news Image
2014.09.05
15:07
| A A A
“Azərbaycanın informasiya təhlükəsizliyi məsələləri media müstəvisində” mövzusunda dəyirmi masa keçirilib

Bu gün Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə "Azərbaycanın informasiya təhlükəsizliyi məsələləri media müstəvisində" mövzusunda dəyirmi masa keçirilib. Movqe.az-ın APA-ya istinadən məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin media nümayəndələri ilə görüşü barədə danışıb. MŞ sədri bildirib ki, görüşdən bir həftəyə yaxın vaxt keçib və ümummilli məsələlərlə bağlı səslənən fikirlərin KİV-də hansı dərəcədə nəzərə alınması əhatəli müzakirə olunub: "Biz bu tədbirdə daha çox bundan sonra neyləməli olduğumuzu müzakirə edib, media rəhbərlərinin konkret təkliflərini dinləmək istəyirik. Ümummilli məsələlərdə kütləvi informasiya vasitələri eyni mövqedən çıxış etməlidir. Təəssüf ki, cəbhə bölgəsindən gələn xəbərlərdə kifayət qədər anlaşılmazlıq, dağınıqlıq vardı. Yanlış xəbərlər ictimaiyyət arasında çaşqınlıq və ruh düşkünlüyü yaradır".

 

Ə.Amaşov atəşkəsin pozulması, hərbi əməliyyatlar haqqında xəbərləri qeyri-peşəkar şəkildə yayan saytların adlarını çəkib: "Əsasən bu xəbərləri "azinform", "gündəm-xəbər", "sfera.az", "vətəninfo.az", "ölkə.az" və s. saytlar tirajladılar".

 

"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov da bu il avqustun əvvəlində ermənilərin cəbhədə törətdikləri təxribat zamanı medianın peşəkarlıq probleminin üzə çıxdığını bildirib. O qeyd edib ki, bu prosesdə qeyri-peşəkarlarla yanaşı məhz qəsdən və planlı şəkildə təxribat xarakterli informasiyalar yayanlar da oldu: "Bu, qəbuledilməzdir".  

 

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında bildirib ki, elektron kütləvi informasiya vasitələrinin qeydiyyat məsələsinə yenidən baxılmalıdır: "Məsələ ondadır ki, informasiya agentlikləri, qəzetlər qeydiyyatdan keçirlər, amma saytlarda vəziyyət fərqlidir. Onlar yalnız domen alıb fəaliyyətə başlayırlar və məlum olur ki, həmin saytlar bir çox hallarda xaricdən idarə olunurlar. Təklif edirəm ki, saytların qeydiyyat məsələsinə yenidən və ciddi şəkildə baxılsın. Bəzi jurnalistlər peşəkardırlar, amma ümummilli məsələlərdə ziyan gətirən xəbərləri qəsdən yayırlar. Onlar Azərbaycan xalqının düşmənidir".

 

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də çıxışında yalan xəbər yazan resurslarla bağlı həm Mətbuat Şurasının, həm də qanunvericiliyin tələblərinə uyğun sərt addım atılmasını təklif edib.

 

Millət vəkili, Azərbaycan Mətbuat Şurasının üzvü Musa Qasımlı isə deyib ki, jurnalistlər cəmiyyətin onlara inandığını, yazdıqlarının tarixdə qaldığını, bu yazılarla həm də saxta tarix formalaşdırdıqlarını unutmamalıdırlar.

 

O deyib ki, cəbhə xəttində 11 əsgərin öldüyünü yazıb, adları açıqlamayanlar həm də orda xidmət edən minlərlə əsgərin valideyninin intizarda qoyurlar: "Mətbuatın azad olması hələ hər şeyi, xüsusilə yalanı yazması demək deyil. Bu problemlərin həlli üçün jurnalistlər məsuliyyətli olmalı və ixtisaslaşmalıdırlar".

 

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev də mediadakı problemlərdən danışıb. O qeyd edib ki, jurnalistlərin ixtisaslaşmasına ehtiyac var. B.Quliyev bu cür tədbirlərin, KİV-in peşəkarlaşması istiqamətindəki işlərin kampaniya xarakteri daşımamasına çağırıb, daim yeni təklifləri dinləməyə ehtiyac olduğunu vurğulayıb.

 

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid də sosial şəbəkələrin və medianın ermənilərin cəbhə xəttindəki təxribatı zamanı olan fəaliyyətinə nəzərə salıb. Baş redaktor belə məqamlarda dövlət strukturlarının mətbuat xidmətlərinin də KİV-lə onlayn rejimdə işləməsinin vacibliyini vurğulayıb.

 

"APA Holding"in rəhbəri Vüsalə Mahirqızı isə ermənilərin cəbhə xəttində törətdiyi təxribat zamanı KİV-lərin iş prinsipindəki qüsurları iki yerə ayırıb: "Birincilər doğru, lakin rəsmi strukturlarla razılaşmadan çatdırılmasına ehtiyac olmayan informasiyanı yayanlar idi. İkincilər isə ümumiyyətlə heç bir mənbəyi, əsası olmayan dezinformasiyaları tirajlayanlar idi. Çox təəssüf ki, həmin günlərdə xaotik informasiya yarışı baş verdi".

