Əlaqə Arxiv
news Image
2014.07.22
18:20
| A A A
Girov qohumları aksiya keçirdi (FOTO)
Girov götürülmüş Şahbaz Quliyevin qohumları və 30-a yaxın həmkəndlisi bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bərdə ofisinin qarşısına toplaşıblar. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, əllərində Şahbazın şəklini tutmuş yaxınları 10 gündən artıqdır ki, Kəlbəcərdə girov götürülmüş azərbaycanlıların taleyi barədə məlumat almaq istədiklərini deyiblər. Şahbaz Quliyevin qohumları BQXK-dən girovlar barədə media nümayəndələrinin önündə açıqlama verməsini tələb ediblər.
Şahbaz Quliyevin həmkəndlisi Elşad Hüseynov bir cavab almayana qədər heç yerə getməyəcəklərini bəyan edib: "Azərbaycan torpağında girov tuturlar. Komitə də bizimlə görüşmür? Deyir çəkilişi yığışdır qəbul edim. Gecə də olsa oturub qapının ağzında gözləyəcəyik". 
Şahbaz Quliyevin ailəsi BQXK-ni fəaliyətsizlikdə günahlandırıb. Şahbaz Quliyevin əmisi oğlu Natiq Quliyev BQXK tərəfindən onlara heç bir rəsmi məlumat verilmədiyini söyləyib:"Bu nə dərəcədə düzgündür? Mən Qızıl Xaçın burdakı işini qiymətləndirmək də istəmirəm, onlardan razı da deyiləm. Erməninin bir əsiri burda olan kimi həmin an məlumat ötürürlər, hər şey qaydasına düşür. Amma Şahbaz haqda heç bir məlumat bizə gəlib çatmır". 
BQXK-nin Bərdə ofisindən qapının önünə toplaşanlara yalnız iki nəfərin qəbul ediləcəyi bildirilib. Hadisə yerinə Bərdə rayon polis şöbəsinin əməkdaşları və icra hakimiyyətinin nümayəndələri də gəliblər. Bərdə Rayon İcra hakimiyətinin nümayəndələri də məlumat almaq üçün içəri keçmək istəsələr də ofisə buraxılmayıblar. Nəhayət komitənin yerli ofisinin rəsmiləri ilə Şahbaz Quliyevin yaxınlarından bir neçə nəfərlə ofis daxilində görüş keçirilib. Şahbaz Quliyevin qohumu Nizami Əhmədov qeyd edib ki, BQXK-dən onlara bildiriblər ki, bu barədə heç bir məlumatları yoxdur: "Yəni ölüsü, qaldısı, yaralısı heç bir məlumat yoxdur". 
Komitənin Bərdə ofisindən Şahbaz Quliyevin yaxınlarına bildiriblər ki, hələlik girovlar BQXK-nin İrəvan ofisində qeydiyyatda deyil.
Sizin Reklam Yeriniz