Əlaqə Arxiv
news Image
2014.07.31
18:18
| A A A
Bakıda yeni kompleks tikilir
"Yasamal rayonundakı 20 saylı məktəb-liseyi respublikadakı ən böyük müəllim-şagird kontingenti olan məktəblərdəndir. Lakin bu gün həmin məktəb müasir tələblərə cavab vermir. Buna görə də Təhsil Nazirliyinin müraciətinə əsasən həmin məktəb hazırda sökülür. Onun yerində müasir tələblərə cavab verən məktəb kompleksi tikiləcək". 

Bunu ANS PRESS-ə açıqlamasında Yasamal Rayon İcra Hakimiyyətinin Rayon Təsərrüfat Şöbəsinin müdiri Şahin Məmmədov deyib. O, yeni məktəbin ilkin baş planının hazırlandığını söyləyib:

"Hazırda yeni məktəb tikintisinin layihələndirmə işi başa çatmaq üzrədir. Artıq köhnə məktəbin bir hissəsi sökülüb. Bütün korpus və yardımçı binaları da daxil olmaqla mətkəb tam söküləcək. Onun həyətindəki idman zalı, istilik qazanxanası da sökülür. Tam yeni görkəmdə yeni layihə ilə orda yeni məktəb inşa olunacaq. Yeni məktəbin böyüklüyü ilə bağlı hələlik heç nə deyə bilmərik. Yeni məktəb binası həmin ərazinin görkəmini daha da gözəlləşdirəcək. Məktəb Azərbaycanın milli arxitekturasına uyğun inşa ediləcək. Bu gün həmin məktəbin komunikasiya və sinif otaqları, kabinetləri müasir dövrün tələblərinə cavab vermirdi. Ona görədə belə bir qərar qəbul olunub".

Ş. Məmməmədov söküntü işləri ilə əlaqədar olaraq şagirdlərin oradan başqa məktəblərə köçürüldüyünü də qeyd edib. O, bildirib ki, həmin məktəbin bütün müəllim və şagird kontingenti yeni tədris ilindən Yasamal rayonu ərazisində müəyyən olunmuş məktəblərdə öz təhsillərini davam etdirəcəklər. 

Şöbə müdirinin sözlərinə görə, söküntü işləri çox qısa müddətə başa çatdırılacaq, lakin tikintinin nə vaxt başa çatması barədə indi heç nə demək mümkün deyil. 

Qeyd edək ki, məktəbdə söküntü işlərinə bir neçə gün öncə start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorundan bildiriblər ki, məktəbin sökülməsi ilə əlaqədar 2830 şagird köçürüləcək.
Sizin Reklam Yeriniz