 

V.Mahirqızı "Kütləvi İnformasiya Vasitələri haqqında" qanuna dəyişikliyin edilməsi ilə bağlı təklif səsləndirib: "Hesab edirəm ki, qanunda saytlarla agentliklərin qeydiyyatı bir-birindən ayrılmalıdır. Agentliklərin yaradılması haqqında şərtlər sərtləşdirilməlidir. Bundan sonra isə "KİV haqqında" qanunda istinadın məsuliyyətdən azad edildiyi hallarda dəyişiklik edilməlidir. İstənilən KİV əgər qeydiyyatdan agentlik kimi keçmiş media orqanına istinad edəcəksə, bu, onu məsuliyyətdən azad edə bilər. Çünki son proseslər zamanı biz gördük ki, 5-10 gün əvvəl yaranmış saytlar dezinformasiya yaydılar, tirajlı, cəmiyyətdə tanınan saytlar da onlara istinadla dezinformasiyaları tirajladılar. Əslində xaos burdan başladı. Ona görə də sayt onunla qeydiyyat sistemində bərabərhüquqlu olan digər saytdan xəbər götürüb, istinad etsə belə bu onu qanun qarşısında məsuliyyətdən azad etməməlidir".     

 

V.Mahirqızı əlavə edib ki, ixtisaslı və peşəkar hərbi jurnalist kateqoriyasının formalaşmasının vaxtı çatıb. "APA Holding"in rəhbərinin təkliflərindən biri də gələcəkdə rəsmi qurumların, ictimai təşkilatların, tanınmış şəxslərin onlar haqqında yalan xəbər yayan resursları "bəzi KİV" adı ilə ümumiləşdirməməsi ilə bağlı olub: "Əgər dezinformasiya yayan saytların konkret adları çəkilərsə, bu, yaxşı bir təsir vasitəsi olar. Həm cəmiyyət onların doğru informasiya vermədiyini görər, həm də reklam verənlər. Heç bir sahibkar məhsulunun insanların inanmadığı, ciddi qəbul etmədiyi resursda yerləşdirmək istəməz".

 

V.Mahirqızı həmçinin müvafiq qurumların mətbuat xidmətlərinin də bu məsələdə adekvat reaksiya vermələrinin vacibliyini vurğulayıb: "Bu tədbirlər və müzakirələr həm də müvafiq qurumların mətbuat xidmətlərinin KİV-lə online rejimdə, daha operativ və sıx işləməsinin vacibliyini şərtləndirir. Hörmətli Ramiz Mehdiyevin də qeyd etdiyi kimi həmin qurumların da media ilə işləməsində bəzi boşluqlar müşahidə olundu".

 

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da mətbuat xidmətlərinin iş rejiminin operativləşməsinin vacibliyini vurğulayıb. R.Arifoğlu müşavirədə media qurumları ilə bağlı söylənilən iradların böyük çoxluğunu qəbul etdiyini və haqlı hesab etdiyini də bildirib: "Təklifin ondan ibarətdir ki, Mətbuat Şurasında təcrübəli redaktorlardan ibarət operativ qərargah yaradılsın. Xüsusilə hərbi fövqəladə vəziyyətlər olanda həmin qərargah dərhal işə başlasın və medianın normal, dəqiq və operativ xəbərlə təmin olunmasına yardım göstərsin".

 

Mətbuat Şurasının üzvü Azər Həsrət isə dünya təcrübəsindən, hərbi vəziyyətlərdə dünyanın başqa ölkələrindəki media qurumlarının iş prinsipindən misallar gətirib.

 

"Gündəlik Teleqraf" qəzetinin baş redaktoru Aynur Camalqızı da  səslənən təklifləri bölüşdüyünü deyib və baş redaktorları təkliflərini yazılı şəkildə Mətbuat Şurasına təqdim etməyə çağırıb. O hesab edib ki, məsələnin qanunvericilik tərəfi də həllini tapmalı, saytların və agentliklərin qeydiyyatı məsələsinə yenidən baxılmalıdır. A.Camalqızı deyib ki, Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevinin redaktorlarla son görüşündən sonra rəhbərlik etdiyi media orqanlarındakı saytlarda sayğaclar və yazıların oxunma  sayları yığışdırılıb: "Artıq cəbhə ilə bağlı qeyri-rəsmi xəbərlərdən imtina etmişik, yalnız Müdafiə Nazirliyinin verdiyi rəsmi xəbərləri yayacağıq". A.Camalqızı da hesab edib ki, bu məsələdə yalnız medianın ittiham olunması doğru deyil: "Müvafiq nazirliklərin mətbuat xidmətləri də məsuliyyəti dərk etməlidirlər. Müdafə Nazirliyi lazımsız və zərərli hesab edilən xəbərlər barədə mətbuata məlumat verməlidir. Çünki həmin günlərdə buna ehtiyacımız oldu".