Əlaqə Arxiv
news Image
2014.09.06
07:06
| A A A
Plastik bağlamalardan istifadəyə qadağa qoyulacaq?!
Eyyub Hüseynov: "Təklif edirik ki, plastik bağlamalar əvəzinə, ekoloji baxımdan təmiz xüsusi torbalar hazırlansın" Adil Qeybulla: "Ölkə daxilində şüşə və digər qab formalarından, parçadan hazırlanan bağlama və paketlərdən istifadə etmək olar"

ABŞ-ın Kaliforniya ştatında qeyri-adi qanun qəbul edilib. Sakramento şəhərində mağazalarda plastik bağlamaların istifadəsinə qadağa qoyulub. Bu radikal addımın tezliklə bütün ştatda tətbiq olunucağı, hətta federal səviyyəli islahata çevriləcəyi istisna edilmir. Alış-veriş edən müştərilər alternativ olaraq evlərindən özləri ilə parçadan olan səbətlər və ya bağlamalar gətirməli olacaqlar.

Əks halda mağazanın təklif etdiyi bağlamalara görə 10 dollar ödəməli olacaqlar. Azərbaycanda da plastik bağlama və qablardan istifadə geniş yayılıb. Plastik qab və bağlamaların insan orqanizmi üçün təhlükəli olduğu dəfələrlə qeyd edilsə də, alıcı və satıcılar hələ də alış-veriş zamanı plastikdən hazırlanan bu materiallara üstünlük verməkdə davam edirlər. Amma görünən odur ki, dünya ölkələri tədricən belə ziyanlı bağlama və qablardan imtina etməyə başlayıb.

Maraqlıdır, Azərbaycanda da anoloji təcrübənin tətbiqi mümkündürmü?

Ekspert Eyyub Hüseynov sözügedən təcrübənin ölkəmizdə də tətbiq olunmasını vacib bildi: "İki ildir təklif edirik ki, ekoloji baxımdan təmiz xüsusi torbalar hazırlanmalıdır. Hansı ki, belə torbaların üzrində Vergilər Nazirliyinin qaynar xəttinin əlaqə telefonu da qeyd olunmalıdır. Bilirsiniz ki, nağdsiz ödənişlərin genişləndirilməsi indi xüsusi diqqət mərkəzindədir. Yaxşı olardı ki, plastik kartlar vasitəsi ilə ödəniş həyata keçirən insanlara bu torbalar pulsuz paylansın. Bu torbalarda Azad İstehlakçılar Birliyinin də xətti olsun və orada insanların hüququnu qorumaqla bağlı mesaj da verilsin. Bu yolla əhalini stimullaşdırmaqla, onları plastik torbalardan imtina etməyə sövq edə bilərik. Bu cür təşəbbüslə Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası qarşısında da məsələ qaldırmışam. Birmənalı şəkildə Azərbaycanda plastik torbalarda mal satışına son qoyulmalıdır. Azərbaycandan başqa MDB ölkələrinin hamısında plastik torbalar pulla satılır. Ölkəmizdə isə havayı verilir. Bu tendensiyanın qəti əleyhinəyəm. Plastik torbalar havayı deyil, yüksək qiymətə verilməlidir ki, əhali məcbur olub, onlardan nəhayət imtina etməyi bacarsın. Belə olarsa, zərərli tullantıların ətraf mühitə təsiri də azalar. Bu istiqamətdə iş aparacağıq. İqtisadiyyat və Sənaye Nazirliyi qablaşdırmağa dair ayrıca komissiya yaradıb. Azad İstehlakçılar Birliyinin sədri olaraq orada təmsil olunuram. Lakin təəssüf ki, bu günə qədər komissiyanın iclasına çağırılmamışam, iclasın keçirilib- keçirilmədiyini də bilmirəm. Orada bu məsələ istiqamətində ciddi iş aparacağam ki, vəziyyət dəyişsin və marketlərdə əhaliyə pulsuz paylanan plastik paketlər yığışdırılsın".

Tibb elmləri doktoru Adil Qeybulla Azərbaycanda da plastik bağlama və paketlərdən imtina olunmasını zəruri saydı: "Plastik qab, bağlamalarla bağlı problem artıq bütün bəşəriyyəti, tibbi strukturları, alimləri narahat etməyə başlayıb. Onu da deyim ki, bu istiqamətdə xeyli narahatedici nəticələr əldə olunub. Plastik qab və bağlamalar təkrar istifadə olunduqda, uzun müddət qaldıqda, onlardan bioksin adlanan toksit maddə ifraz olunur. Onlar bu yolla saxlanılan qida, mayeyə toksik maddə ifraz edə bilirlər. Belədə də bəzən həmin məqamla bağlı olaraq zəhərlənmə halları da baş verir. Plastik formalı bağlama və qabların ləğvi, utilizasiyası da ciddi problem daşıyır. Bu gün Sakit okeanı plastik qablardan təmizləmək üçün 10-20 il zaman lazım gəldiyi bildirilir. Bu da okeanın hədsiz dərəcədə çirkləndiyini göstərir. Bütün bunlara görə problemin hansısa alternativi tapılmalıdır. Vəziyyət Azərbaycanda da plastik qab və bağlamalardan imtina etməyi zəruri edir. Azərbaycan kiçik ölkədir, əhalisi azdır. Ona görə də ekoloji problem yaradacaq və narahatçılıq ifadə olunan bu kimi plastik qab və bağlamalardan mümkün qədər uzaq olmalıyıq. Ölkə daxili praktikada şüşə və digər qab formalarından, parçadan hazırlanan bağlama və paketlərdən istifadə etmək olar".

Sizin Reklam Yeriniz