Əlaqə Arxiv
news Image
2014.07.22
17:42
| A A A
Çimərliklərdəki istirahət mərkəzləri və iaşə obyektlərində reydlər keçirilib

Çimərlik sahələrində, istirahət mərkəzlərində və ictimai iaşə obyektlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmadığı aşkar edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin yerli qurumlarının əməkdaşlarının iştirakı ilə Bakı və Abşeron yarımadasının Xəzər sahili ərazilərində fəaliyyət göstərən obyektlərdə və bələdiyyə mülkiyyətinə aid olan ərazilərdə növbəti mövsümi reyd keçirilib.

 

Reydlərin keçirilməsində məqsəd çimərliklərdə fəaliyyət göstərən ictimai iaşə obyektlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması, o cümlədən sahil xəttində formalaşan bərk məişət tullantılarının, çirkab suların qanunamüvafiq qaydada idarə olunması vəziyyətinə nəzarəti gücləndirmək olub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, keçirilən reydlər zamanı çimərlik sahələrində, istirahət mərkəzlərində və ictimai iaşə obyektlərində bərk və maye mənşəli məişət tullantılarının idarə olunması zamanı ekoloji qanunvericiliyin tələblərinə riayət olunmadığı aşkar edilib. Məişət tullantılarının qalaqlanması, yandırılması, çirkab suların təmizlənmədən Xəzər dənizinə axıdılması faktları ilə bağlı Bakı və Abşeron yarımadasının Xəzər sahili ərazilərində fəaliyyət göstərən kafe, restoran, istirahət mərkəzlərinin iş icraçıları barəsində ümumilikdə 50-dək protokol tərtib olunub. 


Qeyd edək ki, Xəzər sahillərində fəaliyyət göstərən obyektlərdə və ümumiyyətlə sahilyanı ərazilərdə bərk məişət tullantılarının və çirkab suların idarə olunmasına cavabdehliyi bilavasitə həmin obyektlərin sahibləri və aidiyyəti üzrə şəhər, qəsəbə və kənd bələdiyyələri, icra orqanları daşıdığı üçün yerli özünüidarəetmə orqanları və icra strukturlarına tabeliklərində olan ərazilərdə ekoloji qanunvericiliyin tələblərinə riayət olunması barədə xəbərdarlıqlar edilib.

Sizin Reklam Yeriniz