news Image
2014.09.04
13:30
| A A A
Mədət Quliyevin İdarəsindən jurnalistlərə müraciət

"Son vaxtlar bir sıra kütləvi informasiya vasitələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri barədə təsdiqini tapmamış və yoxlanılmamış məlumatlar dərc olunmaqdadır. Bu cür əsassız məlumatların rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların bəzi yaxınları tərəfindən ictimai fikrin çaşdırılması məqsədilə yayıldığı dəfələrlə bəyan edilib". Movqe.az xəbər verir ki, bu bəyənatı Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsi yayıb. Məlumatda bildirilir ki, subyektiv hisslərdən irəli gələn bu cür məlumatların yoxlanılmadan və aidiyyəti orqanlarla dəqiqləşdirilmədən yayılması ictimaiyyətdə təşviş və həyacan yaratmağa yönəlib. Penitensiar xidmətin tabeliyində olan müəssisələrdə saxlanılan bütün şəxslər AR Cəza İcra Məcəlləsində, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" AR Qanununda nəzərdə tutulan hüquqlardan tam həcmdə istifadə edirlər. Belə ki, təqsirləndirilən və azadlıqdan məhrum edilmiş şəxslərin cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək, ictimai faydalı əməklə, bədən tərbiyəsi və idmanla məşğul olmaq, istirahət etmək, tibbi, hüquqi və psixoloji yardımlar almaq, dini ayinlərin icra edilməsində iştirak etmək, təhsil almaq və peşə hazırlığı keçmək kimi əsas hüquqları cəzanı icra edən orqan tərəfindən tam təmin olunub. Qanunda nəzərdə tutulmuş həmin hüquqların həyata keçirilməsi üçün bütün müəssisələrdə müvafiq şərait yaradılıb. Ədliyyə Nazirliyinin Penitensiar xidməti bir daha kütləvi informasiya vasitələrinə müraciət edərək bildirir ki, ictimaiyyətdə təşviş yaratmağa yönəlmiş bu cür qərəzli məlumatların yoxlanılmadan və dəqiqləşdirilmədən dərc edilməsi yolverilməzdir, jurnalist etikasına və peşəkarlığa ziddir.Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov KİV nümayəndələrinin xidməti sahə ilə bağlı istənilən sualını şöbənin elektron ünvanı, (012) 598-46-85 şəhər və (077) 235-37-37, (050) 280-80-18 mobil telefon nömrələri vasitəsilə cavablandırmağa hər zaman hazırdır.