news Image
2012.07.10
07:48
| A A A
Moskva Qarabağa dair mövqeyini açıqladı
“Rusiya Qarabağ münaqişəsinin kənardan hazır reseptlərlə həllinə qarşıdır”

"Rusiya həmişə Cənubi Qafqazda əmin-amanlıq və stabilliyin bərqərar olmasına tərəfdar olub". Bu fikirləri Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Bakı Slavyan Universitetində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu kontekstdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mühüm əhəmiyyət kəsb edir: "Rusiyanın bu məsələdə mövqeyi dəyişməz qalır. Biz bu problemin kənardan hazır reseptlər əsasında həllinə qarşıyıq. Qəti şəkildə əminik ki, bu problem hər iki tərəfin maraqları təmin olunacağı təqdirdə həll edilə bilər. Əgər belə həll yolu tapılsa, Rusiya bu razılaşmanın qarantı rolunda çıxış etməyə hazırdır. Lakin münaqişənin nizamlanmasına görə məsuliyyət yenə də Azərbaycan və Ermənistan xalqlarının üzərinə düşür".

Sergey Narışkin Rusiyanın sabiq prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında on görüş keçirildiyini xatırladıb: "Bu görüşləri tam nəticəsiz adlandırmaq olmaz. Keçirilən görüşlər tərəflərin mövqelərini müəyyənləşdirməyə və Dağlıq Qarabağ münaqişəsinin həll istiqamətlərini müəyyənləşdirməyə imkan verdi".

Dövlət Dumasının sədri son zamanlar cəbhə xəttində baş verən insidentlərdən narahatlığını ifadə edib: "Biz həmişə öz mövqeyimizi qəti şəkildə ortaya qoymuşuq – güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək münaqişənin nizamlanması üçün əsas şərtlərdən biridir. Mən optimistəm və ümid edirəm ki bu münaqişə sülh yolu ilə həllini tapa bilər".

Qeyd edək ki, Sergey Narışkin Azərbaycana səfəri çərçivəsində bu gün Bakı Slavyan Universitetinin müəllim-tələbə heyəti qarşısında çıxış edib. Tədbirdə Rusiya Dövlət Dumasının sədrinə universitetin fəxri doktoru adı verilib və ona müvafiq diplom təqdim olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs