Sədr 7 rayonun sakinlərini qəbul edib
"Açıq
qapı" şəraitində davam etdirilən görüşdə hər bir vətəndaşın
müraciəti diqqətlə dinlənilib, onların problemlərinin həlli ilə
bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib
Prezident İlham Əliyevin bölgələrdə vətəndaşların qəbulu ilə bağlı
tapşırıq və tövsiyələrinə uyğun olaraq, Dövlət Sosial Müdafiə
Fondunun sədri Elman Mehdiyev iyulun 30-da Tovuzda 7 rayondan olan
məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün
qəbul keçirib. DSMF sədrinin qəbuluna gələn Tovuz, Qazax, Ağstafa,
Şəmkir, Gədəbəy, Göygöl və Daşkəsən rayonlarının sakinləri əsasən
pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri,
pensiya təyinatı, o cümlədən əyani təhsil müddətinin staja daxil
edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması, müvafiq
arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə
işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi kimi
məsələlərlə bağlı müraciət ediblər. Fondun Tovuz rayon şöbəsininin
inzibati binasında keçirilən görüş zamanı həmçinin, başqa
dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına
daxil edilməsi, əmək pensiyası növünün dəyişdirilməsi və digər
məsələlərlə bağlı təklif və şikayətlər dinlənilib. Vətəndaşların
rahatlığının təmin olunması məqsədilə DSMF-nin sspf.gov.az rəsmi
internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb,
müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin
Fondun müvafiq rayon şöbələrinin inzibati binalarının qarşısından
xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana-Tovuz
rayonuna aparılıb- gətirilmələri təmin olunub. Məcburi dövlət
sosial sığorta ödəyiciləri və pensiyaçıların iştirakı ilə keçirilən
qəbul zamanı ümumilikdə 35-dək vətəndaşın müraciətlərinə baxılıb.
"Açıq qapı" şəraitində davam etdirilən görüşdə hər bir vətəndaşın
müraciəti diqqətlə dinlənilib, onların problemlərinin həlli ilə
bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib, eləcə
də Fondun səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı
vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara
müraciət edilməsi qərara alınıb. Qəbulda iştirak edən sakinlər
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq
mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən
mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı
qaldıqlarını vurğulayaraq, onlara göstərilən yüksək diqqət və
qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını ifadə
ediblər.