Əlaqə Arxiv
news Image
2014.09.01
17:00
| A A A
Yeni çağırışların işığında Azərbaycan reallıqlarına baxış

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin Analitik informasiya sektorunun müdiri, iqtisadiyyatüzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylinin "Yeni çağırışların işığında" adlı yeni kitabı çapdan çıxmışdır. Beynəlxalq münasibətlərdə, geosiyasətdə və iqtisadi inkişafda müasir baxışlar və yeni çağırışlar məsələsinin Azərbaycanın dövlətçilik maraqları və dünya siyasətində gedən proseslərin fonunda təqdim olunduğu kitab "Elm və təhsil" nəşriyyatında işıq üzü görmüşdür.

352 səhifəlik kitabda toplanan məqalələr, icmallar və analitik yazılar "Azərbaycan reallıqları", "Beynəlxalq münasibətlər", "Geosiyasət", "Sivilizasiya" və "İqtisadi əlaqələr" bölmələrində müvafiq mövzular üzrə qruplaşdırılaraq təqdim olunmuşdur.

"Azərbaycan reallıqları" bölməsində yer almış altı məqalədə multikulturalizm, mədəniyyətlərarası dialoq, yeni çağırışlar, yeni əməkdaşlıq formatı və s. kimi məsələlərdən geniş bəhs olunur. Qeyd edilir ki, "inkişafın Azərbaycan modeli"ni dünyaya təqdim edən ölkəmiz öz potensial imkanlarına söykənir və buna görə də Azərbaycan cəmiyyətində süni formalaşdırılmış yad modellər deyil, milli məfkurə hakimdir. Milli ideyanın hər bir dövlətin, xalqın konkret zaman və məkan şəraitində qarşıya qoyduğu hədəflərə xidmət etməli olduğunu xüsusi vurğulayan müəllif bidirir ki, Azərbaycan cəmiyyətinin bütün sahələrində bu mərhələnin öz hədəfləri və vəzifələri müəyyənləşdirilmiş olan yeni epoxa başlanmışdır. Dünyada mövcud şəraiti dəyərləndirib elmi təhlillərlə paralellər və müqayisələr aparan müəllif beynəlxalq təcrübədən yardıcı şəkildə yararlanmağın zəruriliyinə nəzər yetirir,"Azərbaycan reallıqları" bölməsində "Azərbaycan-2020: gələcəyə baxış" inkişaf konsepsiyasının böyük tarixi əhəmiyyətinə də işıq salır.

Beynəlxalq münasibətlər mövzusunda daha geniş söhbət açan Ərəstü Həbibbəyli Böyük Orta Şərq layihəsi, beynəlxalq siyasətin mühüm faktoru hesab olunan Rokfeller ailəsi, beynəlxalq münasibətlər sistemində arxaizm, yeni geoiqtisadi təsir aləti kimi xarici yardım, dünya media monopoliyası haqqında oxuculara dəyərli və sistemli biliklər verir. Xüsusilə, kitabda Azərbaycan üçün böyük maraq kəsb edən, müasir hadisələrin fonunda Yaxın Şərqdə ermənilərin mövqeyi, ABŞ-ın Cənubi Qafqazda prioritetləri, həmçinin ermənilərin Qafqazda dominantlıq xülyası kimi məsələlərin elmi-siyasi şərhinə xüsusi nəzər yetirilir.

Əsərin "Geosiyasət" bölməsində diplomatiyanın "Məbəd düyünü", islamofobiya, Soros fondu, su diplomatiyası və sairə barədə real faktlara əsaslanan, geniş oxucu auditoriyası üçün böyük maraq kəsb edən təhlil və icmal yazılarına da yer ayrılmışdır. Təqdim edilən məqalələr müasir geosiyasət haqqında sistemli bir elmi təsəvvür yarada bilir.

Ərəstü Həbibbəyli "Türk sivilizasiyasının vətəni – Böyük çöl", "Sivilizasiya anlayışı: dəyərlər və meyarlar", "Altay nəzəriyyəsinin gizlinləri", "Sivilizasiyaların kəsişməsində Afrika" kimi məqalələrdə isə ulu türk dünyasına, islam arealına tarixi, iqtisadi, beynəlxalq münasibətlər baxımından ekskurs edir. Müəllif türk sivilizasiyası və onun landşaftla əlaqəsini tədqiq edərək bu sivilizasiyanın müstəqil bir mədəni tip olduğunu və öz təbii-coğrafi landşaftı daxilində yaşaya bilməsi konsepsiyasını müvəffəqiyyətlə irəli sürür. Kitabın "Sivilizasiya" bölməsinə daxil edilmiş yeni məqalələr Ərəstü Həbibbəylinin bundan əvvəl Azərbaycanda və Türkiyədə çap olunmuş "Sivilizasiyaların qovşağında Türk dünyası" adlı monoqrafiyasında qaldırılmış elmi müddəaların daha da genişləndirilməsinə xidmət edir.

Əsərin "İqtisadi əlaqələr" bölməsində Azərbaycan-Britaniya əlaqələrinin fonunda Azərbaycanda neft siyasətinin həyata keçirilməsi sahəsində əldə edilmiş mühüm nəticələrdən bəhs olunur. Ərəstü Həbibbəyli həmçinin bu bölmədə qlobal iqtisadi böhranın dünyada doğurduğu gərginliklərin mahiyyətini açmağa çalışmış, Azərbaycan təcrübəsinin özünəməxsusluğunu və üstünlüklərini diqqət mərkəzinə çəkmişdir.

Dərin elmi mülahizələrə, əhatəli analitik təhlillərə geniş yer verilən kitabda Ərəstü Həbibbəylinin nəzərə çarpdırılanyeni dünya çığırışlarına real və dərin nəzəri-siyasiyanaşma tərzi müşahidə olunur. Kitabda dünyanınmüxtəlif coğrafi məkanlarda baş verən qlobal proseslərədəyərli elmi baxışlar çərçivəsində nüfuz olunur ki, bunun da nəticəsində elmi və siyasi cəhətdən əsaslandırılmış sanballı analitik düşüncələrvə obyektiv nəticələr meydana qoyulur.

"Yeni çağırışların işığında" əsəri beynəlxalq münasibətlər üzrə mütəxəssislər, politoloqlar, tarixçilər və iqtisadçılar, media işçiləri üçün qiymətli mənbə olduğu kimi, geniş oxucu auditoriyasının da böyük maraqla qarşılayacağı cəlbedici nəşrdir.

Sizin Reklam Yeriniz