaycanı özündən sonra layiqincə idarə edəcək Lideri yetişdirdi. Bu gün Azərbaycan ölkə vətəndaşlarının tam etimad bəslədiyi, özünə alternativsiz Lider olaraq gördüyü möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, özünün intibah dövrünü yaşayır.


Sevinc Hüseynova vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyevin xatirəsini anarkən Ümummilli Liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində müstəsna xidmətləri olan Heydər Əliyev Fondunu xüsusi qeyd etmək lazımdır.


Müstəqil Azərbaycan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Ulu Öndər Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində inamla inkişaf edir, yüksək zirvələr fəth edir. Qarşıdakı illərin hədəfləri hər bir Azərbaycan vətəndaşında qürur hissi yaradır.


Xalqımızın xoşbəxtliyidir ki, bütün bu işlərin arxasında Ulu Öndərin siyasi məktəbinin ən layiqli yetirməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyev dayanır.


Azərbaycan xalqı və onun yaratdığı dövlət durduqca Heydər Əliyev də yaşayacaqdır.


Sonda Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin sifarişi ilə hazırlanmış "Əyilməz iradə" filmi nümayiş etdirilmişdir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs