Əlaqə Arxiv
news Image
2014.09.03
19:50
| A A A
BQXK sözçüsü: “Humanitar hüquq meyitlərin qeyd-şərtsiz qaytarılmasını nəzərdə tutur”

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşündə Azərbaycanda saxlanan 5 nəfərlik erməni ailəsini və bir erməninin meyitini erməni əsirliyində olan azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərovla, o cümlədən Kəlbəcərdə öldürülərək Dağlıq Qarabağda dəfn edilmiş Həsən Həsənovun meyiti ilə dəyişdirməyi təklif edib.

Əli Həsənov mediaya bildirib ki, Ermənistan ailənin və meyitin müqabilində yalnız Həsən Həsənovun meyitini qaytarmağa razılaşıb. Azərbaycan bununla razılaşmayaraq girovların da azadlığa buraxılmasını istəyib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova "Media forum" saytına deyib ki, humanitar hüquq meyitlərin dəyişdirilməsini yox, qeyd-şərtsiz qaytarılmasını nəzərdə tutur: "Tərəflər özləri meyitlərin qaytarılmasına razılaşmalıdır. Beynəlxalq Qızıl Xaç Komitəsi buna vasitəçi olaraq həmin əməliyyatın həyata keçirilməsində iştirak etməyə hazırdır".

İşğalçı Dağlıq Qarabağ rejimi iyul ayında azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüb. Digər azərbaycanlı Həsən Həsənov öldürülüb.

İşğalçılar iddia edir ki, hər üç şəxs Kəlbəcərə iyunun 29-da Azərbaycan kəşfiyyatının tapşırığı ilə keçib.

Dilqəm Əsgərov və Şahbaz Quliyevə 17 yaşlı ermənini öldürmək ittihamı da irəli sürülüb.

İddia olunur ki, Həsən Həsənov iyulun 11-i Kəlbəcərdə bir ermənini öldürüb, birini yaralayıb və özü də həlak olub.

Həsən Həsənov Dağlıq Qarabağda dəfn edilib.

Avqustun 7-də Tovuzda Ermənistan vətəndaşı, 1989-ci il təvəllüdlü Karen Petrosyan ələ keçib. Avqustun 8-də Karen Petrosyan naməlum səbəbdən dünyasını dəyişib.

2010-cu ildə Ermənistan vətəndaşı, 1958-ci il təvəllüdlü Yeğişe Gevorkyan həyat yoldaşı və üç azyaşlı uşağı ilə öz maşınında sərhəd çəpərini qıraraq Naxçıvana keçib. O zamandan onlar Azərbaycanda saxlanır.

Sizin Reklam Yeriniz